2019-cu il başa çatır. Ancaq əfsus ki, bu ili də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından əvvəlkilər kimi itirilmiş fürsətlər ili saymaq olar. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində 2019-cu ilin danışıqlar prosesi üçün itirilmiş il olduğunu bildirib.
Bəs 2019-cu il niyə əvvəlki illərdən fərqlənmədi? Dağlıq Qarabağ problemi niyə 2019-cu ildə də həll edilmədi?
Məsələ ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Lent.az-a danışıb.
Onun fikrincə, bu gün sülh prosesi əsas əhəmiyyət kəsb etmir:
“Ermənistanın mövqeyi il ərzində ciddi şəkildə radikallaşmış tendensiya üzərində qurulub. Ermənistan tərəfi ilin əvvəlindən başlayaraq, bir neçə dəfə cəbhə xəttində təxribatlar törədib. Hətta mayın 30-da erməni snayperinin açdığı atəş nəticəsində Azərbaycan ordusunun mayoru Aqil Omarov şəhid olmuşdu. Bu təxribatlar onu göstərir ki, Ermənistan tərəfi bu və ya digər yollarla vəziyyətin gərginləşməsində maraqlıdır. Bununla onlar danışıqları pozmaq istəyirlər.
Digər məsələ Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqları pozmaq məqsədilə səsləndirdiyi bəyanatlardır. Onun “Qarabağ məsələsində bir qarış da olsun torpaq geri qaytarılmayacaq, bu məsələ, ümumiyyətlə, müzakirə mövzusu ola bilməz” və “Qarabağ Ermənistandır və nöqtə” açıqlamaları danışıqların aparılmasını sual altına alıb. Birincisi, Paşinyanın “bir qarış da olsun torpaq geri qaytarılmayacaq” bəyanatından sonra ortaya sual çıxmışdı ki, bu məsələ müzakirə olunmursa, Azərbaycan danışıqlara niyə gedir? Paşinyanın ikinci bəyanatı da sülh prosesinin real danışıqlardan uzaqlaşmasına gətirib çıxarmışdı. Ümumiyyətlə, bu bəyanatların və təxribatların əsas məqsədi real danışıqları mümkünsüz etməkdən ibarət idi”.
Sabiq nazir 2019-cu il ərzində Dağlıq Qarabağ münaqişəsi çərçivəsində vasitəçilərin də mövqeyini təhlil edib:
“2019-cu ildə ən maraqlı hadisə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya səfəri olub. Səfər zamanı Rusiyanın xarici işlər naziri Segey Lavrovun sözçüsü Mariya Zaxarova öz bəyanatlarında Lavrovun dediklərini təkzib etdi. Zaxarova məcbur olub etiraf etdi ki, danışıqlar prosesi və sülh formatı Ermənistan və Azərbaycan arasında müzakirə olunur. Zaxarova Rusiyanın da bu formatı dəstəklədiyini bildirdi. Bütün bunlar onu göstərir ki, Rusiyanın daxilində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iki mövqe formalaşıb. Birincilərin mövqeyinə görə, artıq Ermənistanın varlığı Rusiya üçün problemlər yaradır. Tərəfdaş kimi də Ermənistan həm iqtisadi, həm də hərbi baxımdan mənasızdır.
Ermənistan Rusiyaya Cənubi Qafqazda reallığa yaxın siyasət aparması və Azərbaycanla iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıq etməsi üçün maneələr yaradır. Digər qruplaşma isə məhz Lavrovun qanadı altında formalaşıb. Bu qruplaşmanın əsas prioriteti Paşinyanla münasibətləri pisləşsə də, Ermənistanın maraqlarını daim müdafiə etməkdir. Bu qruplaşma və Lavrov uzun müddət baş verən danışıqlar prosesinin imitasiyası ilə məşğul idi. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələdə tez-tez səsləndirdiyi bəyanatları ilə gündəmə gəlib.
Valday görüşündə Prezident İlham Əliyev və Sergey Lavrov arasındakı fikir mübadiləsi zamanı da ölkə başçısı kəskin şəkildə Lavrovun irəli sürdüyü “Dağlıq Qarabağ xalqı” məfhumuna etiraz edib. Hiss olunur ki, bu və ya digər şəkildə vasitəçilik mövqeyinin Rusiyada dəyişməsi üzərində proses gedir. İl ərzində əsasən Rusiyanın vasitəçi kimi istəyi imitasiya şəklində olan danışıqları bərpa etməkdən ibarət olub. Rusiya sülh prosesində formatı dəyişmək niyyətində idi. Bu qeyri-konstruktiv mövqe idi ki, prosesi real danışıqlardan uzaqlaşdırırdı”.
Zülfüqarov Ermənistan və vasitəçilərin Dağlıq Qarabağ münaqişəsi ətrafında addımlarına qarşı Azərbaycanın mövqeyinə də münasibət bildirib:
“Azərbaycan Ermənistan və Rusiyanın addımları qarşısında müdafiə mövqeyindən çıxış edib. Təəssüf ki, daha fəal diplomatik addımlar atılmayıb. Yəni bunun üçün mövcud olan imkanlardan da istifadə olunmayıb. Azərbaycan tərəfi imitasiya xarakterli görüşlərə qatılmaqdan imtina etməyib və bu görüşlərə qatılmaqda davam edib. Ümumiyyətlə, qarşıdakı ildə də ümumi tendensiya gərgin proseslərin daha da dərinləşəcəyini göstərir. Çünki əsas məsələlər danışıqlar vasitəsilə həll olunmur. Danışıqlar işğal olunmuş əraziləri bizə qaytarmır, etnik təmizləmələrə məruz qalan vətəndaşlarımızın yerlərinə qayıtması imkanları yaratmır. Problemlər həll olunmadığı üçün gərginlik daha da artacaq”.
Sabiq nazir vurğulayıb ki, həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi müharibənin qaçılmaz olduğunu başa düşür:
“Çünki Ermənistanın baş naziri öz bəyanatlarında müharibə variantının qaçılmaz olmasından təbliğatı baxımdan istifadə edir. Azərbaycan bu bəyanatlar vasitəsilə işğal altında olan torpaqların geri qaytarılması planlarını açıq şəkildə bildirilir. Artıq hadisələrin digər məcrada inkişafı çox real və mümkün görünür”.
Hərbi icmalçı Nazim Bayramov da məsələ ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Ermənistanda 2018-ci il hakimiyyət dəyişikliyi ilə bağlı Qarabağ nizamlanmasında yaranmış optimizm və gözləntilər 2019-cu ildə özünü doğrultmadı:
“Paşinyan bəzən danışıqların formatını, bəzən isə danışıqların mənasını sual altına alan fikirlər səsləndirməyi davam etdirdi. Bu cür təxribatçı davranışına görə o, hətta yaxın müttəfiqi olan Rusiya xarici işlər naziri Lavrovun açıq tənqidinə tuş gəldi. İlin sonunda keçirilən Bratislava görüşündə isə erməni diplomatiyası 2016-cı il Vyana görüşündə irəli sürülən, atəşkəs rejiminə nəzarətin gücləndirməsi tədbirlərini gündəmə qaytarmağa çalışdı. Bunların vaxt uzatmaq üçün diplomatik manevrlərdən başqa bir şey olmadığını Azərbaycan elə Bratislavada açıqladı. Çünki 2018-ci il Düşənbə görüşlərindən bəri cəbhədə nisbi sakitlikdir, ancaq danışıqlarda irəliləyiş yoxdur”.
N. Bayramovun sözlərinə görə, il ərzində informasiya sahəsində Azərbaycan bir neçə media-effektli uğurlar qazanıb:
“Zöhrab Mnasatkanyanın BBC-i müxbirinin sualları qarşısında acizliyi fonunda erməni faşizmi ideoloqu Njdenin xatirə löhvəsinin Rusiyada salınması, daha geniş beynəlxalq auditoriyanın erməni faşizmin mövcudluğu barədə öyrənməsi, düşmənlərimizin “soyqırıma məruz qalmış qədim, əzabkeş millət” maskasının salınması idi. Onların işğalçı mahiyətinin xaricdə açılması bu il mümkün oldu. Bunlar çox önəmlidir, çünki münaqişə başlayandan informasiya sahəsində mənfur qonşularımızdan geri olmuşuq”.
Polkovnik vurğulayıb ki, hərbi cəhətdən də Azərbaycan gücünü artırmağa davam etdirir:
“Sərhədçilərimiz bu il Qərb bölgələdə irəliləyişləri davam etdirdi. Hərbi fürsətlər ilk növbədə diplomatik mühitdən asılıdır. Ancaq hərbi faktoru müstəqil qiymətləndirsək, Rusiya tərəflərin birinə digəri üzərində qəti hərbi üstünlüyə malik olmağa imkan vermir. Tor-M2KM zenit qurğuların Ermənistana “satışı” bu qəbildəndir. Rusiya bizim güclü tərəfimiz olan PUA-a (pilotsuz uçan aparatlar) qarşı ermənilərə müasir zenit vasitələr verir. Bu yolla Rusiya tərəflərin hərbi imkanlarını tənzimlədir”.
N. Bayramov qeyd edib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə münaqişə dalana qayıtdı:
“2019-cu ildə keçən 25 il ərzində əldə olunan dinc həll yolları yeni Ermənistan hakimiyəti ilə 1.5 il ərzində gözdən təkrar keçirildi və proses dalana qayıtdı. Gələn il erməni diplomatiyası danışıqlar prosesində ikinci dərəcəli məsələlərlə gündəmi dəyişmək cəhdlərini, əslində vaxt uzatmağı, davam etdirəcək. 2019-cu il danışıqlar prosesi üçün itirilmiş il hesab olunsa da, Azərbaycanın haqq işində irəliləməsi, torpaqlarımızın işğaldan azad olunması yolunda itirilmiş il deyil”.