Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqları artırıldı
13 oktyabr 2010 20:08 (UTC +04:00)

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqları artırıldı

Lent.az-ın məlumatına görə, prezident İlham Əliyevin imzaladığı sərəncamda bu addımın dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə atıldığı qeyd edilir.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılsın:
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Naxçıvan bölməsinin Aparatı, Elmi İnnovasiyalar Mərkəzi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası;
- Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası;
- Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc);
- “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
- Azərbaycanda Atatürk Mərkəzi;
- Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın İşçi Qrupu;
- Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu;
- Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu və onun Naxçıvan filialı;
- Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
2.1. dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının dövlət qulluqçusu olmayan işçilərin (Vahid Tarif Cədvəli əsasında əmək haqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının orta hesabla 10 faiz artırılmasını təmin etsin;
2.2. bu Sərəncamın 1-ci və 2.1-ci bəndlərində nəzərdə tutulan qurumlarda çalışan rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin;
2.3. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam 2010-cu il oktyabrın 1-dən qüvvəyə minir.
# 784

Oxşar yazılar