Bu gün Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib.
Lent.az xəbər verir ki, konfransda Seneqaldan, Burkina-Fasodan, Kamerundan, Qvineya-Bisaudan, Konqo Demokratik Respublikasından, Mavritaniyadan, Zimbabvedən, Nigerdən, Fransadan və Fransanın əsarəti altında olan Mayot adasından nümayəndələr hüquqşünaslar, həmçinin QHT rəhbərləri, siyasətçilər və ekspertlər iştirak ediblər.
Konfransda "Delimitasiyası olunmuş, lakin azad olmayan: Neokolonializmin Afrikada yeni təzahürləri", "Afrikanın inkişafı üçün iqtisadiyyatın dekolonizasiyası", "Afrikalıların kimliyin müəyyənləşdirilməsi üçün sosial və mədəni dirçəliş" mövzularında sessiyalar keçirilib.
Sessiyalarda çıxış edən mavritaniyalı jurnalist Abdarahman Von bildirib ki, Afrika ölkələri Fransa müstəmləkəçiliyindən əziyyət çəkən ölkələrdəndir.
Malidən olan QHT rəhbəri Kabin Dumbia qeyd edib ki, iqtisadi müstəqilliyi əldə etmək üçün təbii resurslara tam sahib olmaq, istehsal zəncirini qurmaq, yerli istehsalı təşviq etmək zəruridir. O bildirib ki, Afrika ölkələri yeni tərəfdaşlar axtaran zaman keçmiş müstəmləkəçi ölkələrlə ehtiyatla davranmağa məcburdur.
Çıxış edən aktivist Kemi Seba “neoliberalizm” adı altında Qərb dəyərlərinin bir çox ölkələrə yeridildiyini bildirib.
Sessiyalardan sonra Təşəbbüs Qrupunun illik (2023-2024) fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Sonda xatirə şəkli çəkdirilib.
***
10:36
Bakıda Afrikada Fransanın neokolonializm siyasətinə həsr edilmiş beynəlxalq konfrans keçirilir.
Lent.az xəbər verir ki, beynəlxalq konfrans oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutub.
Konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak edir.
Konfransda tanınmış aktivist Kemi Seba da iştirak edir.
Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda? Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş Kemi Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınıb. Fransa Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.
Lakin Fransa hətta buna da müvəffəq ola bilməyib Belə ki, Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi Sebaya diplomatik immunitet verib.
Xüsusilə vurğulayaq ki, “URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Belə ki, K.Seba-nın “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.
Hazırda Bakıda səfərdə olan Seba oktyabrın 3-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusuna həsr edilmiş beynəlxalq konfransında iştirak edəcək, mövzu üzrə Stend-Ap formatında çıxış edəcək.