AXCP və Müsavatın fəaliyyətinin dayandırılması gündəmə gələ bilər - XƏYANƏTƏ BƏRAƏT YOXDUR
31 oktyabr 2025 18:00 (UTC +04:00)

AXCP və Müsavatın fəaliyyətinin dayandırılması gündəmə gələ bilər - XƏYANƏTƏ BƏRAƏT YOXDUR

0

Azərbaycanda baş verən son proseslər və “Ramiz Mehdiyev İşi” siyasi sferada təmizləmə və yenilənmə zərurətini ortaya çıxarıb. Uzun illər Prezident Administrasiyasına rəhbərlik edən şəxsin dövlətə xəyanət yolunu tutması və bu xəyanətin ətrafında ifşa olunan gizli planlar bunu deməyə əsas verir. İfşa olunan planlar onu göstərdi ki, Ramiz Mehdiyev anti-milli qüvvələrlə əlbir olaraq uzun illər ölkənin milli təhlükəsizliyinə təhdid olan şəbəkə qurub. Bu şəbəkəyə daxil olanların siyahısı mediada açıqlandıqca cəmiyyət kimin kim olduğunu daha yaxşı görməyə başlayır.   

Düzdür, “Mehdiyev şəbəkəsi” deyiləndə əsas diqqət dövlət qurumlarına yönəlir. Hamı bu şəbəkənin əsas üzvlərini hakimiyyətin daxilində - qanunvericilik, icra və məhkəmə sistemində axtarır. Lakin əks-düşərgə - müxalif cəbhə əsla kənarda qalmamalıdır. Ramiz Mehdiyev şəbəkəsini tamamilə neytrallaşdırmaq, ölkənin milli təhlükəsizliyə olan təhdidləri aradan qaldırmaq üçün prosesə müxalifət düşərgəsindən baxmaq çox vacibdir. 

Ramiz Mehdiyev şəbəkəsinin müxalifətdən olan üzvləri ilə bağlı mediada artıq məlumatlar yayılır. Mehdiyevin gizli şəbəkəsində ən çox Milli Şuranın, AXCP və Müsavat partiyasının adı hallanır, Əli Kərimli, Gültəkin Hacıbəyli, o cümlədən, Müsavat partiyası ilə Ramiz Mehdiyevin pərdəarxası təmaslarından bəhs edilir.

Əslində Ramiz Mehdiyevlə müxalifət arasında separat təmasların olduğu indinin məsələsi deyil. İllərdir ki, bu mövzu müzakirə olunur, Mehdiyevin radikal müxalifət təmsilçiləri ilə gizli əlaqələri barədə yazılır, deyilir. Siyasi hadisələrin inkişafı, baş vermiş proseslərin təhlilindən çıxan nəticələr bu məlumatların əsassız olmadığı qənaətinə gəlməyə imkan verir.

Ramiz Mehdiyevin “Dövlət Şurası” ilə “Milli Şura”nı nə birləşdirir?

Yenə şura... 2013-cü ildə “Milli Şura” yaradılanda müxalifətdə təmsil olunan bir çox siyasətçilər bunun Rusiyanın layihəsi olduğunu etiraf edirdi. Bu gün baş verənlər onu göstərir ki, əslində, Ramiz Mehdiyevin bu gün xülyasını qurduğu “Dövlət Şurası” ilə “Milli Şura” arasında çox bənzərlik var.

Hələ o zaman politoloq Qabil Hüseynli mediaya açıqlamasında “Milli Şura”nın Rusiyanın ideyası olduğunu, bütün dəstəyin Rusiyadan gəldiyini bəyan etmişdi: “Milli Şuranın yaradılması ideyası Rusiyaya məxsusdur. Ona görə də qurumun başına Rüstəm İbrahimbəyov gətirildi. Müsavat və AXCP “Milli Şura”nın Rusiyanın layihəsi olduğunu bilə-bilə bu düşərgəyə qoşuldular”.

