Elektrikli avtomobil bazarında “Tesla”nın rəqiblərindən biri olan “Polestar”, “Polestar Phone” adlı ilk smartfonunu təqdim edib.
Lent.az xəbər verir ki, yeni smartfonun bir çox texniki xarakteristikaları “Meizu 21 Pro”ya bənzəyir. O, Snapdragon 8 Gen 3 çipseti ilə təchiz edilib və 80 Vt sürətli simli enerji doldurmanı, həmçinin 50 Vt simsiz enerji doldurmanı dəstəkləyir.
Kamera sisteminə 50 meqapiksellik əsas sensor, 10 meqapiksellik telefoto obyektiv və 13 meqapiksellik ultra geniş bucaqlı kamera daxildir.
“Polestar” telefonunu “Meizu 21 Pro”dan fərqləndirən cəhət istifadəçi interfeysidir: telefon Flyme ƏS-nin modifikasiya edilmiş versiyası olan “Polestar Phone” OS-də işləyir. Telefonun interfeysinin dizayn elementləri əsasən Polestar avtomobillərinin istifadəçi interfeysi dizaynına bənzəyir.
“Polestar Phone” həmçinin əvvəllər bəzi digər smartfonlarda tapılan şəkillərin axtarışı, təsvirin yaradılması və mətnin təkrar yazılması kimi bəzi süni intellekt xüsusiyyətlərinə malikdir. O, həmçinin “Polestar” elektrik avtomobillərini idarə etmək üçün “Polestar Link”ə malikdir.
Smartfon Çin bazarında 16 GB RAM və 1 TB yaddaşla satışa çıxarılıb və onun qiyməti təxminən 1020 dollardır.