Peşə məktəblərinin məzunlarının məşğulluq vəziyyəti yaxşılaşdırılacaq
06 noyabr 2012 10:18 (UTC +04:00)

Peşə məktəblərinin məzunlarının məşğulluq vəziyyəti yaxşılaşdırılacaq

Bu ilin avqustundan «Peşə təhsili müəssisələri məzunlarının məşğulluq vəziyyətinin yaxşılaşdırılması» layihəsi həyata keçirilir. Bu barədə Lent.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən layihə “Savadlı Cəmiyyət” Müasir Təhsilə Dəstək İctimai Birliyi tərəfindən reallaşdırılır. Layihənin məqsədi peşə təhsili müəssisələrində oxuyan şagirdlərin məzun olduqdan sonra məşğulluğunun təmin edilməsinə nail olmaqdan ibarətdir.


Layihə çərçivəsində Bakı, Gəncə, İsmayıllı və Qaxdakı 5 peşə təhsili müəssisəsindən seçilmiş 100 nəfər şagirdin məzun olduqdan sonra məşğulluq məsələsinin həllinə dəstək vermək, işlə təmin olunmuş gənclərə hüquqi yardım etmək və iş adamları ilə gənclər arasında əlaqələr qurmaq istiqamətində müvafiq addımlar atılır.
Onu da qeyd edək ki, cari ilin sonunadək seçilmiş peşə təhsili müəssisələrində gələcək məzunlar üçün müxtəlif mövzularda təlimlərin keçirilməsi planlaşdırılıb. Daha sonra isə təlim keçmiş gənclərin biznes strukturları, dövlət, özəl, beynəlxalq təşkilatlar, QHT-lərin iştirakı ilə birgə görüşün təşkil edilməsi nəzərdə tutulub.


Hazırda Bakının 12 və 13 saylı peşə liseylərində müvafiq təlimlər keçirilir. Həmçinin 3 saylı Gəncə Peşə Liseyi, İsmayıllı Peşə Tədris Mərkəzi və Qax Peşə Liseyində təlimlər təşkil ediləcək.
Qeyd etmək lazımdır ki, layihə 2013-cü ilin yanvar ayında başa çatacaq.
# 632

Oxşar yazılar