“...Elə hoqqa çıxararam, ölkə bir-birinə dəyər” - REPORTAJ
17 noyabr 2012 09:00 (UTC +04:00)

“...Elə hoqqa çıxararam, ölkə bir-birinə dəyər” - REPORTAJ

1992-ci ilin bu günü idi. Noyabrın 17-i. Evdən çıxıb “Şamaxinka”ya çatanda ənənəvi olaraq tanış köşkə, tanış satıcıya - yeri gəlmişkən, Allah ömür versin həm köşkə, həm də satıcıya, ikisi də sağ-salamatdı - yaxınlaşıb adəti üzrə yenə qəzetləri saf-çürük etməyə başladım. Satıcı, əlini uzadıb qəzetlərin arasından birini mənə uzatdı: “Al, təzə qəzetdi”.

O dövrün ən çox oxunan qəzeti “Aydınlığ”ı alıb gedəcəkdim. Qəzetin adı, hə, məhz adı diqqətimi çox çox çəkdi: “525-ci qəzet”. Alıb da, gödəkçəmin cibinə qoyub bir də universitetdə çıxardım. Qəzetin adından sonra, diqqətimi cəlb edən təsisçinin, Rəşad Məcidov adlı bir nəfərin müraciəti oldu. Təsisçi, - sən demə onun özü də gənc imiş - gəncləri bu qəzetdə işləməyə çağırır və əminliklə deyirdi ki, vaxt gələcək “525-ci qəzet” Azərbaycanda birinci qəzet olacaq.

Və…

Və “525-ci qəzet” zaman-zaman həqiqətən də ölkənin birinci qəzeti olmağı bacardı...

***

20 il əvvəl, elə noyabrın bu günündə ilk sayı çıxmış “525”in indi 20 yaşı tamam olur.

Bu 20 ildə “525-ci qəzet”in 4 səhifəylə də çıxan vaxtı oldu, 96 səhifəylə də - hə təəccüblənməyin, Rəşad Məcid bir dəfə acığa qəzeti bu boyda buraxıb, bu barədə bir azdan danışacağıq - həftəlik də, gündəlik də nəşr olundu, pulsuz vaxtı da oldu, pullu vaxtı da, arxasız da oldu, arxalı da, sayılan siyasi qəzet də oldu, oxunan ədəbiyyat qəzeti də – bütün hallarda gənclərin qəzeti oldu, gənclik romantikalı qəzet oldu. Elə bu gün də elədir.

***

Bu qəzetin heç vaxt öz redaksiyası olmayıb. 20 il əvvəl bəndəniz bu qəzetdə ilk dəfə jurnalist deyib işə başlayanda da, elə indi, 20 ildən sonra yenə bir jurnalist kimi o qəzetin redaksiyasına gedib, qəzetin dördüncü redaktoru - yaddan çıxmamış deyim ki, elə buna da aydınlıq gətirəcəyik - Rəşad Məcidlə görüşə gedəndə də.

Bəlkə də Azərbaycan mətbuatında tək-tük adam bilir ki, “525”in ilk redaksiyası… “Azərbaycan” qəzetinin baş redaktorunun istirahət otağı olub. Mehman Cavadoğlu, “Azərbaycan” qəzetinin o vaxtkı baş redaktoru Mehman müəllim - 525-ə gəlib-gedən, bu qəzetin peykində fırlanan hamı ona müəllim müraciət edir, hətta Rəşad Məcid belə - öz istirahət otağını təzə çıxmağa başlayan qəzetə vermişdi. Və biz tam sərbəst, heç bir komplekssiz, qəzetin ilk redaktoru, Yusif Rzayevin (bu bir!) yarı zarafat, yarı əsəbi, əhval-ruhiyyəsi altında həmin otaqda işləyirdik: hətta siqaret çəkib, spirtli-spirtsiz müxtəlif içkiləri istemal edə-edə. Cavadoğlu da sanki “Azərbaycan”ın balaca balası, ərköyün övladı kimi yanaşırdı “525”ə.

