Tahir Məmmədov: “Xocalı soyqırımının səhəri günü Naxçıvanla Zəngilanı birləşdirdik...” - DÖYÜŞ HEKAYƏTİ
09 dekabr 2010 12:00 (UTC +04:00)

Tahir Məmmədov: “Xocalı soyqırımının səhəri günü Naxçıvanla Zəngilanı birləşdirdik...” - DÖYÜŞ HEKAYƏTİ

Lent.az-ın “Döyüş tarixi” rubrikasının qonağı Zəngilan alayında bölük komandiri olmuş Qarabağ müharibəsi əlili, 7 dəfə güllə və qəlpə yarası alan, yaralı vəziyyətdə xəstəxanadan çıxıb döyüşlərə atılan, sağ qalması belə möcüzə sayılacaq Tahir Məmmədovdur. Hazırda Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin Xətai rayon təşkilatının sədri olan Tahir Məmmədov qanlı döyüşlərdən, Zəngilan alayının qəhrəmanlığından, ağrılı-acılardan, ikilərdən, arzularından danışdı...

“Ermənilərdən birinin başı partladı”

1987-ci ildə Smolensk Ali Zenit-Raket Məktəbinə daxil olmuşam. 1989-cu ildə dördüncü kursun birinci semestrində oxuduğum vaxt Sumqayıt hadisələri baş verdi. Məktəbdə 16 erməni təhsil alırdı, hamısı da Xankəndindən idi, Azərbaycan dilində mükəmməl bilirdilər. Məzuniyyətə gedən ermənilərdən biri Ermənistanda dərc olunan bir jurnal gətirmişdi. Jurnalda yazılmışdı ki, guya azərbaycanlılar Sumqayıtda ermənilərə qarşı “soyqırım” törədiblər. Məktəbdə azərbaycanlılarla ermənilər arasında kütləvi dava düşdü. Azərbaycanlılar 5 nəfər idi. 5 çeçen də bizim tərəfimizi saxlayırdı. Burun sümüyümün sındığı o davada lomdan, beldən istifadə edildi. Ermənilərdən birinin başı partladı, çox ağır vəziyyətdə xəstəxanaya aparıldı. Ermənilər o davada qaçdılar. Mən Qarabağ bölgəsindən olduğuma görə məktəbdə baş verən olayın adını siyasi oyun qoyub, günahı mənim üstümə qoydular. Məni 49 sutka hauptvaxtda saxladılar. Ancaq məhkəmədə günahı üstümə qoya bilmədilər. Məhkəmədən sonra məni buraxdılar. Amma çox təəssüflər olsun ki, dördüncü kursun ikinci semestrində həmin söhbətə görə məni məktəbdən xaric etdilər, zabit rütbəsi ala bilmədim, gizir rütbəsi verdilər. Ondan sonra hospitalda “starşina” işləməyə başladım.
1991-ci ildə Azərbaycana gəldim. Ali Sovetin qərarı ilə 1991-ci il oktyabrın 9-da yaradılmış özünümüdafiə taborunun ilk yaradıcılarından olmuşam. Bunu Zəngilanda İcra Hakimiyyətində də bilirlər, Müdafiə Nazirliyində şəxsi işimin içində də var. Maddi bazaların yaradılmasında iştirak etmişəm. Zəngilanda N saylı hərbi hissənin yaradıcılarından biri olmuşam.
Bir ailədən 3 qardaş, ikimiz zabit, birimiz sıravi kimi xidmətdə olmuşuq. Mən zabit kimi xidmət etmişəm. Mən ilk dəfə avtobölüyün komandiri olmuşam. Daha sonra avtoxidmətin rəisi, radioələqə xidmətinin, daha sonra da döyüş texnikasının rəisi olmuşam. Sonra tank əleyhinə bölüyün komandiri, maddi təchizat bölüyünün komandiri işləmişəm. Alayın komandiri Firudin Şabanov olub. Firudin Şabanov Əfqanıstandakı sovet qoşunlarında kəşfiyyat rəisi olub, Rusiyada hərbi akademiya qurtarıb. Çox güclü savada malik, gözəl bir şəxsdir. Zəngilandakı hərbi hissə bir müddət Füzuli briqadasına, sonra Qubadlıya baxıb. Zəngilandakı hərbi hissə 1993-cü ilin aprelində alay olub.

