“Xeyriyyəçilik – Saflığa aparan yol”
19 noyabr 2012 10:46 (UTC +04:00)

“Xeyriyyəçilik – Saflığa aparan yol”

Noyabrın 18-də “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Gəncliyə Yardım Fondunun akt zalında “Xeyriyyəçilik – saflığa aparan yol” adlı mövzusunda tədbir keçirib.

Lent.az-ın verdiyi məlumata görə, “Yeni Üfüq”ün sədr müavini Xanım Qasımova deyib ki, tədbirin əsas məqsədi ölkəmizdə milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda xeyriyyəçilik ənənələrinin cəmiyyətə aşılanması və maarifləndirilməsindən ibarətdir.

“Yeni Üfüq” İctimai Birliyinin sədri Sevinc Əzimbəyli Azərbaycanda xeyriyyəçilik ənənələrinin tarixindən danışıb. Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bildirib ki, işi ilə əlaqədar bir çox müsəlman ölkələrində olub, hələ də müsəlman aləminin “Quran”-ın batiniyyətini anlamadığının şahidi olduqda üzülüb. Onun sözlərinə görə, qadınların xeyriyyəçilikdə missiyası böyükdür. Millət vəkili öz çıxışında Azərbaycanda qızların erkən nikhlanının əngəllənməsi və qızların təhsilə cəlb olunması yolunda “Yeni Üfüq”-ün maarifləndirmə işi aparmasının vacib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, bu gün milli dəyərlərlə mənəvi dəyər o qədər çulğaşıb ki, bunların bir-birindən ayrı təsəvvür etmək olmur. “Yeni Üfüq” bu iki məfhumu birini digərindən ayırmadan təbliğ edir və fəaliyyət göstərir. O, Dövlət Komitəsinin gələcəkdə “Yeni Üfüq”-lə birgə layihələr həyata keçirəcəyini söyləyib. Almaniyada yaşayan yazıçı Orxan Aras isə öz çıxışında tədbirdə qadınların xeyriyyəçilik çağırışı etməsindən qürur duyduğunu dilə gətirib. Türkiyə səfirliyinin mədəniyyət müşaviri Seyid Əhməd Arslan Osmanlı tarixində vəqflərin xeyriyyəçilik tarixindən söz açıb.

Tədbirdə Sevinc Əzimbəylinin təşkilatçılığı ilə Afrikada susuzluqdan əziyyət çəkən müsəlmanlara Azərbaycan qadınlarından hədiyyə olaraq inşa etmiş olduğu su quyusunun videoroliki təqdim edilib. Tədbirdə Nizami rayonu 220 nömrəli lisey məktəbin şagirdi Nərmin Rəhimlinin və Anadolu liseyinin şagirdi Nəzrin Məmmədlinin xeyriyyəçiliklə bağlı duyğulu şeirləri alqışlarla qarşılanıb.

Tədbirin sonunda Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli də çıxış edib, “Yeni Üfüq”-ə gələcək fəaliyyətində uğurlar diləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2039

Oxşar yazılar