Bir müddət sonra “525” “Müxalifət” qəzetinin redaksiyasına köçdü. Rəhmətlik Ağamalı Sadiq iki balaca otaq vermişdi qəzetə. Başqa bir rəhmətlik Süleyman Osmanoğlu isə qəzeti “Müxalifət”in redaksiyasından çıxardı. Onda bəndəniz, qəzetin redaktoru, (bu iki!) ha müqavimət göstərsə də, rəhmətlik açıqlamaq istəmədiyimiz səbəbdən inadla “daha sizə dözə bilmirəm, xahiş edirəm yığışın, gedin” deyə soyuq bir gündə bizi ordan çıxardı.

Yaşar Əliyevin dönəmində (bu üç!) qəzet “Elm və həyat” qəzetinə sığındı. Nəhayət “hakimiyyətə” gələn Rəşad Məcid (bu da dörd!) “525”i bir qədər ucqara, Montin bazarının yanına, Tərcümə Mərkəzinin binasına apararaq stabil bir ofis (?) yeri buldu.

***

…Rəşad Məcid özünün də dediyi kimi gününün az vaxtını keçirir redaksiyada. 20 il əvvəl, 20 il sonra, fərq etməz, qəzetin yükü yenə Yusifin çiynindədir. Əvəzedilməz Yusif Rzayevin. Nəsə yorğun görünürdü Rəşad Məcid.

- Nə danışacağıq e. Özün hər şeyi bilirsən. 20 illikdi, gəlib sual verirlər, qəzet necə yarandı, adını necə qoyduz, nə bilim nə. Hər il eyni suallar…

- Hə, 20 il keçdi. Yadımdadı, biz qəzetin 20-ci sayını əməlli-başlı qeyd etmişdik. 525-ci sayını ümumiyyətlə təmtəraqla...

- (Gülür) Bayaq Vahidin yazısını (Vahid Qazi) oxuyanda da razılaşdım. Əslində doğrudan da romantik bir dövr idi. Qəzet çıxarmaq bəlkə də neçənci yerdə dayanırdı mənimçün. Vahid Azərbaycan, Təbriz ideyası, Qarabağın qısa bir zamanda ermənilərdən azad ediləcəyi fikirləri ilə yaşayırdıq. Mən qəzetin 20 illik keçdiyi yolu bir neçə mərhələyə bölərdim. Məsələn, 1995-ci ilə qədər ki dövr “525” üçün bir az sərt, aqressiv, ipə-sapa yatmayan yeniyetməlik dövrü saymaq olar. Nələr baş vermirdi bu redaksiyanın ətrafında? 1996-1998-ci illər isə sanki bir axtarış dövrü oldu. Sonrakı beş ildə isə qəzet, nəhayət, yetkinlik yaşına çatdı. 2003-dən bu yana isə müdriklik dövrünü yaşayır. Açığı, son illər nəinki “525”in, ümumiyyətlə, qəzetlərin kağız variantının perspektivinə inamım azalıb. Amma hərdən də fikirləşirəm ki, “525”ə həmişə ehtiyac olacaq. Görək də…

- Xəyal qırıqlığı?

- Yadıma bir məqam düşdü. Qəzetin iqtisadi durumunun olduqca ağır vaxtları olub. Bir gün evdə qəzetin demək olar ki, bütün nömrələrini ortaya töküb sadəcə baxmağa başladım. Fikirləşirdim ki, daha bəsdi. Amma bir qədər də dərindən fikirləşəndə ki, axı, “525” tarixdi. Məktəbdi. Yaşamalıdı. Nəsə vaz keçdim bu fikirdən.

- Məktəb demişkən, yadıma gəlir, bir dəfə yaman əsəbiləşmişdin. Ki, bu telekanallar nə vaxta qədər mənim müxbirlərimi oğurlayıb aparacaqlar?

