Şəki Məhkəmə Kompleksinin təməli qoyulub
01 dekabr 2012 10:47 (UTC +04:00)

Şəki Məhkəmə Kompleksinin təməli qoyulub

Şəki şəhərində yeni məhkəmə kompleksinin təməlqoyma mərasimi keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə ədliyyə naziri Fikrət Məmmədov da iştirak edib. İnşa olunacaq Şəki Məhkəmə Kompleksi 4 məhkəmədən: regional apellyasiya, ağır cinayətlər, inzibati-iqtisadi və rayon məhkəmələrindən ibarət olan ilk məhkəmə kompleksidir.

Kompleks bölgənin 11 rayonunu əhatə edəcək. Tədbirdə F. Məmmədov çıxış edərək məhkəmə-hüquq islahatları barədə danışıb, müasir məhkəmə infrastrukturunun yaradılmasının bu islahatların tərkib hissəsi olduğunu, əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təqdir edildiyini vurğulayıb, regionlarda məhkəmələr üçün yeni binaların istifadəyə verilməsinin vətəndaşların hüquqlarının daha etibarlı təmin olunmasına xidmət etdiyini qeyd edib.

Elə həmin gün Şəki regional ədliyyə şöbəsində nazir tərəfindən vətəndaşların qəbulu keçirilib, qaldırılan məsələlərlə bağlı zəruri göstərişlər verilib.

Səfər zamanı inşası başa çatmaqda olan müasir Şəki penitensiar kompleksinə baş çəkilərək tikintinin gedişi ilə tanış olunub, müvafiq tapşırıqlar verilib.
# 1708

Oxşar yazılar