“Qardaşım mühasirədə qalmışdı, xəstəxanadan döyüşə getdim”

Mən bütün döyüş əməliyyatlarında şəxsən iştirak etmişəm. 1992-ci ilin dekabrında ermənilər Qafan istiqamətindən hücuma keçmişdilər. Şayıflı, Ağkənd, Qazançı, Canbaz, Seyidlər, Küyümqışlaq, və Pirveyisli kəndlərinə səhər saat 4-də birdən basqın etmişdilər. Həmin döyüşdə mən döş qəfəsimdən avtomat gülləsi yarası almışam. Həmin vaxt Şayıflı, Prisatını, Aşağı Gəlini azad etdik. Qazançı, Ağkənd qaldı. O kəndlər də neytral zonada, yaşayışı təmin etmək mümkün deyildi. Dekabrın 19-da qardaşım Aşağı Gəlidə mühasirədə qalmışdı. Aşağı Gəli Qafana yaxındır, ortadan bir çay gedir. Çayın o tərəfi Qafan, bu tərəfi Aşağı Gəli kəndi idi. O kənddə ağır döyüşlər gedib. Mən xəstəxanadan çıxıb ora döyüşə getmişəm. O döyüşdə körpücük sümüyümdən qumbara qəlpəsi yarası almışam.
Şayıflı kəndinə ermənilərin hücumundan sonra 1993-cü ildə alay komandiri Firudin Şabanov bir əməliyyat hazırladı. Müdafiə Nazirliyi bu əməliyyata icazə vermirdi, əməliyyat alayda hazırlanıb. Xocalı soyqırımından sonra səhər saat 5-də əməliyyat başlayıb, Qafanla Mehri arasındakı 4 yaşayış məntəqəsini – Hənd, Kilsə, Şıxavuz və Safı götürdük. Bu, Qafanla Mehrini birləşdirən dəhlizdir. Oradan tank, “Kamaz” belə gətirdik. O ərazini 24 saat əlimizdə saxladıq. O vaxt müdafiə naziri Məmmədrəfi Məmmədov idi. O, vertolyotla Zəngilanın mərkəzi stadionuna gəldi. Dedi ki, ATƏT-dən nümayəndə gəlib, bizə erməni torpağı lazım deyil, 6 saat müddətində geri qayıdın. Biz aldığımız ərazi ilə faktiki Naxçıvanla Zəngilanı birləşdirirdik. Məmmədrəfinin əmri olmasaydı, o torpaqları saxlaya bilsəydik, artıq Naxçıvanın blokadası açılacaqdı. Bu, çox strateji bir plan idi və gözəl də həyata keçirilmişdi. Firudin Şabanov güclü kadr olduğu, xəritəni güclü bildiyi üçün Sumqayıt kimi iki böyük şəhəri iki yerə parçaladıq, cəmi 2 şəhid verdik. Onu da deyim ki, Qafanın komendantı Əfqanıstanda Firudin Şabanovun müavini olmuşdu.

“Toy günü hücum edib, insanları girov götürmüşdülər”

