Gələn il vəziyyət Putin üçün daha da çətinləşəcək.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bu barədə “Amerikanın səsi”nə müsahibəsində kəşfiyyat məlumatlarına istinadən bildirib.
"Onun (Putinin – red.) iqtisadiyyatı pis vəziyyətdədir. Onun məruz qaldığı itkilərin və qurbanların sayının öhdəsindən gəlmək çox çətin olacaq", - Lent.az-ın məlumatına görə, Lemmi deyib.
Onun sözlərinə görə, indi, qış dövrünə qədər Qərbin öz cəsarətini və mütləq sədaqətini nümayiş etdirməli olduğu məqamdır.
Lemmi onu da əlavə edib ki, Putin qoşunlarını çıxarsa, müharibə sabah başa çata bilər.
“Ancaq Putinin danışıqlar aparmaq istəyi olmasa, biz Ukraynanı dəstəkləməyə davam etməliyik, çünki Ukraynanı dəstəkləməkdən imtinanın dəyəri maliyyə baxımından daha yüksək olacaq, o zaman bütün Qərb müttəfiqləri üçün müdafiə xərcləri xeyli artacaq.
Baltikyanı sərhəd isə Putinin təhdidləri qarşısında çox həssas olardı, buna görə də biz lazım olduğu qədər Ukraynanın yanındayıq və əminəm ki, buna dözəcəyik”, - Britaniyanın xarici işlər naziri vurğulayıb.