Estetik əməliyyat edənlərin əksəriyyəti öz görünüşünü bəyənməyən, aynadakı cizgilərini başqa cür görmək istəyənlərdir. Əməliyyatdan sonra yataq şəraiti, evdə qalıb dincəlmək, soyuq və şaxtadan uzaq olmaq üçün isə çoxları yay tətilini gözləyirlər.
Bəs yayda estetik əməliyyat etdirmək doğrudurmu? Digər fəsillərlə müqayisədə yayda əməliyyat edirməyin hansı fəsadları ola bilər?
Lent.az bu mövzuda araşdırma aparıb.
Bir sıra əməliyyatlarda, o cümlədən, rinoplastika, üz gərmə, qaş qaldırma, liposaksiya, sinə böyütmə yaxud kiçiltmənin yay aylarında edilməsi bəzi çətinliklərə səbəb ola bilər.
Yayda temperaturun yüksəkliyi və günəş şüalarının intensivliyi əməliyyatdan sonrakı şişkinlik, eləcə də iltihab riskini artıra, həmçinin günəş şüaları əməliyyat sonrası yaranın üzərində ləkə yaxud qalıcı piqmentasiyaya gətirib çıxarar.
Estetik cərrahların sözlərinə görə, yay aylarında rinoplastika əməliyyatı etdirmək gün eynəyi taxmaq baxımından da çətiliklər törədir. Bu əməliyyatdan sonra ən az 6 ay eynək taxma məhdudiyyəti günəş şüalarından da qaçmağa mane olur.
Digər əməliyyatlarda isə istidən tərləmə halları infeksiyaya zəmin yarada bilər. Bu səbəbdən plastik cərrahlar yay aylarında əməliyyatdan sonra günəşdən qorunmağı, su qəbulunu artırmağı və xüsusi gigiyenik qaydalara əməl etməyi tövsiyə edirlər.
Bədən temperaturunun artması, əməliyyat sonrası bərpa müddətinə də təsir edə bilər.
Bəzi insanlarda dəri regenerasiyası isti havalarda yavaşlayır. Bandajların və sıxıcı geyimlərin istifadəsi narahatlıq verə bilər (xüsusən abdominoplastika, mammoplastika əməliyyatlarında).
Bu kimi estetik əməliyyatlardan sonra yaralı bölgəyə 1 həftə və 10 gün, hətta daha çox müddətində su vurulmaması (bəzi hallarda duş almaq və üzü yumamaq) yayda narahatlığa, qaçınmaya səbəb olur. Həmçinin əməliyyatlardan sonra birbaşa günəş şüasi ilə təmasdan uzaq durmaq da tövsiyyə olunur. Lakin yayda bu, o qədər də mümkün deyil. Bununla belə, düzgün qulluq və tibbi göstərişlərə riayət etməklə yay aylarında da tam uğurlu nəticə əldə etmək mümkündür.
Bəs estetik əməliyyatlar üçün ən uyğun ay hansıdır?
Ən optimal vaxt payız və qış ayları, xüsusən okyabr, noyabr, fevral və martın əvvələri hesab olunur. Təsadüfi deyil ki, həmin vaxtlarda estetik cərrahların qəbulunda da yer tapmaq müşkülə çevirilir.
Bu aylarda həm şişlər daha tez çəkilir, həm də çapıqların görünmə riski minimuma enir. Eyni zamanda, qış geyimləri bədəni daha çox örtür və əməliyyat izlərini gizlətməyə kömək edir.
Qısası, yay aylarında estetik əməliyyat etdirmək mümkündür, lakin əlavə diqqət və qayğı tələb edir. Həkiminizlə məsləhətləşmək, günəşdən qorunmaq və tövsiyələrə əməl etmək bu prosesin uğurla tamamlanmasına kömək edəcək.