- Əslində mən heç kimin iradəsinə qarşı çıxmağı xoşlamıram. Amma sizə bir məqamı deməliyəm; Azərbaycanda çox az sayda qəzet var ki, “525” qədər müxbir yetişdirsin. Bizim müxbirlərə harada desən rast gəlmək mümkündür. Prezident Aparatında, müxtəlif nazirlik və komitələrdə, QHT sektorunda, telekanalları, qəzet və saytları da daha demirəm. Müxbirlərimizdən biri hətta nazir müavinidir, özü də “525”dən başqa heç harda işləməmişdi. Nə bilim, yüz, iki yüz, bəlkə də çox jurnalist çıxıb bu qəzetdən. Elə əməkdaşlarımız da olub ki, onların getməsini heç istəməzdim. Sevda Sultanovanın. Ya Qalibin. Məsələn, Esi yadıma düşdü. Esmira Cavadova. İndi “Azadlıq radiosu”nun aparıcı əməkdaşıdır. Balaca uşaq idi, eləcə gəlib gedirdi, uşaqlara çay dəmləyirdi. Yır-yığış edirdi. Bir də onda gördük ki, əməlli-başlı jurnalist olub.

- Esinin o vaxtkı baş prokurorun, Əli Ömərovun yanına çağrılmağı yadındadımı?

- (Gülür) Elə sənin özünün. Bir söz də deyim. İndi bir çox qəzetlərin, xüsusi ilə də telekanalların adını “proje” qoyub elədiklərini “525” 15-20 il öncə edirdi. Nə oyunlardan çıxmırdı bizim müxbirlər. “Mister X” rubrikası, ümumiyyətlə rezonans doğururdu. Bəlkə də yeni-yeni ideyalar, layihələr fikirləşmək olar. Hamısı pulun başındadır. Bu dəqiqə “525”i dolandırmaq üçün istədiyim pulu versələr, elə hoqqalardan çıxaram ki, ölkə bir-birinə dəyər.

***

Əslində Rəşad Məcid, özünün dediyi kimi, belə bir “hoqqa”dan bir dəfə çıxıb. Azərbaycan mətbuatında ilk dəfə və özü də bircə gün qəzeti nə az, nə çox, düz 96 səhifə nəşr etdirib. Deyir, bu ideya ABŞ-da olarkən ağlına gəlibmiş. Elə oteldə. Otelin foyesində ABŞ-ın həftəlik qəzetlərini birini götürüb nömrəyə qalxıb. Qoy ardını özü danışsın:

- Yalançı olaram, bəlkə də çəkisi üç-dörd kilo olardı o qəzetin. Neçə yüz səhifəydi, dəqiq yadımda deyil. Reklam, əyləncə, şou, uşaq və ailə, idman. Bir qəzetin içində onlarla əlavəsi. Yarısı da reklam. Oturub fikirləşdim ki, niyə bizdə belə qəzet çıxmasın? Bakıya qayıdan kimi hamını yığıb qərar verdim ki, şənbə nömrəsini 96 səhifə çıxaracağıq. Uşaqlara nağıl kimi göründü. Dedim ki, bacaracağıq. Təsəvvür edin, köhnə texnika, əlavə işçi cəlb etmədən 96 səhifəlik bir qəzeti hazırladıq. Bu boyda əziyyətdən sonra elə bir problemlə üzlədik ki! Məlum oldu ki, Azərbaycanda 96 səhifəlik qəzet buraxmağa bircə mətbəə də yoxdur. Heç “Azərbaycan” nəşriyyatının belə bir gücü yoxdu. Əlacımız kəsildi, qəzeti 64 səhifə bir, 32 səhifə bir çap etdik. Sonra iç-içə yığdıq.

***

...İçəri cavan bir əməkdaş girib nəyisə dəqiqləşdirir. Baş redaktordan “Yenəmi gənclərə güvənirsən” deyə soruşuram. Deyir, hə. Bəs bizim dövrümüzün gəncliyi ilə indikilərin fərqi? Rəşad Məcid üstünlüyü bizim nəslə verir. Və maraqlı da müqayisə aparır. Deyir, bizim gənclik cəmiyyətə ürəyini, ruhunu verirdi öz işiylə. İndiki gənclik isə əksinə, alır.

