KİV rəhbərlərinə elektron imza kartları təqdim olunub
02 noyabr 2012 18:04 (UTC +04:00)

KİV rəhbərlərinə elektron imza kartları təqdim olunub

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin, tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələri rəhbərlərinin bir qrupuna elektron imza kartlarının təqdimetmə mərasimi keçirilib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, toplantı həm də elektron imza barədə ətraflı məlumat məqsədi daşıyıb.

Mətbuat Şurasında baş tutmuş tədbirdə Şura sədri Əflatun Amaşov elektron imzanın xüsusiyyətləri barədə məlumat verərək bildirib ki, bu xidmətdən istifadə bütün vətəndaşlar kimi, media təmsilçilərinin də iş səmərəliliyinin artırılması, vaxta qənaət və digər üstünlüklər baxımından xüsusi əhəmiyyət daşımaqdadır. Dünyanın müxtəlif ölkələrində jurnalistlərin elektron imzadan istifadə edərək həyata keçirdikləri yaradıcılığın konkret nümunələrindən söhbət açan Əflatun Amaşov bugünkü mərasimlə Azərbaycanın KİV təmsilçilərinin də vacib prosesə qoşulmalarına bir növ start verildiyini vurğulayıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavini Elmir Vəlizadə çıxışında ölkəmizdə elektron hökumət quruculuğu sahəsində aparılan işlər barədə məlumat verib. Onun sözlərinə görə, elektron imzanın tətbiqi layihəsi “Elektron imza və elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli qanuna uyğun olaraq həyata keçirilir. Xidmətin pullu olduğunu diqqətə çatdıran Elmir Vəlizadə məbləğin heç də yüksək olmadığını qeyd edib. Hüquqi şəxslər və biznes qurumlarının, dövlət müəssisələrinin əməkdaşlar üçün fərqli qiymətlər tətbiq edilib. Qanuna əsasən e-imza kağız daşıyıcı sənəddə əl imzasına bərabərdir və elektron sənədi imzalayan şəxsin autentifikasiyası üçün nəzərdə tutulub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov çıxışında elektron imza layihəsinin gerçəkləşməsi prosesindən danışıb.

Tədbirin sonunda 30-dan çox KİV rəhbərinə elektron imza kartları təqdim olunub.
# 773

Oxşar yazılar