Zelenski artıq tarixə düşüb. Axı o, ölkəyə Ukraynanın bütün tarixinin çətin anlarında rəhbərlik edir.
Bu gün, yanvarın 25-də Ukrayna prezidenti Vladimir Zelenskinin 47 yaşı tamam olur. Vladimir Aleksandroviç Ukrayna tarixində ən gənc prezident olub.
Lent.az prezidentin həyatından maraqlı faktları təqdim edir.
Uşaqlığı – Monqolustanda birinci sinfə gedib
Gələcək prezident 1978-ci il yanvarın 25-də Krivoy Roqda anadan olub. Monqolustanın Erdenet şəhərində birinci sinfə gedib. Zelenski dörd il valideynləri ilə orada yaşayıb.
Daha sonra onlar Krivoy Roqa qayıdıblar və balaca Vladimir yerli 95 saylı gimnaziyaya göndərilib. Orada, yaxınlarının dediyinə görə, o, həvəskar tamaşalarda fəal iştirak edib və diqqəti özünə cəlb etməyi çox sevirmiş.
Zelenskinin universitet təhsili
1995-ci ildə Vladimir Zelenski Kiyev Milli İqtisadiyyat Universitetinin hüquq fakültəsinə daxil olub və burada hüquqşünas ixtisası alıb.
1997-ci ildə dostları ilə birlikdə Zelenskinin özü kapitan və müəllif olduğu "95-ci Kvartal" şən və hazırcavablar komandasını yaradıb.
Zelenskinin 10 tammetrajlı bədii filmi var. O, Ukraynanın “Teletriumf” Milli Televiziya Mükafatının 30-dan çox mükafatının laureatıdır. O, həmçinin bir çox beynəlxalq kino, televiziya festivalları və media forumlarının mükafatçısı və laureatlarıdır.
Yelena ilə evlilik
2003-cü il sentyabrın 9-d Vladimir Zelenski yeddi illik münasibətdən sonra gələcək birinci xanım Yelena Kiyaşko ilə evlənib.
Onlar eyni məktəbdə oxuyublar, ancaq Zelenski universitetə daxil olanda tanış olublar.
2008-ci ildə onların Saşa adlı qızı, 2013-cü ildə isə Kirill adlı bir oğlu anadan olub.
Prezidentlik
2019-cu il apprelin 21-də keçirilən növbəti seçkilərdə Zelenski seçicilərin 73,22 faizinin dəstəyini alaraq Ukrayna prezidenti seçilib. Həmin il mayın 20-də o, Ukrayna xalqı qarşısında and içib.
2022-ci ilin mayında Ukrayna lideri Amerikanın “Time” jurnalının üz qabığında yer alıb.
Bundan əlavə, nəşr Zelenskini dünyanın ən nüfuzlu adamları siyahısına daxil edib.
“Financial Times” hətta prezidenti İngiltərənin əfsanəvi baş naziri Uinston Çörçilllə müqayisə edib.
2023-cü ilin oktyabrında “Time” jurnalı yenidən üz qabığını və əsas məqaləsini Ukrayna prezidentinə həsr edib. Üz qabığında Zelenskidən bir sitat yer alıb: “Heç kim bizim qələbəmizə mənim qədər inanmır”. Məqalənin özündə isə Zelenskinin beynəlxalq ictimaiyyətin diqqətini Ukraynadakı müharibəyə yönəltməkdə üzləşdiyi çətinliklərdən bəhs edilib.
Zelenskini təsvir edən ən yaxşı sözlər CNN-in məqalələrindən birində yazılıb: "Əgər nə vaxtsa bir lider öz millətini təcəssüm etdiribsə, o, Vladimir Zelenskidir. Qətiyyətli, cəsarətli, mülki şəxs yaşıl hərbi forma geyinməyə məcburdur..."- CNN-in materialında deyilir.
Həyatına 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb
Xarici KİV-in məlumatına görə, 2022-ci il fevralın 24-dən bəri Zelenski Rusiya tərəfindən 10-dan çox sui-qəsd cəhdindən sağ çıxıb. Mənbənin sözlərinə görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Bernsin (Co Baydenin prezidentliyi dövründə) Ukrayna paytaxtına səfəri zamanı təqdim etdiyi ABŞ kəşfiyyatı sayəsində ən azı iki cəhdin qarşısı alınıb, “The Independent” yazıb.