1993-cü ilin əvvəlində Füzulinin Qarğabazar kəndinin üstündəki bir kəndinə toy günü ermənilər hücum edib, insanları girov aparmışdılar. Mən həmin vaxt həyəcan siqnalı ilə tağımımla ora getmişəm. Orada da çox ağır döyüşlər gedib, başımın ön hissəsindən qəlpə yarası almışam. Biz 20 gün orada qaldıq. Kəndi işğaldan azad etdik, ancaq girovlar artıq aparılmışdı.
...Ən ağır döyüşlər Cəbrayılda olub. Avqustun 16-da həyəcan siqnalı verildi. Mənim bölüyümdə Xəqani Cəbrayılov adlı bir tağım komandiri vardı. Həyəcan siqnalı verilən gün onun bir oğlu dünyaya gəlmişdi. Biz təminat-təchizat bölüyü idik, 4 tağımı vardı. Tağımlardan biri ehtiyat tağım sayılırdı. Bu tağım ağır döyüşlər olan yerlərə göndərilirdi. Xəqani həyəcan siqnalı verilməmişdən əvvəl mənə müraciət etdi ki, oğlum dünyaya gəlib, komandir, icazə versəniz, kənddə oğlumu görüb, geri qayıdardım. Xəqanini 1 saatlıq buraxdım, nəzərinə də çatdırdım ki, Cəbrayıla çıxmalıyıq. Xəqani kəndə gedib qayıtdı, Cəbrayıla yollandıq. Bölük komandiri mən, müavinim Əsgər Quliyev idi, Əsgər dayı deyirdik. Tağım komandirlərindən Oruc və Xəqani vardı. Bölük komandirinin müavini və iki tağım komandiri olmaqla, bir tağım ora getdik. Orada çox ağır döyüşlər getdi. Avqustun 16-da artıq Füzuli işğal olunmuşdu. Füzuli ilə Cəbrayılın arasında böyük kəndlər var. Cəbrayılın girişində teleqüllədən sağa gedəndə oradakı böyük kəndlərin bir hissəsi Füzulinin, bir hissəsi Cəbrayılındır. Artıq orada ağır döyüşlər gedirdi. Cəbrayıl rayonu tam boşaldılmışdı. Nə hərbçi, nə polis vardı. Ayın 18-də gecə saat 4-də Cəbrayıla daxil olduq. Rayon mərkəzində polis idarəsinin yanından iki yol gedirdi. Həmin yollar rayon İcra Hakimiyyətinin binasının yanında birləşirdi. Rayon İcra Hakimiyyətinin binasının yaxınlığında ermənilər vardı. Atışmadan sonra erməniləri qəbiristanlığa sıxışdırdıq. Ermənilər qəbiristanlıqdakı təpənin arxasında özlərinə mövqe seçdilər. Biz avqustun 21-dək rayon İcra Hakimiyyətinin yanında qurduğumuz mövqeni qoruduq. Bizə Zəngilandan bir minomyot bölüyü və kəşfiyyat bölüyü köməyə gəlib. Cəbrayıl alayı orada yox idi, Müdafiə Nazirliyinin əmri ilə Beyləqana çağırılmışdı. Biz Cəbrayıl rayon mərkəzini avqustun 21-dək saxlamışıq. Avqustun 21-də səhər minomyotdan atılan mərmidən beynimdən və onurğanın bel fəqərə sümüyündən zəhərli iynə ilə yaralandım. 1 saatdan sonra başımda və belimdə böyük şiş yaranmışdı. Məni oradan Zəngilan Mərkəzi Xəstəxanasına aparıblar. O zaman tağım komandiri, oğlunun üzünü bir saatdan artıq görməyən Xəqani və tağımdan iki əsgər – Azər və Açı dediyim əsgərlər itkin düşdülər. Azər Günqışlaqdan, o biri də mərhum general Məhəmməd Əsədovun kəndi Baharlıdan idi. Çox ağır döyüşlər getdi. Üzbəüz ermənilərlə döyüşürdük, geri çəkiləndə də ermənilərlə qarşılaşdıq. Halbuki orada bizim postumuz vardı. O postda, teleqüllədəki qərargahda Bakıdan göndərilən topçular otururdular. Avqustun 21-də bizə arxadan, Füzuli istiqamətindən ermənilərin hücumu olubmuş. Ermənilər Cəbrayılın girişindəki teleqülləni bağlayıblarmış.

“Otağa 20 qumbara atıblar, Əsgər dayı sağ çıxıb”

