İlham Əliyevin Çinə səfəri:  Bakı-Pekin strateji tərəfdaşlığının YENİ ERASI
23 aprel 2025 16:01 (UTC +04:00)

İlham Əliyevin Çinə səfəri: Bakı-Pekin strateji tərəfdaşlığının YENİ ERASI

Prezident İlham Əliyevin 2025-ci il aprelin 22-də Çinə etdiyi dövlət səfəri Azərbaycan-Çin münasibətlərinin inkişafında mühüm mərhələdir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir.

Azərbaycan-Çin münasibətlərində strateji sıçrayış

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünün fəal iştirakçısı kimi Çinlə Orta Dəhliz üzərindən yükdaşımaların artırılması, logistika və nəqliyyat infrastrukturunun inkişafı üçün addımlar atır. Bu baxımdan səfər Azərbaycanın geostrateji mövqeyinin güclənməsinə töhfə verir. Siyasi dialoqun intensivləşməsi və qarşılıqlı etimadın artması ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini göstərir. Bu səfər Azərbaycanın beynəlxalq nüfuzunu daha da möhkəmləndirməyə xidmət edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Şərqi Asiya üzrə eksperti Vüsal Quliyev APA-ya müsahibəsində qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə dövlət səfəri, ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyan mühüm razılaşmalar və təşəbbüslərlə yadda qalıb: “Bu səfər çərçivəsində imzalanan “Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat” Azərbaycan-Çin münasibətlərini yeni strateji müstəviyə çıxarmaqla yanaşı, qarşılıqlı siyasi etimadın dərinliyini təsdiqləyir. Eyni zamanda, Çinlə strateji tərəfdaşlıq Azərbaycanın regional və qlobal təşəbbüslərdə rolunu gücləndirmək baxımından əhəmiyyətli fürsətlər yaradır. Bu bəyanat iki ölkə arasında mövcud olan sıx siyasi münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının təsdiqidir. Hərtərəfli strateji tərəfdaşlıq statusu, gələcəkdə birgə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün möhkəm zəmin yaradır. Bu, Azərbaycanın beynəlxalq arenada mövqeyinin güclənməsinə və Çinlə uzunmüddətli, etibarlı tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edəcək”.

Nəqliyyat əməkdaşlığında yeni dövr

Səfər zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair mühüm razılaşmalar əldə edildi. Ən önəmli nəticələrdən biri Azərbaycanla Çin arasında Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanması və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yaradılmasına dair razılığın əldə olunmasıdır. Bu, Azərbaycanın Orta Dəhlizdəki rolunu daha da gücləndirir və ölkəmizin mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsinə xidmət edir.

Politoloq Beynəlxalq Multimodal Daşımalar haqqında Sazişin imzalanması və Çin-Avropa-Çin transxəzər ekspress-marşrutlarının yaradılmasına dair əldə olunan razılığı regionda nəqliyyat-logistika əlaqələrinin inkişafı üçün mühüm addım kimi qiymətləndirib: “Bu saziş "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit potensialının reallaşdırılmasına böyük imkanlar açır. Transxəzər marşrutlarının inkişafı, yükdaşımaların sürətlənməsinə, xərclərin azalmasına və regionun rəqabət qabiliyyətinin artmasına töhfə verəcək. Bu, həm də Azərbaycanın Şərq ilə Qərb arasında mühüm nəqliyyat qovşağı kimi rolunu gücləndirəcək”.

İqtisadi və yaşıl enerji sahəsində əməkdaşlıq

Əldə olunan mühüm razılaşmalardan biri də ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, bu istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə keçməsi ilə bağlıdır. Xüsusilə, ticari-iqtisadi sahədə ikitərəfli əlaqələrin yüksək keyfiyyətli inkişafına dəstək məqsədilə İnvestisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar strateji əhəmiyyət daşıyır. Bu işçi qrup gələcək birgə layihələrin planlaşdırılması, investisiya mühitinin yaxşılaşdırılması və texnologiya transferinin təşviqi baxımından önəmli platforma olacaq. Həmçinin, yaşıl enerji və rəqəmsal transformasiya sahələrində Çin təcrübəsindən istifadə Azərbaycanın iqtisadiyyatının dayanıqlı inkişafına, rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək. Bu təşəbbüs uzunmüddətli iqtisadi tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

“Ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, eləcə də ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın yüksək keyfiyyətli inkişafına töhfə vermək üçün investisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması barədə qərar Azərbaycan iqtisadiyyatının diversifikasiyası və dayanıqlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Çinin böyük iqtisadi potensialı və qabaqcıl texnologiyaları Azərbaycan üçün yeni investisiya imkanları yaradacaq, müasir texnologiyaların ölkəmizə transferini sürətləndirəcək. Yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq isə Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissələrindən biridir”, - deyə ekspert bildirib.

