Tələbləri pozan seçki komissiyalarını cəzalandıracağıq.
Lent.az xəbər verir ki, bunu bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, seçkidə insanlarla düzgün davranmayan, Seçki Məcəlləsinin tələblərini pozanlar cəzalandırılacaq: “”Biz belə hallarda məsələləri araşdıracağıq”.
Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, indi bunu danışmalıyıq ki, seçkiləri ədalətli keçirə bilək:
“Seçkidə nöqsanların xırdası yoxdur, bütün nöqsanları müzakirə edirik. Nöqsanların təkrarlanmaması bizə Prezident tərəfindən verilən tapşırıqdır. Bu il keçirilmiş Prezident seçkiləri zamanı komissiya üzvlərinin yol verdiyi nöqsanlar barədə müxtəlif mənbələrdən bizə məlumat daxil olub. Veb-kameralar da bizə xeyli çatışmazlıqları da göstərib. 65 və 77 saylı seçki dairə sədrləri, Şəki şəhər 1 saylı orta məktəbin direktoru vəzifələrindən azad edilib. Bu nöqsanların seçkinin nəticəsinə təsiri olmayıb. Amma biz yol verməməliyik ki, bu kimi hallar bizim gələcəkdə keçirilən seçkilərə təsir etsin. Məntəqə seçki komissiyasından tutmuş dairəyə qədər bu iş elə qurulmalıdır ki, hər kəs çalışmalıdır ki, zərrə qədər nöqsana yol verilməsin”.
Baş prokurorun birinci müavini Elçin Məmmədov isə bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib: “Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.