Mənim müavinim Əsgər Quliyev məharətli döyüşçü idi. Uşaqların dediyinə görə, Cəbrayılda Polis İdarəsinin binasında döyüş zamanı onun olduğu otağa ermənilər 20 qumbara atıblar. O, oradan uşaqları Zəngilanın Minbaşı kəndi tərəfə sağ çıxarmışdı. Mən xəstəxanada idim, bu barədə səhər məlumat aldım. Artıq əməliyyat olunmuşdum, başım sarıqlı, kürəyim gipsdə idim. Yanıma itkin düşən Xəqaninin atası və qardaşı gəlmişdi. Mən o vəziyyətdə alaya gəldim.
Alayda məlumat aldım ki, Cəbrayıldakı döyüşlər zamanı bizim bölüklə bərabər, kəşfiyyat bölüyündən 5 nəfər şəhid olub. O döyüşlərdə rabitəçi Vüqar, minomyotçulardan Əli həlak olub, Eynur Novruzov itkin düşüb. O da mənim sinif yoldaşım olub, uşaqlıqdan birgə böyümüşük. Cəbrayılda 42 nəfər itki verdik. Ona görə itki verdik ki, üzbəüz döyüşəndə bizə arxadan, Horadiz istiqamətdən hücum oldu. Maraqlıdır, necə vəziyyət yaradılmışdısa, ermənilər Füzulidən Cəbrayıla girib, Cəbrayıldan əks-hücuma keçmişdilər. Bizim Bakıdan göndərilən qərargah da teleqülləni tərk edib, çıxmışdı.
...Zəngilan ən axırıncı işğal olunan rayondur. Ərazicə Ermənistanla sərhəd olan ən böyük rayondur. Zəngilan Ermənistanın 3 böyük şəhəri – Mehri, Qafan və Gorusla sərhəddir. Bunların hər biri Sumqayıt kimi böyük şəhərlərdir. Avqustun 23-də Füzuli və Cəbrayıl işğal olunub, 8 gün sonra, avqustun 31-də Qubadlı işğal olunub. Həmin işğal olunmuş rayonların bütün döyüş texnikası müdafiə nazirinin əmri ilə Beyləqana çıxarılıb. O texnikaların hamısı, Laçının da, Qubadlının da, Şuşanın da, Cəbrayılın da, Füzulinin də texnikası Zəngilan üzərindən çıxıb. Hətta Qubadlının texnikası çıxanda Məmmədbəyli postunda - bu post Zəngilanın girişidir - böyük mübahisə olub. Onlar bizə deyiblər ki, əmr verilib, bu texnika və silahlar Beyləqana çıxarılmalıdır. Əgər işğal olunmuş rayonların texnikası, döyüşçüləri Zəngilanda qalsa idi, Zəngilan getməyəcəkdi. Zəngilan alayının döyüşçülərinin bir çoxu keçmiş Əfqanıstan döyüşçüləri idi və böyük döyüş qabiliyyətinə malik idilər. Hətta bir ara Qubadlının Mahrızlı kəndindən Cəbrayılın Xudafərin körpüsünə qədər döyüş zolağı balaca bir Zəngilan alayının üstündə qaldı. Ayın 1-dən 29-a qədər Zəngilana heç bir tərəfdən kömək olmadı. Artıq o vaxt Milli Məclisdə Zəngilanın mövqeyini bərkitmək yox, Ələkrəm Hümbətovla Rəhim Qazıyevin tutulub-tutulmaması müzakirəyə qoyulmuşdu. O vaxt Zəngilanda nə işıq, nə yanacaq, nə mərmi yox idi. Zəngilana ilk hücum Bakı şosesi istiqamətində oldu. Təsəvvür edin ki, Bakıya tərəf 120 kilometr ermənilər işğal edib, sonra dönüb Zəngilana hücum edir. Arxada Beyləqan, Daşburun, Horadiz vardı. Erməni Araza qədər girir, Horadizi zəbt edir, Bakı şosesini bağlayır və sağa yol boyu Zəngilana hücum edir. Həmin vaxt Müdafiə Nazirliyindən göstəriş olmayıb və Beyləqandan ermənilər bir güllə atılmayıb. Ermənilər bizə Bakı şosesi istiqamətində hücum ediblər, arxadan ermənilərə təzyiq göstərilə bilərdi, bu, olmadı.

“Baloğlan demişdi ki, erməni tankları meyitimin üstündən Zəngilana girə bilərlər, elə də oldu”