Çinin AQEM-də Azərbaycanın sədrliyini dəstəkləməsi

Prezidentin dövlət səfəri çərçivəsində əldə olunan mühüm siyasi nailiyyətlərdən biri də Çin Xalq Respublikasının Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində (AQEM) sədrliyini dəstəkləməsi oldu. Bu, Azərbaycanın beynəlxalq təşkilatlarda artan roluna və nüfuzuna verilən önəmin göstəricisidir. Çin, həmçinin, Azərbaycanın Asiya məkanında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, rəqəmsallaşma və davamlı inkişaf sahələrində apardığı fəal siyasəti yüksək qiymətləndirib. Bu yanaşma Azərbaycanın regional təşəbbüslərdə liderlik mövqeyinin möhkəmlənməsinə, eləcə də Asiya ölkələri ilə əməkdaşlığının daha da genişlənməsinə xidmət edir. Çinlə bu istiqamətdə yaranan siyasi həmrəylik və dəstək, Azərbaycan-Çin strateji tərəfdaşlığının dərinləşdiyini və qarşılıqlı etimada əsaslandığını bir daha nümayiş etdirir.

Vüsal Quliyev qeyd edib ki, Çinin Azərbaycanın AQEM-dəki sədrliyini və təşəbbüslərini dəstəkləməsi, ölkəmizin beynəlxalq nüfuzunun artdığını göstərir və regionda sülhə, sabitliyə və əməkdaşlığa töhfə verir: “Çinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsində sədrliyini dəstəkləməsi və Azərbaycanın Asiyada qarşılıqlı əlaqə, rəqəmsallaşma və davamlı inkişaf istiqamətində fəaliyyətini yüksək qiymətləndirməsi Azərbaycanın beynəlxalq nüfuzunun və regional əhəmiyyətinin artmasının göstəricisidir. Çinin bu dəstəyi Azərbaycanın AQEM çərçivəsində irəli sürdüyü təşəbbüslərin daha geniş dəstək qazanmasına və regionda sülh, sabitlik və əməkdaşlığın təmin olunmasına töhfə verəcək”.

Azərbaycan-Çin turizm əməkdaşlığında yeni perspektivlər

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi səfər çərçivəsində diqqət mərkəzində olub. Bu məqsədlə Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb.

Turizm sahəsinin gücləndirilməsi, birbaşa aviareyslərin artırılması, viza rejiminin qarşılıqlı ləğv edilməsi və qarşılıqlı turizm təşviqi tədbirləri ölkəmizə turist axınının əsaslı şəkildə artmasına şərait yaradacaq. Çin dünyanın ən böyük turist göndərən ölkələrindən biri kimi Azərbaycan üçün mühüm bazar sayılır. Azərbaycan isə zəngin tarixi-mədəni irsi, təbii gözəllikləri və müasir infrastrukturu ilə Çinli turistlər üçün cəlbedici istiqamətlərdən biridir. Turizm sahəsində bu əməkdaşlıq təkcə iqtisadi fayda ilə deyil, həm də xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımlar ölkəmizin beynəlxalq turizm xəritəsində mövqeyinin daha da güclənməsinə səbəb olacaq.

Ekspertin fikrincə, Azərbaycanla Çin arasında turizm əməkdaşlığının gücləndirilməsi turist axınının artmasına, turizm sektorunun inkişafına və ölkə iqtisadiyyatına yol aça bilər.

“Azərbaycanla Çin arasında turizmin gücləndirilməsi ölkəmizə turist axınının əsaslı şəkildə artmasına müsbət təsir göstərəcək. Çinin böyük turizm bazarı nəzərə alınarsa, birbaşa uçuşların sayının artırılması, vətəndaşların vizadan qarşılıqlı azad edilməsi və birgə turizm təşviqatları Azərbaycanın turizm sektorunun inkişafına güclü təkan verəcək. Bu, həm yeni iş yerlərinin yaradılmasına, həm də ölkə iqtisadiyyatına valyuta axınının artmasına səbəb olacaq. Azərbaycanın zəngin mədəniyyəti, tarixi abidələri və təbii gözəllikləri Çinli turistlər üçün cəlbedici ola bilər”.

Azərbaycan-Çin strateji tərəfdaşlığının inkişaf trayektoriyası

Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər, Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir. Hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində siyasi dialoqun gücləndirilməsi, iqtisadi və texnoloji əməkdaşlığın genişləndirilməsi, eləcə də nəqliyyat və turizm sahəsində inteqrasiyanın dərinləşdirilməsi, ölkəmizin regional və qlobal mövqeyini daha da möhkəmləndirəcək. Bu münasibətlər modeli, Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu strateji üstünlüyə çevirmək imkanlarını əhəmiyyətli dərəcədə artırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar