İvandan Ramzana qalan Qroznı... – REPORTAJ
06 oktyabr 2009 12:00 (UTC +04:00)

İvandan Ramzana qalan Qroznı... – REPORTAJ

Elbrus Ərud Çeçenistan paytaxtından yazır

Milli Məclisin foyesində İqbal Ağazadə ilə müxalifətin bugünkü durumundan söhbət edirdik. İqbal bəy deyirdi ki, bəs artıq Əli Kərimli ilə İsa Qəmbərin zamanı gedib, onlar tükənmiş siyasətçilərdir, bundan sonra əsas mübarizə hakimiyyətlə onun arasında gedəcək. Mən də fürsəti fövtə verməyib elə yerindəcə soruşdum ki, bu sözləri müsahibədə deməyə gücü çatarmı? “Deyərəm” – söylədi. Səhəri gün tezdən işə gələn kimi İqbal Ağazadəyə zəng edib müsahibənin vaxtını təyin elədik. Elə müsahibəyə hazırlaşdığım bir vaxtda televiziyada işləyən həmkarlarımdan biri zəng edib, Çeçenistanın prezidenti Ramzan Kadırovla müsahibə imkanı olduğunu, bunun üçün Qroznıya getməyin gərəkdiyini söylədi. Heç düşünmədən “gedərəm” - dedim. Redaksiyanın rəhbərliyi də elə mənim kimi elədi, “qorxmursansa, get” - dedilər...

İqbal Ağazadə ilə müsahibəyə həmkarlarımdan birini yola saldım, özünə də zəng vurub üzrxahlıq elədim və “bizimki qalsın sonraya”-dedim. Redaksiyanın operatorunu da götürüb yola düşdüm. Yolda bizi Çeçenistana aparacaq Rövşənlə görüşdük. Dedi müsahibə üçün vaxt artıq təyin edildiyindən biz 4 saatdan sonra Qroznıda olmalıyıq. Bakıdan Qroznıya qədər olan məsafə isə təxminən 600 klometirdir. Biz əvvəlcə Bakıdan Qubaya getməli, orada dövlət sərhədini keçəndən sonra isə Dərbənddən Mahaçqalaya, oradan da Qroznıya yola düşməli idik. Sərhədi o taya keçən kimi bizim bələdçimiz və müsahibəni təşkil edən Rövşən qayıtdı ki, bəs burada Rövşənlə qurtardıq, day buradan belə adım Əlibaba olacaq. Mən də zarafatla “Əlibaba Rövşəndən yaxşıdır” - dedim. Bu adam təxminən 40-45 yaşında idmançı görkəmli biri idi. Vaxtı ilə Qarabağda döyüşdüyünü, həyatın hər üzünü gördüyünü, uzun müddət ev dustağı edildiyini, indi də Çeçenistanda işləyən azərbaycanlılarla işgüzar əlaqələr qurduğunu deyirdi. Yol boyu az qala hər şeydən danışdı. Bizi isə ancaq bir şey maraqlandırırdı, Çeçenistana tez çatıb Kadırovla müsahibə almaq. Rus dilini yaxşı bilmədiyim üçün yolda vaxtımın çoxu yazılı sualları əzbərləməyə və özümü prezidentlə müsahibəyə kökləməyə getdi. Ramzan Kadırovdan soruşacağım əsas məsələ Çeçenistandakı terrorçulara silah-sursatın Azərbaycan tərəfdən ötürülməsi ilə bağlı verdiyi açıqlama olacaqdı. Mahaçqalada Əlibaba bizi iki dağıstanlıya təhvil verib, Qroznıya yola saldı. Dedi, bizi orada müsahibənin təşkilatçısı olan Vüqar adlı bir nəfər gözləyir. Biz sonradan biləcəkdik ki, bu Vüqar deyilən şəxs türklərlə birlikdə Qroznıda Kadırov və onun yaxın ətrafına villalar tikməklə məşğuldur. Beləcə, tanımadığımız daha iki adamla Qroznıya yola düşdük.

Azərbaycan sərhədini keçəndən sonra Dərbənddə də, Mahaçqalada da gördüyüm hər şey mənə çox doğma gəldi və Azərbaycanı xatırlatdı. Bu yerlərin ağacları da, kəndləri də, səmasındakı quşları da bizimkiydi. Və nədənsə mənə elə gəldi ki, Bakıdan düz Qroznıya qədər Azərbaycandır...

Dağıstandakı və Çeçenistandakı maşınların bizim maşınlardan iki fərqi var. Çox köhnə olmaları və bütün şüşələrinin qara “plyonka” ilə örtülməsi. Adama elə gəlir ki, burada maşınlar özlərini nədənsə gizlədirlər. Hətta tez-tez qarşılaşdığımız nömrəsiz idarə olunan avtomobillər belə heç kimi təəccübləndirmir. Avtomobillərin belə özbaşınalığı ilə maraqlananda dağıstanlı bələdçimiz maraqlı cavab verdi. Dedi, burada polislər maşınlardan iki şey axtarırlar - silah və narkotik. Heç onları sürücünün kimliyi, maşının ona məxsus olub-olmaması maraqlandırmır. Çeçenistanın paytaxtına qədər bir neçə yerdə silahlı postlar gördük. Postda dayanan hərbiçilər atəş açmağa hər zaman hazır görünürdülər.

Beləcə, maraq içində axşam vaxtı Qroznıya çatdıq. Elə Qroznının girəcəyində bizi qarşılayıb, gec gəlib çatdığımız üçün müsahibənin bu gün alınmayacağını, sabah tezdən görüşlərimizin başlayacağını dedilər. Yorucu olsa da yenidən dağıstanlı bələdçilərimizə qoşulub, gecələmək üçün Mahaçqalaya qayıtdıq. Onlar yol boyu gedəndə də, elə qayıdanda da siqaret çəkib, qarışıq musiqiyə qulaq asdılar. Onların dinlədiyi mahnıları təxminən belə sıralamaq olardı. Avar mahnısının dalınca, ləzginka, onun dalınca Baloğlan Əşrəfov, sonra Tarkan, daha sonra döyüşə səsləyən və bir mahnının içində ən azı on dəfə atəş səsi eşidilən çeçen mahnısı, inquş təranəsi, ən sonda isə rus estradası... Bilmirəm buna həftəbecər demək olar, ya yox, ancaq Şimalı Qafqazda hər şeyin qarışıq olduğunu elə bu mahnılardan görmək mümkündür. Mahaçqalaya qayıdıb, restoranların birində Azərbaycan mətbəxinin qonağı olduq. Xidmətçi qız dedi ki, dadlı yemək istəyiriksə, Azərbaycan mətbəxindən sifariş verək. Biz də elə etdik. Axşam yeməyini yeyib, köhnə birmərtəbəli mehmanxanada gecələməyə getdik.

Səhər yuxudan oyananda dağıstanlı bələdçilərimizi düz üç saat gözləməli olduq. Onlar gələndə gecikməklərinə heç bir izahat vermədən bizi Qroznıya götürdülər. Çeçenistana günorta vaxtı çatdıq. Həmin o Vüqar deyilən və müsahibəni təşkil edəcək adam dedi ki, bu gün cümə olduğuna görə Qroznıda hamı ibadətlə məşğuldur. Ona görə də biz bu gün şəhəri gəzməli olacağıq, sabah isə müsahibəmiz mütləq baş tutacaq. Əlacımız kəsildi, getdik Qroznunu gəzməyə...

