"Hamı bilirdi ki, prezidentin səbrini sınamaq yaxşı nəticə verməyəcək" - DEPUTAT
20 aprel 2024 15:12 (UTC +04:00)

"Hamı bilirdi ki, prezidentin səbrini sınamaq yaxşı nəticə verməyəcək" - DEPUTAT

Axır ki, gözlənilən hadisə baş verdi. Qazax rayonunun işğal altındakı 7 kəndindən 4-ü geri qaytarılır. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub.

Belə ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tarixi uğurla bağlı deputat Aydın Mirzəzadə Lent.az-a açıqlamasında bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 4 kəndinin geri qaytarılması barəsində dünən əldə edilmiş razılıq Azərbaycan prezidentinin növbəti uğuru kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin düşünülmüş və Azərbaycanın milli maraqlarına cavab verən uğurlu daxili və xarici siyasəti ölkənin ağır problemlərinin həllinə gətirib çıxarır:

“Bu Azərbaycanın maraqlarına uyğun siyasətin addım-addım uğurla həyata keçirilməsidir. Bir güllə belə atılmadan, əsgər itkisinə yol vermədən Qazaxın 4 kəndinin azad edilməsi Azərbaycanın gücünü və uğurlu diplomatiyasını göstərir. Növbədə hələ də işğal altında olan Qazaxın 3 kəndi və Naxçıvanın 1 kəndi məsələsi də var. Bu kəndlərin də danışıq yolu ilə Azərbaycana geri qaytarılmasında heç bir şübhə ola bilməz. Çünki Azərbaycan öz suveren hüquqlarını qoruya bilir və ərazi bütövlüyü üçün hər hansı bir sərhəd tanımır. Bundan sonra bu məsələdə də uğurlu addımların atılmasının şahidi olacağıq”.

Deputat Bəhruz Məhərrəmov isə mövzu ilə bağlı saytımıza açıqlamasında qeyd edib ki, regionda prezident İlham Əliyevin memarı olduğu yeni geosiyasi reallığın inikası kimi üzə çıxan Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş naziri aparatı arasında hər hansı vasitəçi olmadan 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatla Cənubi Qafqazda yeni bir dövr başladı. 

O, fikirlərinə davam edərək bildirib ki, iki ölkənin yenə də heç bir vasitəçi olmadan sərhədlərin delimitasiyası üzrə işçi qrup səviyyəsində qəbul etdikləri bəyanat və bunun əsnasında keçən əsrin 90-cı illərinin əvvəllərindən Ermənistanın işğalı altında olan 4 kəndin Azərbaycana qaytarılması ilk növbədə prezident İlham Əliyevin prinsipial qələbəsidir:

"Aydındır ki, Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünə məxsus olan bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək. Təbii ki, Azərbaycan yeni hərbi gərginlik arzulamır, hətta biz Konstitusiyamızın 9-cu maddəsində rəsmən bəyan etmişik ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı. Aydındır ki, hələ ki, yolun başlanğıcındayıq, daha ciddi addımların atılması, xüsusən sülh və sabitlik üçün yaranmış bu unikal imkanın hədər getməməsi üçün Ermənistanın iradə nümayiş etrməsi vacibdir. Sirr deyil ki, xüsusilə ABŞ və Fransa kimi neo-imperialist qüvvələrin mövcudluğu şəraitində Azərbaycan və Ermənistan arasında bu prosesi pozmaq istəyən xeyli sayda maraqlı subyektlər var. İndiki məqamda əgər Paşinyan iqtidarı iradəsini qorumasa və proses üzrə öhdəliklərindən geri çəkilsə, bu, ilk növbədə elə erməni xalqının rifahı, təhlükəsizliyi və maraqlarına tarixi zərbə olar. İrəvan nəzərə almalıdır ki, cari təcrübə də göstərir ki, Azərbaycan və Ermənistan arasında aparılan vasitəsiz diplomatiya ilə sülh istiqamətində ciddi nəticələr əldə edə bilirlər. Belə olan halda Ermənistan öhəliklərinə sadiq qayda da davransa, yalnız erməni xalqının həqiqi və qanuni öz maraqlarından çıxış edərsə və xüsusən kollektiv Qərbin əlində alət olmasa, regionda dayanıqlı sülhün tam şəkildə təmin olunması realdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3936
avatar

Arzu Qurbanlı

Oxşar yazılar