Nizami Süleymanov: “Anam deyirdi ki, bu uşaq dəli olacaq” - MÜSAHİBƏ
17 yanvar 2009 21:35 (UTC +04:00)

Nizami Süleymanov: “Anam deyirdi ki, bu uşaq dəli olacaq” - MÜSAHİBƏ

Lent.az-ın “Sən haradasan” rubrikasının bu dəfəki qonağı Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının prezidenti və akademiki Nizami Süleymanovdur. Onu alim, yoxsa siyasətçi kimi tanıyanların hansının çox olduğunu deyə bilmərik. Özü deyir ki, alim kimi daha məşhurdur. Amma etiraf edək ki, Nizami Süleymanovun populyar olmasında bir ara siyasətdə iştirakı, prezidentliyə namizədliyini verməsi çox böyük rol oynayıb. İndi bu işlərlə məşğul deyil. Dediyinə görə, elmi işlərdən başını qaşımağa vaxtı da qalmır. Gərgin iş rejimi var. Biz isə onun bir neçə saatını oğurlayıb, sizin qarşınıza çıxartdıq. Və ənənəmizə uyğun olaraq “Sən haradasan” sualından başladıq:

- Nizami Süleymanov hazırda sırf elmi fəaliyyətlə məşğuldur. Yeni yaddaşlı dalğa enerjisi (materiyanın xüsusi halı effektini) və onun atmosferlə istənilən məsafəyə ötürülməsi imkanları üzərində işləyirik. Yaddaşlı dalğa enerjisi istehsal edə bilən qurğunu yaradıb, həmin enerjinin ötürülmə texnologiyasını işləyib-hazırlamışıq. Yeni kəşfin bir sıra praktik nəticələri sübut edilib. Məsələn, minlərlə kilometr uzaqda yerləşən istənilən ölkədə tüstü verən istənilən avtomobilə mobil telefonun köməyi ilə ötürülən yeni yaddaşlı dalğa enerjisi bir neçə dəqiqə ərzində tüstünü yox edir, avtomobilin gücünü və sürət yığma imkanlarını xeyli artırır, klapan döyməsini tamamilə aradan qaldırır və yanacağı 5%-dən 30%-ə qədər qənaət etməyə imkan yaradır. Yeni kəşfin alkoqollu içkilərdə də insan orqanizmi üçün olduqca zərərli maddələrin yüksək dərəcədə təmizlənməsində effektli olduğu sübut olunub. Bu işin sınaqları Səhiyyə, Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinin müvafiq laboratoriyaları və mərkəzləri tərəfindən yoxlanıb və müsbət rəylər alıb. Qlobal istiləşmə nəticəsində xeyli ciddi problemlər ortaya çıxacaq. Bunun ən başlıca səbəbi də sürətlə çoxalan avtomobillərdən atmosferə ötürülən zəhərli qazların çoxalmasıdır. Nanotexnologiyalar əsasında hazırda yeni qurğular sistemi üzərində işləyirik. Bunun, dediyim kimi, iki modeli hazırlanıb. Müəlliflik şəhadətnaməsi də almışıq. Bu işlərimizin dünyada analoqu yoxdur. Bioenerji sayəsində avtomobildə yanacağın yanmasını yüzdə yüz təmin olunur. İnsanlar pul verib aldıqları yanacağın 30 faizə qədər hissəsini tam yanmanın getməməsi ucbatından istifadə edə bilmirlər. Bu qlobal problemi isə biz artıq həll etmişik. İndi bunun bir Azərbaycan məhsulu kimi geniş yayılmasına çalışırıq.

- Siz Azərbaycanda məşhur adamlardan birisiniz. Bu məşhurluğunuzu elmə, yoxsa siyasətə borclusunuz?

- Əslində, Azərbaycan elə də böyük yer deyil. Elə hamı bir-birini tanıyır. Mən sovetlər dönəmində siyasətlə məşğul olmurdum, amma o dövrün mətbuatı həmişə bizim elmi işlər barədə məlumat verirdi. Hətta bir dəfə belə bir məlumat da çıxmışdı ki, sovetlərdə işləri haqqında ən çox yazılan Nizami Süleymanovdur. O vaxtlar mən hələ çox gənc idim. Gərgin elmi fəaliyyət bizi bütün SSRİ-yə tanıtdı. SSRİ-nin əyalətlərində çap olunan qəzetlərində belə bizim elmi işlərimizdən söz açılırdı. Bizim işlər sovetlərin hər yerində tətbiq olunurdu. Mən elmlər namizədi ola-ola Akademiyanın müxbir üzvü seçildim. Dayanmadan çalışan insanın əməyinə əvvəl-axır qiymət verilir. SSRİ-nin mərkəzi televiziyası bizim haqqımızda 3 film çəkib. Filim elmdəki yenilikçilərlə, mühafizəkarlardan bəhs edirdi. Yenilikçilər Bakı alimləri – yəni bizim elmi təhqiqat qrupumuz, mühafizəkarlar isə Rusiyanın bir çox tanınmış alimləri aid idi. Həmin zaman yenilikçilər və mühafizəkarlar arasında bir rəqabət də var idi. Bu iş bizim qələbəmizlə bitdi və yolumuzda əngəl olanlar da sıradan çıxdı.

- Gərgin iş insanın ruhi, fiziki sağlamlığı üçün təhlükələr yarada bilər. Sizdə yumor hissinin yüksək olduğu hamıya bəllidir. Bununla həmin gərginliyi kompensasiya edirsiz?

