Türkiyəli jurnalistlərin Ermənistan səfəri - Paşinyanın məkirli planı baş tutacaqmı?
20 mart 2025 18:00 (UTC +04:00)

Türkiyəli jurnalistlərin Ermənistan səfəri - Paşinyanın məkirli planı baş tutacaqmı?

Türkiyəli jurnalistlərin Ermənistan səfəri

Xəbər verildiyi kimi, martın 10-13-də Türkiyənin məşhur 10 media orqanını təmsil edən jurnalistlər İrəvanda səfərdə olublar.

Lent.az xəbər verir ki, türkiyəli jurnalistlər səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla, həmçinin başqa erməni rəsmilərlə görüşlər keçiriblər. 

Səfərdə hansı media qurumları iştirak edib?

Səfərdə “Anadolu”, “TRT World” “Hurriyet”, “NTV”, “CNN Türk”, “Daily News”, “İhlas”, “Sözcü” və.s məşhur media qurumlarının əməkdaşları iştirak ediblər.  

Nəzərinizə çatdıraq ki, “TRT Word” TRT ailəsinin üzvüdür və bir dövlət kanalıdır. Həmçinin, “Anadolu” agentliyi… Səfərdə iştirak edən “CNN Türk” kanalının sahibi Dəmirörən isə Azərbaycanda biznes fəaliyyəti ilə məşğuldur, lotoreya satır, pul qazanır. Digər tərəfdən isə sahibi olduğu televiziya kanalını Paşinyanın tribunasına çevirir.

Sual yaranır, qardaş Türkiyənin dövlət və müstəqil mediası Paşinyana yalançı propaqanda aparmağa və Azərbaycana qarşı danışmağa tribuna niyə verir? 

Müşahidələrimiz göstərir ki, Türkiyəli jurnalistlər səfərdən məmnun qayıdıblar. Onların geri qayıtdıqdan sonra hazırladıqları reportajlar və verdikləri şərhlər Azərbaycan ictimaiyyətində təəccüb və təəssüf hissi doğurub. 

Əlbəttə, Azərbaycan mediası da analoji addımı atsaydı Türkiyə cəmiyyəti tərəfindən xoş qarşılanmazdı. Biz də Yunan Kiprinə media tur təşkil etsəydik və bu ölkənin rəhbərliyi ilə müsahibələr, reportajlar hazırlasaydıq qardaş Türkiyə rəsmiləri, ictimaiyyəti və türk xalqı buna necə reaksiya verərdi? Təbii ki, bizi şiddətlə qınayardılar…

Türkiyəli jurnalistlərin Ermənistan səfərini kim təşkil edib?

Araşdırmalarımız onu göstərir ki, Ermənistan hökuməti səfəri planlı şəkildə gerçəkləşdirib və hətta gələn jurnalistlərə yaxşı pul xərcləyib.

Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Çarukyan deyib ki, bu səfər Ermənistan hökumətinin təşəbbüsü ilə baş tutub: “Bizim təşəbbüsümüzlə Türkiyənin 10 media orqanı ölkəmizə gəlib. Məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə çatdırmaqdır. Səfər zamanı KİV nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslərlə müsahibələr və müzakirələr aparıblar”.

Çarukyan bildirib ki, dəvət olunanlar arasında hökumətyönlü, müstəqil və müxalif media nümayəndələri də var:

“Türkiyə mediasının nümayəndələri Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitlə bura gəliblər.”

Görünən budur ki, Ermənistan da bu səfərdən məmnun qalıb. Artıq bu ölkənin mediasında Ermənistanın guya Suriyaya yük daşıması üçün Türkiyə-Ermənistan sərhədində keçid məntəqəsinin (dəhlizin) müvəqqəti açılacağına dair xəbərlər də gedir. 

Sual olunur: Zəngəzur dəhlizi açılıbmı ki, Türkiyədən də belə "dəhliz" açılır?

Son günlərdə Ermənistanın xarici siyasətdəki mövqeləri Türkiyə mediasında daha çox yayımlanır. Televiziya, sayt və digər platformalarda onlarla reportaj, məqalə, şərhə rast gəlmək olar ki, türkiyəli jurnalistlər birbaşa Ermənistanın mövqeyindən fikirlər bildirirlər. 

Bu materiallarda Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin açılması, regional əməkdaşlıq ön plana çəkilir. Türkiyəli jurnalistlərin Ermənistana dəvət edilməsi və bu səfərin yüksək səviyyədə təşkil edilməsi əslində Paşinyanın yürütdüyü siyasətin bir hissəsidir. Məhz bu siyasətin nəticəsidir ki, son günlərdə bəzi türkiyəli jurnalistlər Ermənistanı və Paşinyanı az qala, sülh göyərçini elan edirlər.

Bu turu təşkil edənlərin məqsədi nə olub? 

Görünən odur ki, Ermənistan hakimiyyəti öz mövqeyini daha da gücləndirmək üçün yeri gəlsə, türkiyəli jurnalistlərin də “xidmət”indən istifadə etmək niyyətini ortaya qoyur və qardaş ölkədə Azərbaycana qarşı ictimai fikir formalaşdırmağa çalışır. Bu yolla Paşinyan hakimiyyəti Azərbaycanı sıxışdıracağını, istədiyi şərtlərin qəbul edilməsinə zəmin yaradacağını düşünür. Təəssüf ki, bəzi türkiyəli media mənsublarının da məsələlərə qısamüddətli baxaraq köklü yanaşmaması qardaş ölkə mediasında Azərbaycan haqqında həqiqətdən uzaq olan düşüncələrin yaranmasına gətirib çıxarmaqdadır.

Azərbaycan-Türkiyə qardaşlığına zərər vururlar

Təəssüf ki, Türkiyədə hələ də "hepimiz ermeniyiz" deyən çevrələr, sərhədlərin açılması ideyası ilə yaşayanlar var və onlar İlham Əliyev-Ərdoğan münasibətlərinə, Azərbaycan-Türkiyə qardaşlığına zərər vurmağa çalışırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 608

Oxşar yazılar