Əslində Qroznıda elə bir gəzməli yer yoxdur. Bir-birinin ardınca baş verən iki müharibədən sonra Çeçenistan tamamilə yerlə yeksan olub. Burada nəinki şəhər, binalar, yollar, insanların özü belə dağılıb. Müharibədən əvvəl 800 minə çatan Qroznı əhalisi indi olsa-olsa 300 mindən artıq deyil. Bunu Qroznının boş yollarına baxan istənilən adam asanlıqla görə bilər. Son 2-3 ildə Qroznı yenidən tikilməyə başlasa da, burada hər şey müharibəni xatırladır. Adda-budda tikilən yeni binalar Qroznının bədbin əhval- ruhiyyəsinin yanında qışda açan dibçək çiçəyinə bənzəyir. Qroznıda qarşıma çıxan on adamdan az qala səkkizininin qadın olduğunu gördüm. Çeçenistanda ağır zəhmət tələb eləyən işlərin çoxunu qadınlar görməyə məcbur olur. Kişilər öz işlərini görüblər, ona görə... Kişilərin əvəzinə işləmələrinə baxmayaraq, çeçen qadınlar olduqca gözəl görünməklə yanaşı, qayğısız, heç nədən qorxmayan, hər cür təhlükəni göz altına alıb xoşbəxt qadın təsiri bağışlamağa çalışırlar. İndi çeçen qadınlar vəziyyəti nəzərə alıb ailə qururlar. Hətta burada zarafatla prezident Kadırovun artıq bir neçə dəfə evləndiyini söyləyirlər. Elə biz Qroznını gəzəndə yolu bağladılar ki, bəs prezident keçəcək. Prezidentin korteji keçəndə avtomobillərin əksəriyyətinin gəlin maşını kimi bəzədildiyini gördük. Çeçenlər yenə zarafatlarından qalmayıb, Kadırovun növbəti dəfə bu gün özünə toy etdiyini deyirdilər. Sabah isə həqiqətən Qroznıda Kadırovun doğum günü ilə bağlı təntənəli mərasim keçiriləcəkdi. Artıq bununla bağlı şəhərdə hazırlıqlar başa çatmaq üzrə idi.

Qroznı küçələrində tez-tez prezident Ramzan Kadırovun, onun atası Əhməd Kadırovun, Vladimir Putinin şəkillərini görmək olar.

Qroznıda gördüyüm bütün kişilər silahlı idi. Demək olar ki, burada silahsız bir kişi belə görmək mümkün deyil. Hətta məsciddə azan çəkən müəzzinin, namazda duran axundun, otel administratorunun, məktəb müəlliminin, taksi sürücüsünün, yeniyetmələrin belə belində tapança, əlində avtomat varsa, Çeçenistanın prezidentinin buradakı terrorçulara silah-sursatın Azərbaycandan ötürüldüyünü iddia etməsi gülməli görünür.

Burada adamları bir yerə toplaşan görmək mümkün deyil. Adamlar bir yerı toplaşmaqdan qorxurlar. Üç adam bir yerdə dayanıbsa, deməli, real terror təhlükəsi var. Mağazalardan birində bəyəndiyim fotoaparatı almaq istəyəndə satıcı qız mənə bütün Qroznının həyat tərzini ifadə edən bir söz dedi. Fotoaparatın qarantiyası ilə maraqlandım. O da “heç burada insana qarantiya yoxdur, o da qalmışdı fotoaparata ola” - cavabını verdi.

Qroznıda gözlərimi qıyıb, səmaya baxdım. Bu şəhərin səması da boşdur. Sanki vizasız-filansız dünyanın hər yerinə uçub gedə bilən quşlar da Qroznı səmasında görünməkdən imtina etmişdilər. Quşlar niyə belə Qroznı səmasından qaçaq düşüb görəsən?

Gözlərimi səmadan ayırıb, yerə dikirəm. Gözümə Qroznı küçələrində dolaşan (çeçen itlərinə sülənən deməyə adamın dili gəlmir) şikəst çeçen itləri dəyir. Onların çoxunun əlil olmasının səbəbləri ilə maraqlandım. Çeçen bələdçimiz itlərin çoxunun bu gün də davam eləyən terror hadisələri və atışmalar nəticəsində həyatlarını itirdiklərini, bəzilərinin isə əlil olduqlarını dedi...

