Prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Lent.az-ın məlumatına görə, geniş tərkibdə görüş təkbətək görüş başa çatdıqdan sonra baş tutub.
Bundan sonra Azərbaycanla Avropa Birliyi (AB) arasında Azərbaycan Respublikasının Birliyin proqramlarında iştirakının ümumi prinsipləri haqqında çərçivə sazişi üzrə bir tərəfdən Azərbaycan, digər tərəfdən AB və onun üzvü olan dövlətlər arasında tərəfdaşlıq və əməkdaşlıq Sazişinin Protokolu imzalanıb.
Sənədi AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard, AB Şurasına hazırda sədrlik edən Yunanıstan adından bu ölkənin Azərbaycandakı səfiri Dimitrios Tsounqas və Azərbaycanın AB yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov imzalayıblar. İmzalanmadan sonra prezident İlham Əliyev və Avropa Komissiyasının sədri J. M. Barrozu mətbuata bəyanatlarla çıxış ediblər.