Biz ən çox itkini Cəbrayıl rayonunda, Xudafərin-Qumlaq-Dərzi istiqamətində gedən döyüşlərdə vermişik. Bizim rayon polisi və alayın böyük hissəsi o döyüşlərdə sıradan çıxdı. Kəşfiyyat bölüyünün komandiri Baloğlan Süleymanov vardı. Elə ürəkli insan çətin olsun. Baloğlan Süleymanov demişdi ki, yalnız o öləndən sonra Zəngilana erməni tankları girə bilər, ölənə qədər girməyəcək. Elə də oldu. Onu Dərzli postunda vurdular. Horadiz istiqamətdə olan hücumun qarşısını Baloğlan Süleymanovun bölüyü alırdı. Özü də, bölüyün bir çox əsgərləri də həlak oldu. Ondan sonra post düşmən əlinə keçdi.
Təsəvvür edin, Zəngilan Naxçıvandan bir az bəridədir, arada Mehri var. Horadizlə Zəngilan arasında da 100 kilometr var. Bakı istiqamətdən erməni hücum edir, Horadizi götürür və sağa dönərək Zəngilana hücum çəkir. Beyləqan və Daşburundan onlara bir güllə atılmır. Biz onlarla radioəlaqəyə çıxanda deyirlər ki, BMT-dən nümayəndə gəlib, Müdafiə Nazirliyindən bizə deyiblər ki, atəşkəsə əməl edin.
Zəngilan 32 min əhalisi də içərisində olmaqla, 29 gün mühasirədə qalıb. Təsəvvür edin, Bakıya qatar getdi, yol bağlandı, geri qayıtmadı. Ayın 12-də saat 11:30-da Arazboyu yol bağlanıb. 29 gün Zəngilanda çox ağır döyüşlər getdi. Yuxarıda da dedim, ilk hücum Bakı şosesi istiqamətində olub. Naxçıvan Mehrini vursaydı, yəqin ki, Mehri bizə hücum etməyəcəkdi. Horadizdən Zəngilana hücum olanda, Daşburunla Beyləqan onlara hücum etsəydi, onlar hücum etməyəcəkdilər. Bizə Gorusla Qafan qalırdı, onlarla da biz həmişə bacarırdıq. Bizə aypara şəklində 4 tərəfdən hücum oldu. Yeganə əlacımız Araz istiqamətində çəkilmək idi. Qubadlıdan yarıb Məmmədbəyli postunu götürmüşdülər. Qubadlıdan, Ağbəyli istiqamətindən də hücum edərək cəbhə xəttini yarmışdılar. Bir tərəfdən Mehri, bir tərəfdən Qafan, bir tərəfdən də Qubadlı istiqamətindən Gorus hücum edir. Çox dəhşətli bir vəziyyət yaranmışdı. Zəngilan rayonunun mərkəzinə dəqiqədə 180 mərmi birdən düşürdü. Ermənilər çox dəqiq atırdılar. İlk öncə Zəngilan Mərkəzi Xəstəxanasını, İcra Hakimiyyətinin binasını, məktəbləri, baxçaları vurdular. Bu hücumlar zamanı Zəngilan alayının 60 faizi məhv oldu. Elə vəziyyət yaranmışdı ki, orada ölən şəhidlərin valideynləri onları öz həyətlərində elə paltarlı dəfn edirdilər.

“Öz vertolyotlarımız bizi vurdu”