- Bu, daxilən gələn bir şeydir. Hələ uşaq vaxtdan zəhmətkeş olmuşam. Yəni mənim üçün məktəbdə hər hansı bir fənnin fərqi yox idi. İstər kimya olsun, istərsə ədəbiyyat və ya coğrafiya, hər birini sevə-sevə öyrənirdim. Eyni zamanda xeyli bədii ədəbiyyatda oxuyurdum. Təsəvvür edin ki, o zamanlar mənim anadan olduğum kənddə elektrik yox idi. Bizim kənddə işıq yananda mən artıq orta məktəbi bitirmişdim. Neft lampasının işığında gecə saat 4-ə qədər oxuyurdum. Bir gün gecə anam oyanıb mənim oxuduğumu görəndə saçına, üzünə əl atıb ağlamağa başladı ki, bu uşaq dəli olacaq. Yumor hissi də insanın xarakterindən asılı olur. Bundan başqa, mən küllü miqdarda ədəbiyyat oxuyurdum. Molla Nəsrəddin lətifələrini sevərək oxuyurdum. Hətta orta məktəbin divar qəzetində felyetonlarım çap olunardı. Bəzən də bu yazılar üstündə az qala dava düşərdi.

- O vaxtlar kimi iynələyərdiz ki?

- Dərsdən başqa bütün dələduzluqlarla məşğul olan uşaqları. Elə olurdu ki, müəllimlərə, rayonun vəzifəli şəxslərinə belə sataşırdım. Azərbaycanın müxtəlif qəzetlərində çap olunmuşam, “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri idim. Söhbət tələbə olduğum vaxtlardan gedir.
- Sözü açıq və iynəli demək həm də cəsarət tələb edir. Bəs bu xüsusiyyətiniz Sizə həyatda mane olubmu?

- Çox. Elə indinin özündə də mane olur. İnsanların çoxuna cəsarətli olmaq baha başa gəlir. SSRİ dövründə volframsız poladı yaratmağa ən məşhur rus alimləri belə cəsarət edə bilmirdi. Biz bu işə girişəndə əleyhimizə bir komissiya yaratmışdılar. Komissiyanın 20 üzvündən 19-u əleyhdarım idi. Tərəfimdə olan isə tək özüm idim. İddia edirdilər ki, biz elmi təcrübələrimiz ilə SSRİ-nin büdcəsinə xeyli ziyan vurmuşuq. Hətta bizi SSRİ prokurorluğuna verib, həbs etdirmək niyyətində idilər. Bilirdim ki, onların haradasa səhvini tuta biləcəyik. Sənədləri diqqətlə izləyəndə gördük ki, hesablamanın bir yerində 0,1 əvəzinə 0,01 yazıblar. Özü də söhbət rəqəmlərin kvadratından gedirdi. Yəni ən azı bizim nəticələri 100 dəfə saxtalaşdırmışdılar. Tiflisdə alimlər toplaşıb bunu müzakirə edirdilər, toplantının sonunda biz bu səhvi onlara göstərəndə hamısı meyit rəngi aldılar. Çünki bizim mətbuatla əlaqələrimizi çox yaxşı bilirdilər. Onları biabır etmək bizim üçün çox asan məsələ idi. Xeyli minnətçi düşdülər və bununla da iş bitdi. Zaman gətirdi bizi ittiham edənlərin özünə qarşı cinayət işləri açıldı, vəzifələrini itirdilər. Həyatım çox gərgin mübarizələrdən keçib. Amma heç vaxt qorxmamışam. Dünyanın ən böyük bicliyi düzlükdür.

- Söhbətlərinizdə üzərlik bitkisinin də faydasından çox danışırsınız. Çox vaxt sizin nəyi zarafatla, nəyi ciddi dediyinizi qarışdıranlar olur. Burada bir ironiya var?

- Yox, qətiyyən. Neqativ enerjilərdən uzaq olmaq istəyirsinizsə, mütləq üzərlik yandırın. Çox köməyi olur. Mən sizə deyim ki, insanın neqativ və ya pozitiv enerjiyə malik olduğunu da təyin edə bilirik. Neqativ enerjili insanlarla ünsiyyətdə olmaq o qədər də asan məsələ deyil. Adamın halı qarışır. Bunu hətta avtomobil də hiss edir.

- Azərbaycanda yalnız alimliklə normal yaşamaq mümkündür?

- Baxır hansı sahədəsən. Sırf nəzəri sahədəsənsə, mümkün deyil.

- İndən sonra prezidentliyə namizədliyinizi verəcəksinizmi?

- Xeyr. Artıq 63 yaşımı keçmişəm. Professional siyasətçi olmayanlar üçün bu yaşdan sonra namizədliyini vermək doğru olmaz. Birinci dəfə namizədliyimi verəndə 47, ikinci dəfə isə 53 yaşım var idi.

- Prezident olmaq istəyiniz nədən qaynaqlanırdı?

- Hesab edirdim ki, Azərbaycanda hakimiyyətə ziyalılar gəlməli və ölkəni daha da inkişaf etdirməlidir. Amma onu da deyim ki, təkcə rəsmi rəqəmlərə baxsanız, nə qədər səs topladığımı da görə bilərsiniz.

- 63 yaşında olduğunuz məqam və tutduğunuz mövqe Sizi qane edirmi?

- Çox qane edir. Onu da deyim ki, insan hər şeydən razı olsa, həyatın mənası itər. Ona görə də hələ görməli xeyli işimiz var. Çox nadir hallarda axşam saat 11-də evdə oluram. Əksərən gecikirəm. Səhər saat 7-də də işə gəlirəm. İşləmək həvəsi məndə heç vaxt azalmır.

- Bu qədər işləməklə yorulmursuz?

- Yox, gözəl kollektivimiz var, həmişə deyib-gülürük. Ən gərgin vaxtlarımızda lətifə danışırıq.

Səbinə Əvəzqızı

# 3625
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar