“Yerin qaranlığa qərq olacağı barədə deyilənlər əsassızdır”
05 noyabr 2012 16:47 (UTC +04:00)

“Yerin qaranlığa qərq olacağı barədə deyilənlər əsassızdır”

“Mayya təqvimində guya 2012-ci ilin dekabrında bir neçə sutka ərzində Yer kürəsinin qaranlığa qərq olacağı ilə bağlı məlumatlar verilib. Amma bir astronom kimi bunu təsdiq eləməyə və hansısa elmi hadisə ilə bağlamağa bizim əsasımız yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov deyib. Onun sözlərinə görə, Yer o halda qaranlığa qərq ola bilər ki, o hansısa böyük kütləli cisimlə toqquşa bilsin: “Əgər Yerə tərəf hansısa böyük cisim irəliləyirsə, bir neçə il əvvəldən onun trayektoriyası dəqiq hesablanır, onun Yerin trayektoriyası ilə kəsişmə ehtimalı qiymətləndirilir. Lakin hazırda Yerə tərəf hərəkət edən elə bir cisim yoxdur”.


N. Cəlilov deyib ki, Günəşdə baş verən proseslər birbaşa Yerə təsir etmək imkanına malikdir: “Düzdür, Günəşin aktivliyi 11 illik maksimumuna yaxınlaşır, amma ifrat dərəcədə böyük partlayış olsa belə, o, Yeri nə orbitindən çıxara, nə qaranlığa qərq edə bilər. Hər şey öz qaydasında gedir, Günəşdə partlayışların sayı çoxdur, amma fəlakətli partlayış gözlənilmir. Gələn ildən başlayaraq Günəşdə aktivlik azalmağa doğru gedəcək. Ona görə də bir astronom kimi mən bu söhbətlərə elmi şərh verməyə çətinlik çəkirəm. Çünki bunun elmi əsası yoxdur. Əhali arasında yaranan iğtişaşlar, qorxular tamamilə əsassızdır. Bir neçə il əvvəl “quş qripi”, “donuz qripi” ilə bağlı da belə şayiələr yayılmışdı. Əslində isə məlum oldu ki, bunlar hamısı yalandır, hansısa maliyyə qruplarının mənafeyinə xidmət edir. Belə söhbətlərin elmlə bağlılığı yoxdur”.
# 3114

Oxşar yazılar