- Bunlar “layk” gəncliyidir. Təsəvvür elə, işləri-gücləri “Feysbuk”da öz yazısını paylaşıb “layk” etdirmək, otaqda internetdə oturub ordan-burdan xəbər tapıb redaktora verməkdir əksəriyyətinin. O gün bir əməkdaşımız, gəlib deyir ki, məni bir sayta redaktor çağırırlar. Deyirəm, ay bala, sən əvvəl cümlə qurmağı, xəbər düzəltməyi öyrən, bir-iki il işlə, təcrübə yığ, sonra hara istəyirsən get. Deyir, mənə filan qədər maaş verirlər. Beləcə maaşa görə qaçıb gedirlər.

***

Amma istisnalar var, təbii. Məsələn Yusif. Vaxtı ilə “Partiya dedikdə Lenin, Lenin dedikdə partiya yada düşür” şüarının məntiqi ilə yanaşsaq, doğrudan da “525” deyəndə, Yusif, Yusif deyəndə “525” yada düşür. Qəzetin ilk redaktoru, indiki baş redaktorun müavini Yusif Rzayevi həmişə jurnalistikada ilk müəllimim kimi xatırlayacam. Yusifin qələmini yaxşı mənada qəzəbinə rast gələn elə birini tanımıram ki, bu gün jurnalistikada üzdə olmasın. Yusif az yazır, demək olar ki, yazmır. Amma yazmağı öyrədir. Özü də necə yazmağı. Səfeh yazıyla Yusifi aldatmaq olmaz. Maraqlı bir deyimi yadımdadır onun: “Mən yazını iyləyən kimi bilirəm bu nə yazıdır”.

Yaşar müəllimin qəzetə gəlişindən düz 17 il keçir. İcra hakimiyyətinin başçısının müavinliyindən birbaşa qəzetə redaktor gəlib. Bəndənizdən sonra bu postu tutan Yaşar Əliyev həm də gözəl yazıçı, tərcüməçidir. Ramiz Rövşənin qardaşı olmasaydı belə, yenə Yaşar kimi ədəbi aləmdə tanınacaqdı.

Dünən bu iki dəyərli insandan başqa redaksiyada Aydın və Miriylə də görüşdüm. Aydın Bağırovun stajı 15 ili keçər, yəqin. Qəzetdə tutmadığı post qalmayıb, işləmədiyi vəzifə olmayıb. İndi isə redaktorun müavinidir.

Miri isə Mirhacibdir, Rəşad Məcidin böyük oğlu. Slavyan Universitetini bitirib, bir il Çexiyada oxuyub. Qaydandan sonra qərar verib ki, mətbuata gəlsin. İndi həm qol.az-a, həm də qəzetin saytına sorumludur.

Varis?

Deyəsən, bunu heç ağlından da keçirmir.

***

Yerdə qalan işçilər… Əslində yubiley ovqatı görmədim “525”də. Qəzet adi günlərin birini yaşayırdı. Əslində bu gün 20 yaşı tamam olan bir qəzetin gərək gəlib-getmiş əməkdaşlarından da bəhs etməliydik. Onların sayı isə bilirsiz nə qədərdi?

Və hamısı da…

Hə, onların barəsində ən yaxşı sözü Mehman Cavadoğlu demişdi 10 il əvvəl, qəzetin 10 illik yubileyində:

- Bu uşaqlar öz istedadlarının çörəyini yeyirlər…

***

Yeri gəlmişkən, bu gün yeyib-içmək hardadı, Rəşad Məcid?

Səbuhi Məmmədli
# 8119

Oxşar yazılar

TikTok: xəbər səhrası,  yoxsa təbliğat vasitəsi?

TikTok: xəbər səhrası, yoxsa təbliğat vasitəsi?

20 may 2024 , 19:33
Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14