Biz Mincivan istiqamətində çəkilməyə məcbur olduq. Erməniləri Mehriyə tərəf sıxışdırdıq. 17 gün blokada şəraitində döyüş gedir, Azərbaycandan bir kömək olmur! Son dəfə ayın 28-də Mincivan istiqamətində mövqe qurmuşduq. Bu vaxt 3 döyüş vertolyotu Zəngilana daxil oldu. Onlar biz qurduğumuz mövqeləri vurdular. Alay komandiri qışqıraraq dedi ki, siz nə iş görürsünüz?! Pilotlar dedilər ki, bağışlayın, bizə koordinatları düzgün verməyiblər. Böyük itki verdik və bundan sonra tutulan mövqelər də boşaldılmalı idi. Araz istiqamətində çəkilməli olduq. Amma alay çox böyük döyüş qabiliyyətinə malik olduğu üçün Zəngilanda ikinci Xocalı soyqırımı baş verməsinə imkan vermədik. Mülki əhali arasında girov, itki olmadı.
Biz Zəngilan işğal olunan vaxt biz artıq Xudafərin körpüsü istiqamətində mühasirədə qalmışdıq. 7 nəfər idik, yoldaşlarımızın çoxu artıq şəhid olmuşdu. Əlaqə saxlamaq mümkün deyildi, araya ermənilər düşürdülər. Onlar da Azərbaycan dilini yaxşı bilirdilər, bizim parolları götürürdülər. Heç kimə inanmaq mümkün deyildi. Yanımda Sərvər Cəbrayılov vardı, indi polkovnikdir. Əsgərlərdən Oruc, Sərvər, Ziyarəddin və Asif Əhmədov da yanımızda idi. Bir də bir PDM vardı. PDM-in qülləsi artıq avtomatik atmırdı. Mexanik-sürücü qalmışdı, nişançı isə artıq yaralı idi. Biz hara çıxacağımızı bilmirdik. Çünki arxa da, qabaq da bağlı idi. Qabaqdan da hücum olurdu. Məcbur olub PDM-i İranla sərhəddə neytral zonaya keçirdik və Aşağı Akara kəndinə doğru hərəkət etdik. Biz PDM-lə gedəndə arxadan bir erməni tankı gəlirdi. Neytral zonada şumlanmış hissə ilə gedirdik. Tank hara, nişançısı yaralı, qülləsi işləməyən PDM hara?! Bəlkə də tanklarının mərmisi yox idi, vura bilərdilər, yalnız bizə tankdakı pulemyotdan atəş açırdılar. Biz məcburiyyət qarşısında PDM-i sola, Araz çaya vurduq. PDM-dən bir dəfə yıxıldım, barmağım qırıldı, başım yarıldı. Allah saxladı, Akara körpüsünə çıxdıq. Biz körpüyə çıxanda erməni tankı dayandı. Qorxudan keçmədilər, elə bildilər ki, körpü minalıdır. Biz Zəngilanın kəndinə girdik. Bir müddət də oradan atışma getdi. Ancaq artıq döyüşmək mümkün deyildi. Onlarda artileriya vurur, sonra piyadalar hücuma keçirdi. Ancaq bizdə artıq avtomatlarda belə güllə qalmamışdı, tankların mərmisi də yox idi. Kömək gəlmirdi...
Elə vəziyyət yaranmışdı ki, üzbəüz gələn insanı tanımırdın, çünki ermənilər də Azərbaycan dilində danışırdılar. Dəfələrlə Bakıdan kömək istədik, ancaq bizə yalnız vəd verdilər. Vədlər bizi aldatdı. Hətta ayın 29-da İran tərəfdən “Karabin”lə silahlanmış 20 əsgər gətirmişdilər. Üstlərində də bir leytenant vardı. Leytenant dedi ki, bunlar heç güllə atmağı bilmirlər.

Təbriz dağı

Bir məqamı da deyim. 1993-cü ilin aprel ayına qədər tankımız olmayıb. 1993-cü ilin aprel ayında Zəngilana 3 tank verilib. Bizdə 2 PDM olub, ruslardan alınmış yararsız PDM-lər idi. Şayıflı kəndində rus ordusunun əlindən aldığımız “BTR”-lər vardı. Ruslar gedəndə siyahıya alıb götürmüşük.” BTR”-lərdə də “Qaz-53” mühərriki olur. O mühərriklərin içərisinə qum tökmüşdülər ki, hərəkətə düşən kimi məhv olsun. Onları təmir edirdik, ancaq dağlıq rayon olduğuna görə dözmürdülər. Bizə zəncirli texnika lazım idi. 3 tankı bizə 1993-cü ildə verdilər, o da artıq gec idi. O tanklardan birinin də qülləsi işləmirdi.
29-da İranla danışıq getdi, Araz Naxçıvan istiqamətində azaldıldı. Əhali Arazdan İrana keçib, mühasirədən çıxdı.
1993-cü il avqustun 29-da artıq Zəngilan işğal olunandan sonra alayımız Goran poliqonuna gətirilib. Poliqonda alay hərbi hissələr arasında bölünüb. 1994-cü ilin yanvarında bizim alayın komandiri Firudin Şabanova prezident Heydər Əliyevin göstərişi ilə Azərbaycan Televiziyasında vaxt ayrıldı və o, çıxış etdi. O, müdafiə nazirinin əmri olmadan həmin alayı yenidən Sumqayıt avtovağzalına topladı. Bu alay Horadizi yenidən aldı. Horadizdə 2 alayı minaya saldılar. Amma Firudin Şabanovun özü çəkdiyi planla bizim alay hücuma keçdi, Horadizi və Füzulinin bir neçə kəndini Mahmudluya qədər geri aldıq. Bir məqamı da deyim. O vaxt məni Müdafiə Nazirliyinin əmri ilə artıq Bakı Ali Komandirlər Məktəbinə təyin etmişdilər, ancaq xəbərim olmamışdı. Horadizə hücumda bölük komandiri kimi döyüşdüm.
Murov yüksəkliyini də bizim alay geri qaytarıb. Murov silsiləsində bir dağa Təbriz adı qoyulub. Təbriz İsgəndərov bizim alayın əsgəri olub, Murov yüksəkliyində böyük qəhrəmanlıq göstərib.
Horadiz döyüşündən sonra mən qayıtmışam və Bakı Ali Komandirlər Məktəbində avtomobil kafedrasında texnik vəzifəsində işləmişəm. 1 ildən sonra ümumi fənlər kafedrasının tədris laboratoriya rəisi işləməyə başlamışam və 2000-ci ilə qədər bu işdə olmuşam. 2000-ci ilin yanvarında səhhətimlə bağlı olaraq ikinci qrup Qarabağ əlili kimi tərxis olunmuşam, ehtiyata buraxılmışam.
Bir qardaşım – Mahir Məmmədov Murov döyüşlərində yaralanıb, ikinci qrup Qarabağ əlilidir. Sağ ayağında oynaq sümüklərini itirib, zabit kimi 1997-ci ildə ordudan tərxis olunub. Digər qardaşım isə sıravi əsgər olub, 1994-cü ildə tərxis olunub.

