Azərbaycanda dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri zamanı iki seçki məntəqəsində səsvermənin nəticələri ləğv olunub. 30 saylı Suraxanı Birinci Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqə komissiyası və 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasının 30 saylı seçki məntəqə komissiyası buraxılıb.
Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimli Lent.az-a danışıb.
O bildirib ki, dairə seçki komissiyası qısa müddətdə yeni məntəqə seçki komissiyasının tərkibini formalaşdırmalıdır:
“Qanun pozuntuları aşkarlanan məntəqə seçki komissiyaları buraxılıb. Məntəqə seçki komissiyalarının fəaliyyətinə Mərkəzi Seçki Komissiyası (MSK) xitam verirsə, dairə seçki komissiyasının borcudur ki, qısa müddətdə həmin komissiyaların yeni tərkibini formalaşdırsın. Parlament seçkilərinə keçirmək yeni yaradılan, yeni tərkibdə olan komissiya üzvlərinə etibar ediləcək. Bu, seçki Məcəlləsinin tələbidir. Yeni komissiyaların formalaşdırılması işlərinə dərhal başlanılıb”.
M. Rəhimli vurğulayıb ki, seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən bəzi qanun pozuntularına yol verən şəxslər cəzalandırılıb:
“Bu şəxslər seçki komissiyalarında fəaliyyət göstərmək hüququnu ömürlük itirdilər. Komissiya üzvləri buraxdıqları ciddi nöqsana görə, ümumiyyətlə, Azərbaycanda keçirilən seçkilərdə seçki komissiyalarının üzvü kimi fəaliyyət göstərə bilməyəcəklər”.
M. Rəhimli digər məntəqələrlə bağlı qanun pozuntularının, sosial şəbəkələrdə yayılan görüntülərin də araşdırıldığını bildirib:
“Bütün şikayətlər araşdırılır və onlara müvafiq qiymət veriləcək. Hansı məntəqələrdə seçki qanunvericiliyinin tələbi pozulubsa, seçicilərin iradəsinin ifadə olunmasını müəyyənləşdirməkdə problem varsa, həmin seçki məntəqələrinin də fəaliyyətinə xitam veriləcək”.
Qeyd edək ki, səsvermə günü sözügedən məntəqələrdə lentə alındığı iddia olunaraq sosial şəbəkələrdə paylaşılan görüntülər MSK tərəfindən araşdırılıb.