Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə mühüm məqamlara toxunub. Dövlət başçısı deyib ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də, heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Ölkə rəhbəri bu məsələdə xüsusən gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə diqqət yönəldib: “Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar. Heç kimin təsiri altına düşməməlidirlər, müxtəlif vədlərə aldanmamalıdırlar. Bizim bu 30 illik işğal dövrümüz onu göstərdi”. Prezident bəyan edib ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz.
Dövlət başçısının diqqət yönəltdiyi məsələni “Sherg.az”a dəyərləndirən “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı cənab Prezidentin çox mühüm məqamlara təmas etdiyini söyləyib. O bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti həyata keçirilir:
“Uzun illərdir həyata keçirilən bu siyasətin ana məqsədi Azərbaycan gənclərini milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ruhunda yetişdirmək, eyni zamanda dünyadakı rəqabət prosesinə tab gətirəcək qədər bilikli, intellektual, mobil gənclik ordusunu görmək istəyi dayanır. Çox şükür ki, 44 günlük İkinci Vətən müharibəsi Azərbaycan gəncləri üçün bir sınaq oldu. Gənclərimiz bu müharibə sınağından üzüağ çıxdılar. Ön cəbhədə qəhrəman əsgərlərimiz torpaqlarımızı düşmən işğalından təmizləmək üçün böyük şücaət göstərdilər. Gənclərimizin böyük qismi isə arxa cəbhədə informasiya savaşının döyüşçüsü kimi ölkəmizə qarşı qarayaxma kampaniyası aparan güclərin önünü kəsdilər. Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində təkcə gənclərimizin yox, bütövlükdə xalqımızın sərgilədiyi həmrəylik, xalq-ordu-dövlət vəhdəti dünyada model kimi hələ uzun müddət gündəmdə olacaq. Nəinki ölkəmizdə yaşayan vətəndaşlarımız, gənclərimiz, xarici dövlətlərdə yaşayan soydaşlarımız da xaricdəki diplomatik korpuslarımıza müraciət edərək Vətən müharibəsində iştirak etmək niyyətlərini ortaya qoydular”.
Həmsöhbətimiz bildirib ki, belə nümunələrə müasir dünyada çox az rast gəlinir: “Dünyanın müxtəlif bölgələrində müharibələr gedir. Ancaq dünyanın çox az ölkəsində buna bənzər nümunələr görə bilərik. Bu mənada Azərbaycan xalqı dünyaya qəhrəmanlıq nümunəsi, Vətəni sevməyin örnəyini təqdim etdi. Bu, çox böyük hadisədir. İllərdir həyata keçirilən gənclər siyasəti davam etməlidir. İndi üzərimizə düşən məsuliyyət əvvəlkindən daha çoxdur. Daha ayıq-sayıq, diqqətli, hazırlıqlı və vətənpərvər olmalıyıq. Əgər əvvəl düşmənimiz Ermənistan və onu aşkar himayə edənlər idisə, indi torpaqlarımızın azadlığını həzm edə bilməyən böyük güclər də bizə düşmənçilik edirlər”.