Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlığa yüksəlib
13 fevral 2025 11:45 (UTC +04:00)

Azərbaycan-Çin münasibətləri strateji tərəfdaşlığa yüksəlib

Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi necə inkişaf edir?

"Azərbaycan və Çin arasındakı dostluq münasibətləri 2024-cü ildə imzalanmış Bəyannamə ilə strateji tərəfdaşlığa qədər yüksəlib".

Lent.az-ın məlumatına görə, bunu Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Mirkişili bildirib.

Tahir Mirkişili

Azərbaycan-Çin strateji tərəfdaşlığı ölkəyə nə qazandırır?

Tahir Mirkişili deyir ki, hazırda Azərbaycanın xarici ticarət dövriyyəsində Çin 4-cü, idxalında isə 1-ci yerdə qərarlaşıb. Çinin 19 trl dollarlıq iqtisadi gücü ilə dünyanın 2-ci böyük iqtisadi gücü olması həm də Azərbaycan üçün nəhəng potensialın olmasını göstərir:

“Azərbaycanın iqtisadi siyasətinin mühüm istiqamətlərindən biri Orta Dəhlizin inkişaf etdirilməsi və Şərq-Qərb arasında nəqliyyat daşımasından müxtəlif iqtisadi faydalar əldə etməsidir. Bu istiqamətdə bizim iqtisadi maraqlarımız ilə Çinin iqtisadi maraqları arasında bir uzlaşma mövcuddur. Eyni zamanda, Çinin iqtisadi əlaqələrin bərqərar edilməsində dövlətlərin müstəqilliyinə, suverenliyinə xələl gətirən şərtlər irəli sürməməsi, süni siyasi maneələr yaratmaması müasir dünyada beynəlxalq ticarətin inkişafı üçün tələb olunun mühüm nüanslardır. Bu məsələdə də Azərbaycanın və Çinin mövqeləri üst üstə düşür. Nəhayət, Çin bazarı Azərbaycan sahibkarları üçün mühüm fürsətdir. İki ölkə arasında nəqliyyat imkanlarının inkişaf etməsi Azərbaycan məhsullarının Çin bazarına satılması üçün mühüm şərait yaratmaqdadır. Eyni zamanda, Azərbaycan iqtisadiyyatına getdikcə daha çox Çin investisiyalarının yatırılması iki ölkə arasında əlaqələrin qarşılıqlı etimada söykəndiyinə işarə edir”.

Azərbaycan və Çin arasında nəqliyyat əlaqələri necə inkişaf edir?

Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü qeyd edib ki, Azərbaycanın coğrafi olaraq iqtisadi mərkəzlər arasında yerləşməsi onun bu təbii üstünlükdən faydalanmasını şərtləndirir:

“Şaxələndirilmiş xarici siyasət kursu ölkəmizin maksimum fayda əldə etməsinə hesablanıb və ən doğru yoldur. Şərq və Qərb, Şimal və Cənub arasında nəqliyyat dəhlizlərinin keçdiyi tək ölkə olan Azərbaycan hazırda bütün istiqamətlərdə lazımı etimad qazanmışdır. Bunun nəticəsində son 1 ildə nəqliyyat daşımaları dəfələrlə artmış, ölkəmiz ilə müxtəlif sahələrdə əməkdaşlıq edən tərəflərin sayı durmadan artır. Hər hansı siyasi qarşıdurmadan, sanksiyalardan uzaq olan xarici siyasət yürüdən Azərbaycan müxtəlif tərəflər arasında İqtisadi əlaqələrin canlanmasına mühüm töhfə verərək öz İqtisadi və siyasi müstəqilliyini daha da gücləndirir. Xarici siyasət kursunun şaxələndirilməsi iqtisadi və siyasi müstəqilliyimiz gücləndirir, iqtisadi gəlirlərimiz artır”.

Orta Dəhliz Çin və Avropa üçün nə qədər əhəmiyyətlidir?

Tahir Mirkişili dünyada Şərq və Qərb arasında mövcud olan ənənəvi nəqliyyat dəhlizlərinin böhran yaşadığına diqqət çəkib:

“Rusiya ərazisində və Qırmızı dənizdə hərbi gərginliyin artması hər iki istiqamətdə yüklərin daşınması müddətinə və dəyərinə ciddi təsir edir. Belə bir şəraitdə, Şərq və Qərb arasında məsafəcə ən qısa olan Orta Dəhlizin inkişaf etdirilməsi həm bir zərurətdir, həm də yeni iqtisadi əməkdaşlıq platformasıdır. 10-a yaxın ölkənin ərazisindən keçən, bütün bu ölkələri bir-biri ilə əməkdaşlıq sövq edən, onları İqtisadi tərəfdaş halına gətirən bu layihə həm maraqlı bir əməkdaşlıq platformasıdır. Orta dəhlizin açar ölkəsi Azərbaycandır. Azərbaycanın öz infrastrukturunu sürətlə inkişaf etdirməsi nəticəsində son 1 ildə bu dəhlizdən daşınan yüklərin həcmi xeyli artmışdır. Orta Dəhliz həm də mühüm bir beynəlxalq layihədir. Çin və Avropa Birliyi arasında ticarət həcmi 800 mlrd dollara yaxınlaşmaqdadır. Dünyanın gələcək İqtisadi inkişafı ölkələr arasında ticarətin həcmini artmasından asılıdır. Nəqliyyat imkanları olmadan ticarət həcminin artmasından danışmaq mümkün deyil. Bu mənada Azərbaycan-Çin münasibətlərinin inkişafı həm də qlobal iqtisadiyyata mühüm töhfə verəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531

Oxşar yazılar