“Laçın və Şuşaya 10 min İraq kürdü gətirilib”
07 oktyabr 2009 20:30 (UTC +04:00)

“Laçın və Şuşaya 10 min İraq kürdü gətirilib”

“Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası” layihəsi çərçivəsində keçirilən tədbirdə maraqlı faktlar açıqlandı


Bu gün “Xalq Cəbhəsi” qəzeti Azərbaycan Respublikası Prezidenti Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ermənistanın işğalçılıq və terrorçuluq siyasətinin ifşası” adlı layihəsi çərçivəsində jurnalistlər üçün məşğələ təşkil edib.

Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, Ermənistanın informasiya siyasəti mövzusunda Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı danışıb.

QAT sədri deyib ki, erməni saytlarında yerləşdirilən materialların əhəmiyyətli hissəsi Qarabağ məsələsinə həsr olunur. Ermənilər öz mövqelərini dünya ictimaiyyətinə sırımaq üçün dezinformasiyalardan da tez-tez yararlanırlar.

Hətta Ermənistan mətbuatında artıq 1987-1994-cü illərdə guya Azərbaycanda ermənilərə qarşı qətliam törədilməsi barədə təbliğat da aparılmaqdadır və bu məsələyə qeyri-ciddi yanaşmaq olmaz. Akif Nağı xatırlatdı ki, 20-ci əsrin əvvəlində ermənilərin qondarma “soyqırım” iddialarına Türkiyədə də qeyri-ciddi yanaşılıb: “Bu günə qədər ermənilər Türkiyədə özlərinə aid bir kütləvi məzarlıq belə tapıb ortaya qoya bilməyiblər. Amma Türkiyə nə qədər çağırışlar etsə də, dünya ictimaiyyəti həmin dönəmdə öldürülərək quyulara doldurulmuş türklərlə bağlı həqiqəti eşitmək istəmir, erməni yalanını qəbul edilir. Ona görə də indidən ermənilərin Azərbaycana yönəlik soyqırım iddialarının qarşısını almaq üçün təsirli addımlar atmalıyıq”.

QAT sədri bildirdi ki, erməni mətbuatında guya faktlardan biri kimi Marağa kəndində ermənilərin öldürüldüyü qabardılır: “Xocalı barədə danışanda dərhal Marağa kəndindən söz salırlar. Bu kənd Azərbaycan ordusu tərəfindən azad edilən dönəmdə orada 10-15 erməni döyüşlərdə ölə bilərdi. Ancaq onlar bunu şişirdirlər”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli ermənilərin informasiya siyasəti istiqamətində 4 strukturunun fəaliyyət göstərdiyini dilə gətirdi. Birinci qism Ermənistanın rəsmi KİV-ləridir. İkinci qismə “A1+”, “Jamanak” kimi erməni müxalifətinin nəzarətində olan KİV-lər aiddir. Erməni yalanlarının təbliğatını aparan üçüncü qism KİV-lər Rusiya, İran və Fransada maliyələşdirilir. Elçin Mirzəbəyli qeyd etdi ki, Rusiya, İran və Fransadan fərqli olaraq, ABŞ-da dövlət səviyyəsində dəstək görən belə mətbu orqanlar yoxdur: “ABŞ-da erməni lobbisinin maliyyələşdirdiyi KİV-lər mövcuddur, ancaq ABŞ dövləti səviyyəsində hər hansı KİV-in maliyyələşdirildiyi, dəstəkləndiyi barədə fakt yoxdur”.

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi işçisi Vaqif Abışov Azərbaycan Xalq Cümhuriyyəti dövründə azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklərlə, soyqırımlarla bağlı Fövqəladə Tədqiqat Komissiyasının yaradıldığını, bu Komissiyanın kifayət qədər aktlar toplayaraq sənədləşdirdiyini nəzərə çatdırdı. Rusiya arxivlərində də bu yöndə kifayət qədər sənədlər var. O cümlədən ermənilərin Lalayan kimi tarixçiləri də bir çox həqiqətləri yazıblar. Vaqif Abışov bu faktların kitablarda toplanması və xarici dillərdə dünya ictimaiyyətinə çatdırılmasının zəruri olduğunu vurğuladı.

İşğal olunmuş ərazilərdəki tarixi abidələrimizin öyrənilməsi istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatına rəhbərlik edən Faiq İsmayılov işğal olunmuş torpaqlarımızda 3 min civarında tarixi abidələrimizin olduğunu söylədi. Onun sözlərinə görə, ermənilər bu abidələrin erməni abidəsi kimi qələmə verilməsi istiqamətində davamlı iş aparırlar. Digər tərəfdən, işğal altındakı ərazilərimizə ermənilərin və digər etnik qrupların köçürülməsi davam edir: “Spitak zəlzələsi zamanı Qaprabağa 30 min erməni köçürüldü. Laçın və Şuşaya isə 10 min İraq kürdü gətirilib”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar