Misir qədim, zəngin tarixi və mədəniyyəti olan müsəlman ölkəsidir. Misir həm də Azərbaycanın dostudur və bu dostluğun tarixi qədim dövrlərə gedib çıxır. Tarixi mənbələrdə orta əsrlərdə Azərbaycan-Misir ticari və mədəni əlaqələri haqqında çox geniş məlumatlar var. Müasir Azərbaycan-Misir dostluq münasibətlərinin əsası isə 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin bu ölkəyə səfəri ilə qoyulub. Hər iki ölkənin müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT, Qoşulmama hərəkatı və digərləri çərçivəsində sıx əməkdaşlığı da məhz həmin səfərdən sonra başlayıb.
Bu sözləri Lent.az-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O bildirib ki, Prezident İlham Əliyevin ötən həftə Qahirəyə səfəri Azərbaycan-Misir münasibətləri tarixində yeni mərhələdir. “Hər iki ölkənin bu münasibətləri ən yüksək səviyyəyə qaldırmaq üçün həm siyasi iradəsi, həm iqtisadi potensialı, həm də nəqliyyat-tranzit imkanları var. Azərbaycan və Misir çox əlverişli coğrafi mövqelərdə yerləşməklə Asiyanı Avropaya, Avropanı Afrikaya və Yaxın Şərqə bağlamaq imkanlarına sahibdirlər. Lakin bu ölkələri bağlayan, birləşdirən yalnız iqtisadi və siyasi maraqlar deyil. Mənəvi dəyərlər, ən başlıcası isə böyük İslam dini Azərbaycan və Misir xalqlarını yaxınlaşdıran, həmrəy edən böyük amillərdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyiblə görüşü də baş tutdu. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzinin xətti ilə həyata keçirilən çoxşaxəli tədbirlər, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərləri və digər hadisələr iki ölkə arasındakı əlaqələrin dinamikasını göstərən nümunələrdir”, - deyə o qeyd edib.
Siyasi şərhçi diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çoxşaxəli və çoxvektorlu siyasi xətti coğrafi məkan tanımır. Planetin bütün qitələrini əhatə edən bu siyasi xətt uzaqları yaxın etməklə, dostlarımızın sayını çoxaltmaqla düşmənlərimizin də ətrafını daraltmaqdadır. Artıq dünənə qədər asıb-kəsən, bizə diş qıcayan ən böyük dövlətlər belə bu gün Azərbaycanla bağlı siyasətlərinə yenidən baxmaq barədə düşünməyə başlayıblar. Bu, artıq qələbədir: haqqın, həqiqətin və sağlam düşüncənin qələbəsi!