Martın 17-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Bu barədə Lent.az-a partiyadan məlumat verilib. İclasın gündəliyində 2014-cü ilin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsi barədə məsələlər çıxarılıb.
YAP sədrinin müavini, icra katibi, baş nazirin müavini Əli Əhmədov gündəlikdə duran məsələlər barədə ətraflı məlumat verib. İdarə Heyətinin üzvləri məsələ ilə bağlı çıxış edərək fikirlərini bildirərək müvafiq qərar qəbul ediblər.
Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının ümumrespublika konfransının keçirilməsinə hazırlıq barədə YAP İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurlana Əliyeva məlumat verib. O, çıxışında YAP Qadınlar Şurasının ötən dövr ərzindəki fəaliyyəti barədə məlumat verib və bildirib ki, konfransa hazırlıq işləri müəyyən olunmuş qaydada gedir və nəzərdə tutulmuş vaxtda keçiriləcək. Bu məsələ barədə Yeni Azərbaycan Partiyası İdarə Heyəti qərar qəbul edib.