Azay Quliyev: “Qrant müsabiqəsinin qaydaları sərtləşməlidir” - MÜSAHİBƏ
14 may 2009 15:00 (UTC +04:00)

Azay Quliyev: “Qrant müsabiqəsinin qaydaları sərtləşməlidir” - MÜSAHİBƏ

Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bu yaxınlarda Praqadan səfərdən qayıdıb. O, Avropa İttifaqının Forumunda iştirak və çıxış edib. Onunla müsahibədə bu və başqa məsələlərlə bağlı suallarımıza cavab aldıq.

- Bu günlərdə Praqada Avropa İttifaqının Forumunda iştirak və çıxış etdiniz. Bu toplantının məqsədi nə idi?

- Son bir neçə aydır ki, Avropa Komissiyası yeni bir ideya ilə çıxış edir. Bu ideya ondan ibarətdir ki, Şərq Tərəfdaşlıq proqramı çərçivəsində Vətəndaş Cəmiyyəti Forumu təşkil olunsun. Şərq Tərəfdaşlıq proqramı əsas 6 ölkəni əhatə edir. Bunlar Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusdur. Belə bir forum ilk dəfə təşkil olunurdu. Forumda Avropa İttifaqının 27 ölkəsi və eyni zamanda yuxarıda adlarını çəkdiyim 6 ölkənin nümayəndəsi qatıldı. Burada əsas 6 mövzu gündəliyə çıxarıldı. Birinci, ümumi dəyərlər əsasında tərəfdaşlığın qurulmasıdır. İkinci, bu 6 ölkədə konfliktlərin həlli, konfliktlərin həllindən sonra mümkün əməkdaşlıq imkanlarına aid idi. Üçüncü, tərəfdaş ölkələrin iqtisadi münasibətlərinin təmin olunması və burada Avropa Birliyinin rolunun müəyyənləşdirilməsi, 4-cü qonşular arası əlaqələrin yaradılması və bu əlaqələrin infrastrukturdan xalqlar arasına keçirilməsi, 5-ci enerji təhlükəsizliyi və şərq tərəfdaşlığı mövzusu. Burada da əsasən Avropa Birliyinin enerji ilə təchiz olunmasında 6 ölkənin rolu müzakirə olundu. Nəhayət, 6-cı mövzu Şərq Tərəfdaşlığında vətəndaş cəmiyyətinin rolu məsələsilə bağlı idi. Yəni bu proqramın müvəffəqiyyətlə icra olunmasında QHT-lərin rolu nədən ibarət ola bilər.

Bu 6 mövzu ilə bağlı mayın 5-də ayrı-ayrı işçi qrupları şəkilində müzakirələr oldu. 6-da müzakirələrin nəticəsi plenar iclasa təqdim olundu. Qəbul olunan əsas rəylər, təkliflər iclasın gündəliyinə çıxarıldı. Burada Azərbaycandan da nümayəndə heyəti iştirak edirdi və ayrı-ayrı mövzular üzrə fikirlərini bildirdilər. Bu məsələ ilə bağlı mənim də çıxışım oldu.

- Çıxışınızda əsasən nəyi vurğuladınız?

- Çıxışım iki mövzuya həsr olundu. Biri Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gedən islahatlar, dövlətin gördüyü işlər, xüsusən də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılması, onun məqsədi, vəzifəsi və son bir ildə həyata keçirdiyi işlərlə bağlı Forum iştirakçılarını məlumatlandırdım. Tərəfdaş ölkələrdən yalnız Azərbaycanda dövlət QHT-lərə 4 milyondan çox qrant ayırıb. Qeyd etdim ki, bu onu göstəricisidir ki, hökumət QHT-lərə opponent kimi yox, tərəfdaş kimi baxır. Və hətta hökuməti tənqid edən təşkilatlar belə hər hansı ayrı-seçkilik edilmədən bu vəsaitdən istifadə etmək imkanına malikdir. Hətta konkret misallar belə göstərdim. Söylədim ki, hər işi qara rəngdə görmək doğru deyil. Orada bizim nümayəndələrdən bəziləri çox sərt və əsassız ittihamlar irəli sürdülər. Bunları qəbul etmək mümkün deyil. Orada da dedim, şübhəsiz ki, problemlər var, amma son bir neçə ildə hökumət, Şura bu problemlərin həll edilməsi ilə məşğuldur. Bəzi problemlərin olmasına görə müsbət işləri də gözardı etmək olmaz.

Bizim üçün ikinci və önəmli məsələ ölkələr arasında etimad və qarşılıqlı inamın artırılması məsələsi idi. Burada isə bizim üçün əsasən maraqlı olan Azərbaycan Ermənistan münasibətləri idi. Mən çıxışımda bildirdim ki, çox istərdim ki, Azərbaycanla Ermənistan arasında etimad olsun, amma ermənilər işğal etdikləri torpaqları qaytarmamış biz 1 milyon köçkün insana necə deyə bilərik ki, Ermənistanla qarşılıqlı etimad barədə müzakirələrə başlayın? İşğal edilmiş torpaqlar geri qaytarılmayınca, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü bərpa olmayınca bunun mümkünsüzlüyünü vurğuladım. Regional tərəfdaşlıq o vaxt mümkün ola bilər ki, ərazidəki konfliktlər həll olunsun. Orada bəzi ekspertlər izah etməyə cəhd edirdilər ki, Ermənistan son illərdə inteqrasiyadan kənarda qalır. Təbii ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkməyənə qədər vəziyyət belə də olmalıdır.

Daha sonra bizim üçün çox maraqlı olan viza məsələsi də müzakirə olundu. Məlum olduğu kimi Şengen ölkələrinə viza çox ciddi şəkildə məhdudlaşıb. Bundan başqa müzakirələrdə deyildi ki, 6 ölkə arasında viza məsələsi birdəfəlik ləğv olunsun. Amma bu real deyil. Mən də çıxışım da qeyd etdim ki, vizanın ləğv edilməsi real olmadığından viza müddətini 1 ilə qədər uzatmaq olar. Hətta bir ildən çox da ola bilər. Bu təklif yaxşı qarşılandı və bildirildi ki, AB-nin müvafiq qurumlarına bu barədə təkliflər veriləcək.

Müzakirələr zamanı belə bir təklif də səsləndi ki, konfliktli bölgələrin nümayəndələri də gələcək müzakirələrə qatılsın. Buna Ruminyanın nümayəndəsi bir də mən etiraz etdim. Qeyd etdim ki, Dağlıq Qarabağın nümayəndəsinin belə tədbirlərdə iştirakı yalnız və yalnız Azərbaycanın bayrağı altında ola bilər.

Avropa Birliyi bu 6 ölkədə yeni bir siyasətə başlayıb və bu siyasəti həyata keçirməkdə çox qərarlıdır. İndi biz forumdan sonra müəyyən təkliflər hazırlayacağıq. Bura vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan QHT-ləri ilə Avropa ölkələrindəki bu tip qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, bu tərəfdaşlığın bütövlükdə vətəndaş cəmiyyəti tərəfindən dəstəklənməsi aiddir.

- QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici əlaqələri nə səviyyədədir?

- Aprelin 16-da Şuranın fəaliyyətinin bir ili tamam oldu. Bir il ərzində çox işlər görülüb. BMT ilə tərəfdaşlıq haqqında konkret razılığa gəlmişik. Yaxın zamanlarda əməkdaşlıq haqqında memorandum da imzalanacaq. Bu memorandum əsasən Azərbaycanın regionlarında fəaliyyət göstərən QHT-lərin bilik və bacarıqlarının artırılmasına həsr olunub. Dünya Bankı ilə də əməkdaşlığa dair razılıq əldə edilib. Biz birgə qrant proqramı layihəsi elan etmişik. Bu proqramın yekun nəticəsi yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. ATƏT-lə də müəyyən əlaqələr qurulub. Hazırda AB ilə əlaqələr yaradılır. Bir çox başqa beynəlxalq təşkilatlarla da yazışmalar davam edir və düşünürəm ki, yaxın müddət ərzində Şuranın xarici əlaqələri xeyli artacaq.

- Siz indiyədək Avropada mövcud olan hansı təcrübə ilə rastlaşmısınız ki, onlar hələ də bizdə yoxdur?

- Təcrübələr müxtəlifdir. Məsələn, Çexiyanın təcrübəsi bizə daha çox yaxındır. Orada da prezident yanında Şura fəaliyyət göstərir. Macarıstandakı təcrübə bir qədər fərqlidir, orada daha böyük vəsait ayrılır. Ancaq bu vəsaitin verilməsində sosial müdafiə nazirliyi ön palan çıxır. Polşa, Makedoniya, Fransa da QHT-lərə dəstək işlərini ayrıca qurumlar həyata keçirir. Böyük Britaniyada da xüsusi bir komissiya var ki, onlar hətta ildə bir dəfə parlamentə işləri ilə bağlı hesabat verir. Başqa ölkələrin də adını çəkmək olar. Təvazökarlıqdan uzaq olsa da deyə bilərəm ki, Azərbaycan təcrübəsi daha çox diqqət çəkir və daha maraqlıdır. Biz Avropanın bütün təcrübəsini öyrəndikdən sonra işimizi qurduq. Eyni zamanda, Azərbaycan reallığını da nəzərə aldıq. Kollegiallıq və şəffaflıq prinsipləri bizim üçün birinci yerdə gəlir. Amma bununla yanaşı, fəaliyyətimiz günü-günü təkmilləşməli, inkişaf etməlidir.

- Bu yaxınlarda başa çatan qrant müsabiqəsinin nəticələri nəyi göstərdi və bu layihələrin icrası barədə məlumatlarınız varmı?

- Biz müsabiqə zamanı maksimum obyektivliyi və şəffaflığı təmin etməyə çalışdıq. İndiyə qədər Azərbaycanda bu sahədə yığılan təcrübəni də tətbiq etməyə çalışdıq, hətta olmayan ənənələri də tətbiq etdik. İndiyə kimi Azərbaycanda layihələrin dəyərləndirilməsi bu qədər aşkar və şəffaf keçirilməyib. Yəni bir layihənin qiymətləndirilməsinə müxtəlif qurumların təmsilçiləri cəlb olunmayıb. İlk dəfə idi ki, nəticələr qısa müddət ərzində ictimaiyyətə təqdim olunurdu. İndiyə qədər donor təşkilatlar yalnız ilin yekununda hesabat verirdilər. Özü də heç də hamısı hesabat vermirdi. Hesab edirəm ki, bu hal qiymətləndirilməlidir. Bundan başqa, müəyyən olundu ki, Şuranın maliyyə vəsaiti ayırmasına maraq həddən artıq çoxdur. Əgər keçən il cəmi 167 təşkilat müraciət etmişdisə, bu il rəqəm rekord göstəriciyə - 549-a çatdı. Təsəvvür edin ki, 549 təşkilatın layihəsi təxminən 2 ay ərzində araşdırıldı, hər birinə ayrı-ayrılıqda rəy verildi. Nəticədə 343 təşkilat müsabiqədən kənarda qalsa da 206 təşkilat qalib elan edildi. İşimiz xeyli çox oldu. Kifayət qədər gərginlik vardı. Bəzən haqlı, bəzən də tamamilə haqsız ittihamların irəli sürülməsi halları ilə də rastlaşdıq. Apellyasiya Komissiyasına 37 təşkilat müraciət etdi və onların işlərinə ayrı-ayrılıqda baxıldı. İclaslar da açıq keçdi, mətbuat nümayəndələri də iştirak etdi. Komissiyanın işinin sonunda iki təşkilatın layihəsinin maliyyələşdirilməsi ləğv edildi. Bir təşkilatın isə şikayəti qəbul olundu və onun layihəsinin maliyyələşdirilməsi haqqında Şura yenidən qərar qəbul etdi. Bu da onu göstərir ki, komissiya formal xarakter daşımır.

Bizim üçün çıxan nəticələrdən biri bu oldu i, biz gələcəkdə qrant müsabiqəsinin şərtlərinə yenidən baxaq. Düşünürəm ki, qrant müsabiqəsinə müraciət etmək qaydaları daha da sərtləşməlidir, mürəkkəbləşməlidir. Bununla biz səthi layihə yazan, bu məsələyə ikinci dərəcəli iş kimi baxanların qarşısını elə birinci mərhələdəcə almaq mümkün olar. Daha yaxşı layihə yazan, QHT sektorunun məzmununu, anlamını dərk edən, öz sahəsini dəqiq müəyyənləşdirən layihələrə önəm verilməlidir. Kifayət qədər əsaslandırılmamış müraciətlər növbəti etapa keçməməlidir.

Müsabiqənin dövriliyinə baxa bilərik. İldə bir dəfə yox, bir neçə dəfə müsabiqə elan edilə bilər. Bundan başqa bizim üçün müəyyən olundu ki, bir çox QHT-lərin layihələr hazırlanması istiqamətində təlimlərə ehtiyacı var. Və biz bu təlim proqramlarını hazırlamağa başlamışıq. Bu barədə elanlarımız olacaq. Əslinə baxanda Şuranın əsas işlərindən biri də budur. Bizim işimiz yalnız qrant verməkdən ibarət deyildi.

O ki qaldı monitorinqə, artıq bu istiqamətdə işlərə başlanılıb. Bizim iki istiqamətdə monitorinqimiz olacaq. Birinci istiqaməti Şuranın katibliyi həyata keçirəcək. Layihələr katibliyin işçiləri arasında istiqamətlər üzrə bölünüb. İkinci istiqamət üzrə iki QHT-nin yardımından istifadə edəcəyik, onlar bu istiqamətdə monitorinqi həyata keçirəcəklər. Ümid edirəm ki, müsabiqənin qalibləri üzərlərinə düşən işləri həyata keçirəcəklər.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1001
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar