BDU-da professor Vladimir Tahirovun 80 illiyi qeyd olunub
29 noyabr 2012 15:50 (UTC +04:00)

BDU-da professor Vladimir Tahirovun 80 illiyi qeyd olunub

Bu gün Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmlər doktoru, professor Vladimir Tahirovun 80 illik yubiley mərasimi keçirilib. Lent.az-ın universitetin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yubiley mərasimini giriş sözü ilə açan rektor Abel Məhərrəmov deyib ki, professor Vladimir Tahirov görkəmli alim olmaqla yanaşı, həm də gözəl pedaqoqdur: “Uzun illər ərzində o, tələbələrə «Yarımkeçiricilər fizikası» və «Ümumi fizika» kursu üzrə yüksək səviyyəli mühazirələr oxuyur, geniş miqyaslı tədris-metodiki işlər aparır. O, «Ümumi fizika» kursuna və yarımkeçiricilər fizikasına aid 10 dərslik, 6 monoqrafiya və 35-dən artıq patentin müəllifidir. Bu illər ərzində o, sanballı xarici jurnallarda 400-dən artıq elmi məqalə çap etdirib, bir sıra beynəlxalq konfranslarda məruzə ilə çıxış edib və Azərbaycan elminin təbliği sahəsində gərgin əmək sərf edib. Apardığı elmi, pedaqoji və ictimai fəaliyyəti daima ictimaiyyətin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib”.

Rektor onu da deyib ki, V.İ.Tahirov görkəmli elmi nailiyyətlərinə görə 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib və 2012-ci ildə Avropa Mətbuat və Yayım evi tərəfindən qızıl medalla mükafatlandırılıb.

Sonra yubilyarın elmi, pedaqoji fəaliyyəti haqda fizika fakültəsinin dekanı, professor Məmmədəli Ramazanov məruzə edib. Daha sonra AMEA-nın həqiqi üzvü Maqsud Əliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin rəhbəri Adilə Abbasova, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə, professor Vaqif Salmanov, Fizika-riyaziyyat elmləri namizədi Zöhrab Ağamalıyev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsinin dekanı, professor Mirzəli Murquzov çıxış edərək yubilyarın ünvanına təbriklərini səsləndiriblər.

Tədbirin sonunda yubilyar hər kəsə səmimi təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618

Oxşar yazılar