Təsisçisi və baş redaktoru qaçaqmalçılıqda ittiham olunaraq həbs edilmiş "Abzas Media"ya yeni rəhbər axtarışlarına başlanılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanda yaşayan, Qərbin "beyinyuma mərkəzi" kimi tanınan GİPA-da təhsil almış, müxtəlif layihələrdə çalışmış azərbaycanlı qadının baş redaktor, Avropa ölkələrindən birində yaşayan digər bir şəxsin isə donorlarla əlaqələndirici təyin olunması gözlənilir.
Leyla Mustafayeva ilə yollar ayrılır...
Qeyd edək ki, 2023-cü ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ittiham olunan təsisçi Ülvi Həsənlinin, baş redaktor Sevinc Vaqifqızının və bəzi digər əməkdaşların həbsindən sonra "Abzas Media"nın idarəçiliyində ciddi problemlər yaranıb. 2024-cü ilin fevralında jurnalist Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva baş redaktor vəzifəsinə gətirilsə də, o, sosial media layihəsinin fəaliyyətini yenidən təşkil etməyi bacarmayıb.
Əsas problem: maliyyə mənbəyi
Hazırda bu layihə ilə bağlı əsas problem ifşa olunmuş maliyyələşmə mexanizmini yenidən qurmaqdır.
Məlumata görə, "Abzas Media"nın əsl sahibləri etibarlı maliyyələşmə təşkil etmək üzərində baş sındırır. Onlar Gürcüstan yolu bağlandığı üçün Avropa banklarının imkanlarından istifadə etmək barədə düşünürlər.
Qeyd edək ki, mediada yayılmış məlumatlara görə, Abzas Media, Toplum TV və digər bu kimi layihələrin maliyyələşdirilməsi üçün vəsaitlər Gürcüstanda nağlaşdırılıb, daha sonra qeyri-qanuni yolla Azərbaycana göndərilib. Vəsaitlərin nağdlaşdırılması üçün "adsız kartlar" dan da istifadə olunub. Bu prosesdə Gürcüstanın TBC bankının adı daha çox hallanıb. Bu mexanizm ifşa olunduqdan sonra maliyyə axını dayandırılıb və əvvəlki dövrdə pulları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirən və bunu təşkil edən şəxslərin bir qismi həbs olunub.
Ülvi Həsənlinin həyat yoldaşının mükafat cəhdi
"Abzas Media" ilə bağlı daha bir xəbər isə bu layihənin təsisçisi olan Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyevanın "Abzas Media"nın xaricdəki idarəçilərindən mükafat fondu 60 min avro olan İnsan Hüquqları üzrə Vatslav Havel mükafatının ərinə verilməsi üçün hərəkətə keçməyi tələb etməsidir. Mükafatın Ülvi Həsənliyə hansı fəaliyyətinə görə veriləcəyi bəlli olmasa da, məlum olan odur ki, Qərbdə Azərbaycana qarşı kampaniya təşkil edənlər dayanmaq niyyətində deyillər. Onlar yaratdıqları dezinformasiya şəbəkəsinin yaşaması üçün bütün mənbələr və vasitələrdən istifadə edirlər.
"İnternews" şəbəkəsi yenidən fəallaşdırmaq cəhdi
Daha bir məlumat isə son dövrlər Qərbin Azərbaycandakı müxtəlif layihələrinin maliyyələşməsində fəallığı ilə seçilən və bu işlərin arxasında duran "İnternews" şəbəkəsinin yenidən fəallaşması ilə bağlıdır.
"İnternews"in USAİD vasitəsilə maliyyələşdiyi və yerlərdə, o cümlədən də Azərbaycanda müxtəlif layihələri dəstəklədiyi bəllidir. Lakin Tramp Administrasiyası tərəfindən USAİD-in "qol-qanadı sındırıldığından" bir çox təşkilatlar kimi, "İnternews"in də maliyyə durumu zəifləyib. Qurum Avropada özünə yeni donor axtarır.