ADU-nun tələbələri hind rəqsləri ifa ediblər
03 oktyabr 2012 19:38 (UTC +04:00)

ADU-nun tələbələri hind rəqsləri ifa ediblər

ADU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar, ADU-nun Elmi işlər üzrə prorektoru Dünyamin Hüseynov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı Məcid Əliyev və tələbə-müəllim heyəti iştirak edib.

Tədbir Azərbaycan və Hindistanın dövlət himnlərinin səslənməsi ilə başladı. Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar çıxışında ADU-da “Hindi Dili” gününə həsr olunan tədbirdə iştirak etməkdən məmnun olduğunu bildirib. Hindistan və Azərbaycan arasında əməkdaşlığın artan templə inkişaf etdiyini söyləyən Vinod Kumar təhsil sahəsində də əlaqələrin inkişaf etdiyini qeyd edib. ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev isə deyib ki, universitetin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində 2010-cu ildən Hindistanşünaslıq ixtisası açılıb, Hindi dili kafedrası fəaliyyət göstərir. O, tələbələrin bu kafedrada Hindi dilini, mədəniyyətini və tarixini daha da yaxından mənimsədiklərini vurğulayıb.

Sonra Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Hindistanşünaslıq ixtisasında təhsil alan tələbələr hind rəqsləri ifa edib, mahnılar oxuyub, şeir söyləyiblər. Tədbirin sonunda iştirakçılar hind mətbəxi ilə də yaxından tanış oldular.
# 1749

Oxşar yazılar