Oktyabr seçkilərindən sonra Avropayönlü müxalifət partiyaları mandatların təxminən 55 faizni ala bilər.
Rəy sorğusunda Gürcüstanın hakim Rusiyayönlü partiyası “Gürcü arzusu” liderlik etsə də, mütləq səs çoxluğu əldə edə bilməyəcək. Avropayönlü müxalif siyasi qüvvələr birləşsə, koalisiya yarada bilər.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, sorğunun nəticələrini “Formula” telekanalı yayıb.
Belə ki, respondentlərin 33 faizi bir sıra anti-Qərb və antidemokratik addımlar atan hazırkı hakimiyyətə səs verməyə hazırdır. Bütün Avropayönlü müxalif siyasi qüvvələr əhəmiyyətli dərəcədə az qazanır, lakin onlar birlikdə koalisiya yaratmağa qadirdirlər.
5 faizlik maneəni “Birlik” bloku, Dəyişiklik koalisiyası, “Güclü Gürcüstan” və “Qaxariya – Gürcüstan naminə” partiyaları aşır. Razılaşmalar uğurlu olarsa, mandatların təxminən 55 faizinə sahib olacaqlar.
Xatırladaq ki, növbəti parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək. İlk dəfə seçki yalnız proporsional sistem üzrə keçiriləcək.