Bu gün Bakıda öz işinə başlamış Qlobal Cənub QHT Platformasının təsis konfransı dünya miqyasında tarixi hadisə kimi qiymətləndirilməlidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası - COP 29 ardınca rəsmi Bakının Qlobal Şimalla-Qlobal Cənub arasında vasitəçi, körpü rolunda çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzundan, eyni zamanda dövlət başçısının beynəlxalq masada söz sahibliyinin bariz nümunəsidir.
Bunu Lent.az-a açıqlamasında İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli deyib. O bildirib ki, bu gün rəsmi Bakının ev sahibliyi etdiyi beynəlxalq konfrans dünyanın 80 % vətəndaş cəmiyyəti nümayəndələrini əhatə edir:
“Bu tədbirin tarixi mahiyyəti ilə yanaşı bir neçə tərəfdən üstünlüklərini sadalamaq mümkündür. İlk olaraq dünyanın ədalətsiz tərəzisinə etiraz edən rəsmi Bakının zamanında özü də beynəlxalq birlik tərəfindən ədalətsizliyə, laqeydliyə məruz qaldığını unutmayaq. Digər tərəfdən COP 29- un ardınca keçirilən böyük əhəmiyyətli tədbirə ev sahibliyi etmək Azərbaycanın tutduğu siyasi kursa sadiqliyinin təsdiqidir. Eyni zamanda, Azərbaycan bu tədbirlə dünyaya göndərdiyi mesaj biz hər zaman köməyə ehtiyacı olan, ədalət istəyənlərin yanındayıq deməkdir. Vətəndaş Cəmiyyətinin qarşılıqlı əlaqələrinin formalaşması, Azərbaycan vətəndaş cəmiyyətinin zəngin təcrübəsinin beynəlxalq masada bir daha nümayiş olunması baxımından gözəl imkandır. “
QHT sədrinin sözlərinə görə, Azərbaycan COP29-da qarşısına qoyduğu hədəfi təmin etmiş oldu: “Bu gün tam əminliklə söyləmək mümkündür ki, Qlobal Cənub Platformasının fəaliyyəti zamanı da bu koalisiyanın tam zamanında təsis olunduğunu və Azərbaycanın beynəlxalq müstəvidə daha bir uğurlu fəaliyyətinin şahidi olacağıq. Dünyada baş verən ədalətsizliklərin fonunda, Fransanın müstəmləkəçi siyasətinin tüğyan etdiyi, ABŞ-ın dünya dövlətlərinin düzəninə təsir imkanlarından faydalanaraq bu ədalətsizliyi dəstəkləməsi, beynəlxalq təşkilatların buna göz yumması, insanların yaşamaq hüquqlarının tapdanmasına rəğmən , Bakıda keçirilən tədbir dünyanın ədalətsizliyinə qarşı bir çağırış kimi qiymətləndirilməlidir".