Qroznı küçələrində gəzə-gəzə gəlib ötən il bu şəhərdə inşa edilən və Avropanın ən böyük məscidi olan ibadət ocağına çatırıq. Qeyd edim ki, indiki prezident Ramzan Kadırovun mərhum atası Əhməd Kadırovun adını daşıyan bu məscid Türkiyədəki məşhur “Sultan Əhməd Camesini”nin memarlıq üslubunda tikilib. Dörd minarəli məsciddə güclü təhlükəsizlik tədbirləri görülüb. Məscidin giriş və çıxışları tamamı ilə silahlı nəzarətdədir. Deyilənə görə, onun tikintisinə 22 milyon dollardan artıq vəsait xərclənib. Bu gözəl Allah evi ilə ətraflı tanışlığı bitirəndə namaz vaxtı idi. Müəzzin minarədə azan çəkirdi. Azanı eşidəndə əl-ayağım qurudu, yerimdən tərpənə bilmədim. Mən azanı Məkkədə də eşitmişəm, ancaq Allaha bu şəkildə müraciətin heç vaxt şahidi olmamışam. Müəzzin elə yanıqlı, elə yanıqlı azan çəkirdi ki, sanki Allahdan bu məmləkətə rəhm diləyirdi. Elə bil azan çəkmirdi, Allaha yalvarırdı, istəyirdi Yaradan bircə dəfə də olsa üzünü bu ölkədə yaratdıqlarına tərəf çevirsin...

Şəxsən mən Allahın nə zamansa çeçenlərə rəhm edəcəyinə inanmıram. Ancaq yenə bu, Onun öz işidir. Təsəvvür eləyin ki, günorta məsciddə namazda rast gəldiyimiz və tanış olduğumuz çeçenlər axşam bizi qonaq çağırmışdı. Çeçen tanışlarımızın dəvətini qəbul eləyib axşam yeməyinə getdik. Orada gördüklərimdən heyrətə gəldim. Günorta namazda rastlaşdığımız həmin tanışlarımız indi bizi əllərində qədəh qarşıladılar. İki saata beş-altı şüşə “inquş arağı” içib, ürəklərini açdılar. Mən heyrət içində onlara baxdığım zaman onlar Bakının gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən, müharibədə Bakıya gəlmələrindən, burada qarşılaşdıqları insanpərvər münasibətdən ağız dolu danışırdılar. Mənə elə gəldi ki, bütün çeçenlər Azərbaycanı öz doğma sığınacaqları kimi sevir. Çeçen gənclərinin çoxunun uşaqlığı Bakıda keçib. Çeçenlərin öz dili ilə desək, Bakı Qroznıdan yaxşı görünürdü...

Axşam oteldə gecələməyə gələndə icazəsiz küçəyə çıxmamağı tapşırdılar. Dedilər, burada gecələr küçəyə çıxmaq qəbiristanlığa könüllü bilet almaq kimi bir şeydir. Küçədə nə işimiz vardı, başımızı atıb yatdıq...

Səhər oyananda yenə də bələdçimizi iki saat gözləməli olduq. Elə bil bu çeçenlər üçün vaxt anlayışı yoxdur. Onlar heç yerə tələsmirlər. Belə baxanda Çeçenistanı bütün məsuliyyətlərdən azad, məsuliyyətsiz bir respublika saymaq olar...

Günün birinci yarısı prezidentdən hansı sualları soruşacağımızla maraqlanıb, getdilər. Günün ikinci yarısı qayıdıb müsahibənin bu gün alınmayacağını və gözləmək lazım olduğunu dedilər.

Biz də müsahibənin baş tutmayacağını hiss eləyib Qroznını tərk eləmək qərarına gəldik. Bizi müsahibəyə kim dəvət eləmişdi? Necə oldu ki, müsahibə alınmadı? Ümumiyyətlə, bizi Çeçenistana dəvət etməkdə məqsəd nə idi? Orda hansı oyunlar gedir? Lütfən, bu suallara cavab istəməyin. Çünki indinin özündə də bu səfər mənə yoza bilmədiyim yuxu kimi gəlir.

Qroznını tərk eləyib Azərbaycana qayıdanda şəhərdə arabir atəş səsləri gəlirdi. Deyilənə görə terrorçular Qroznı yaxınlığında hansısa məktəbi ələ keçirmişdilər...


Elbrus Ərud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1113

Oxşar yazılar