Bundan başqa, dəqiq məlumatlar var ki, Milli Şuraya üzv olmaq üçün müraciət olunmuş partiyalara və ayrı-ayrı şəxslərə maliyyənin məhz Rusiyadan ayrılacağı açıq şəkildə bildirilirdi. Bəzi partiyaların və şəxslərin məhz bu səbəbdən Milli Şuraya üzv olmaqdan imtina etdiyi də bilinən faktdır.  

2019-cu ilə qədər müxalifət düşərgəsində aktivlik vardı. Mitinqlər, piketlər... Əli Kərimli başda olmaqla Milli Şura rəhbərliyinin səs-küyü aləmi bürümüşdü. Ölkənin siyasi gündəmində “Milli Şura”, AXCP və Müsavat partiyası bir növ “at oynadırdı”. Müxalifətin bu cür süni şəkildə şişirdilməsi prosesinin arxasında Ramiz Mehdiyevin dayandığı barədə elə o vaxt da deyilirdi, yazılırdı. Mehdiyevin məqsədi isə özünü “hakimiyyətin qorucuyusu” kimi göstərmək idi. Mehdiyevçilər prosesləri elə təqdim edirdilər ki, sanki hakimiyyətə ciddi təhdidlər var və bu təhdidlərin qarşısını məhz onlar alırlar.

Müxalifət, xüsusilə Əli Kərimli və komandası isə bununla öz mövcudluqlarını qoruyur, həm maliyyə, həm də digər imtiyazlar əldə edirdilər. Ramiz Mehdiyev və Əli Kərimlinin rəhbərlik etdiyi hər iki düşərgədəki dəstə arasında gizli təmaslar vardı. Ramiz Mehdiyevin “hakimiyyətə təhdid” planına təkcə Azərbaycandakı siyasi müxalifət yox, Avropa paytaxtlarında yuvalanmış “söyüş müxalifəti” də daxil idi. 

Ramiz Mehdiyevin 2019-cu ildə vəzifədən və siyasi səhnədən getməsi ilə Milli Şura, AXCP və Müsavatın da səsi və nəfəsi kəsildi. Çünki artıq onlara nəfəs verənin özünün nəfəsi kəsilmişdi.

Milli Şuranın və Ramiz Mehdiyevin xəyanət məktubları

Ramiz Mehdiyevin bu gün Rusiyaya yazdığı xəyanət məktubunun oxşarını 2013-cü ildə Əli Kərimli və dəstəsi də yazmışdı. 2013-cü ildə “Milli Şura” adlı antimilli qurum Rusiya Prezidenti Vladimir Putinə məktub yazaraq ondan dəstək istəmişdi. Hətta onlar hakimiyyətə gələcəkləri təqdirdə istənilən öhdəliyi götürməyə hazır olduqlarını da bəyan etmişdilər. Bu faktın özü də göstərir ki, xəyanətin təməli hələ o zamandan qoyulmuşdu. Bu oxşar addımlar və ssenarilər onu deməyə əsas verir ki, bu gün Ramiz Mehdiyevin rəhbərlik etdiyi “beşinci kalon”un neytrallaşdırılması prosesində diqqəti müxalifət düşərgəsinə də yönəltmək lazımdır. Təmizləmə və yenilənmə prosesi məhz müxalifət düşərgəsində də aparılmalıdır.

Vətənə və dövlətə xəyanət bağışlana bilməz. Təmizləmə və yenilənmə prosesi fonunda AXCP və Müsavat partiyalarının da fəaliyyəti sorğulanmalı, əməllərinə hüquqi müstəvidə qiymət verilməlidir. Siyasi fəaliyyəti dövlətə xəyanətdə görən, nicatı başqa ölkədə axtaran AXCP və Müsavatın bu gün fəaliyyətini davam etdirməsi nə dərəcədə doğrudur? Bu suala cavab tapmaq çox vacibdir. Azərbaycanın milli təhlükəsizliyinin qorunması və gələcək təhdidlərin qarşısının alınması üçün xəyanət yolunu tutanlar layiqli cəzalarını almalıdır.

AXCP və Müsavat siyasi səhnədən silinməlidir

Milli təhlükəsizlik və xarici qüvvələrin təsirləri ilə mübarizə hər bir ölkənin ən önəmli işidir. Qonşu Gürcüstan da xarici qüvvələrin təsirindən ən çox zərər görmüş ölkələrdən biridir. Diqqət etsəniz görərsiniz ki, son illər Gürcüstanda elə bir seçki olmayıb ki, sonunda mitinqlər və toqquşmalar olmasın. Məhz bu təsirlərin dövlətin dayaqlarına vurduğu zərbəni minimuma endirmək üçün Gürcüstanda son illər sistemli tədbirlər görülür. “Xarici təsirlərin şəffaflaşdırılması” haqqında qanunun qəbulu da buna ən yaxşı nümunədir. Həmin qanun xarici müdaxilə cəhdlərinin önünə sədd çəkdiyi üçün Gürcüstan bu gün Qərbin ciddi təzyiqlərinə məruz qalır. Lakin Gürcüstan iqtidarı bu təzyiqlər qarşısında geri çəkilmək niyyətində deyil. Əksinə, xaricdən maliyyə və digər dəstək alan müxalifət partiyalarının fəaliyyətinin dayandırılması istiqamətində qətiyyətli addımlar atır.

Uzun illər müharibə şəraitində yaşadığımız Ermənistan da xarici qüvvələrin təsiri və təhdidi ilə üzləşən ölkədir. Hazırda Paşinyan ölkəsində qarışıqlıq yaratmaq istəyən qüvvələrə qarşı daha radikal addımlar atır. O, Rusiya ilə bağlı oliqarxların həbsi, kilsənin siyasi təsirinin məhdudlaşdırılması kimi addımlarla daxili sabitliyi qorumağa çalışır.

Bu prosesə qardaş Türkiyədən də nümunə çəkmək yerinə düşər. “Gezi parkı” etirazlarını hər kəs çox yaxşı xatırlayır. Bu aksiyalarla dövlətin sütunlarını içəridən sarsıtmaq istəyən “paralel yapı”lar və xaricdən idarə olunan media strukturları sistemli şəkildə zərərsizləşdirildi.

Son illər Esenyurt bələdiyyə sədri Əhməd Özərin terror təşkilatına üzv olmaq ittihamı ilə həbsi, İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluna qarşı casusluq ittihamı qardaş Türkiyənin xarici qüvvələrlə mübarizəsini əzmlə davam etdirdiyini göstərir.

Yeri gəlmişkən, Müsavat başqanı İsa Qəmbərin də adı Türkiyədə İmamoğlu ilə bağlı istintaqda hallanır.

Əkrəm İmamoğlu barəsində “casusluq” ittihamı ilə aparılan istintaq işində bildirilir ki, məlumat verən Ü.D.A adlı şəxs bildirib ki, Hüseyn Gün 2005-ci ildə ABŞ-da fəaliyyət göstərən hüquq bürosu vasitəsilə “Freedom LLC” adlı şirkətin yaradılmasını təşkil edib. Onun sözlərinə görə, bu şirkət vasitəsilə “Azərbaycanın demokratikləşməsi adı altında” bəzi şəxslərə, o cümlədən həmin dövrdə Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə maliyyə dəstəyi göstərilib.

Bu, həm Türkiyə, həm də Azərbaycanda xaricdən müxalifətə maliyyə axınlarının ortaq mənbələrdən idarə olunduğunu göstərir.

İmamoğlunun istintaqı çərçivəsində üzə çıxan detallar yeni olsa da, Azərbaycan müxalifətinə xaricdən maliyyə axınının olması uzun illərdir bilinən məsələdir.

Ona görə bir daha vurğulamaq yerinə düşər ki, ölkəmizdə baş verən son hadisələr fonunda müxalifət düşərgəsinə də əl gəzdirməyin vaxtı çatıb. Xaricdən maliyyələşən və anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən AXCP və Müsavat kimi partiyalar siyasi səhnədən silinməlidir!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1186

Oxşar yazılar