“Oğlanlar vardı...”

...O zaman peşəkar zabitlər də, döyüş qabiliyyətinə malik oğlanlar da vardı. Rus ordusunda Əfqanıstanda xidmət edən, bütün silahlardan başı çıxan igid oğlanlarımız vardı. Sadəcə, Azərbaycanda hakimiyyət boşluğu olduğu üçün o torpaqlar işğal olundu. Mən Qubadlının da işğal olunmasını təsəvvürümə gətirə bilmirəm. Hətta orada “Qaranquş” deyilən bir dəstə vardı, çox gözəl döyüşürdülər. Necə oldu ki, təlaşla o rayonlar boşaldıldı?! Bunların hamısı hakimiyyət boşluğuna görə oldu. O vaxt Milli Məclisdə dartışma gedir, deputatlar hərəsi bir fərziyyə söyləyirdi. Vahid komandanlıq bir kənarda qalırdı, Müdafiə Nazirliyi yox, bir deputat göstəriş verirdi. O insanların da ərazidən heç xəbərləri yox idi. Məsələn, Zəngilana Horadiz istiqamətdən hücum olanda Lalə Şövkət İran istiqamətində Qumlağın yanında durub Dərzli kəndində yanan 1-2 evi görmüşdü. Halbuki Dərzlidən Zəngilana 80 kilometr vardı. İrandan ora baxıb, qayıdıb məruzə edib ki, orada müharibədir, kənddə 1-2 ev yanır, bu da müharibə şəraitində yanmalıdır. Halbuki o, heç Zəngilana keçməmişdi. Belə boşluqlara görə o rayonlar işğal olundu.
...İkinci qrup Qarabağ əliliyəm, 7 dəfə yaralanmışam. Ayağımdan başıma qədər güllə, qəlpə yarası var. 3-ü yüngül, 4-ü ağır yaradır. Bu gün də o yaraların əziyyətini çəkirəm. 10 ilə Respublika Hərbi Hospitalında müalicə olunmuşam, beyin təzyiqindən, qan laxtalanmasından əziyyət çəkirəm. Başımda kəskin ağrılar olur. Hətta 2003-cü ildə Moskvada Nevroloji İnstituta göndərilmək üçün sənədlər hazırlanıb, sonra məsləhət bilinməyib. Deyilib ki, beyində qalan xırda qəlpələrin çıxarılması zamanı sinir damarlarına toxunula bilər. Buna zəmanət verilmədiyi üçün əməliyyat olunmamışam, elə də qalıb...

Mən 1998-ci ildə Xətai rayonunun fəxri vətəndaşı elan olunmuşam. Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyətinin Xətai rayon təşkilatının sədriyəm. Birgə döyüşdüyüm insanların bir hissəsi də Xətaidə yaşayır, təşkilatın üzvləridir. Ali baş komandan əmr versə, o torpaqları boşaltmağa hazırıq...

Ramiz Mikayıloğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2547

Oxşar yazılar