“Təmas xətti əbədi olaraq “dəmir pərdə” kimi qalmamalıdır”
05 oktyabr 2010 11:11 (UTC +04:00)

“Təmas xətti əbədi olaraq “dəmir pərdə” kimi qalmamalıdır”

“Təmas xətti əbədi olaraq “dəmir pərdə” kimi qalmamalıdır”. Lent.az-ın məlumata görə, bunu Bakıda jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye bildirib. Fransalı diplomat Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfər edərək faktaraşdırıcı missiya barədə də məlumat verib.


Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Bernar Fasye və Robert Bradtke Bakıya oktyabrın 5-də gecə saatlarında gəliblər. Oktyabrın 6-dək Azərbaycan paytaxtında olacaq vasitəçilərin bir sıra görüşləri nəzərdə tutulub. Bu barədə açıqlama verən rusiyalı həmsədr İqor Popov danışıqları davam etdirmək üçün Bakıdan sonra İrəvana gedəcəklərini deyib. Fransalı diplomat Bernar Fasye isə faktaraşdırıcı missiyanın Dağlıq Qarabağ ətrafındakı ərazilərə səfərini vacib hal adlandırıb: “Bakıda və İrəvanda rəsmi görüşlərimizi yekunlaşdırdıqdan sonra oktyabrın 7-də Xankəndinə gedəcəyik. Məhz burdan missiyanın rayonlara növbəli səfərlərini və hərəkət marşrutunu müəyyənləşdirəcəyik. Əgər hər şey plana uyğun gedərsə və hava şəraiti imkan verərsə, işimizi oktyabrın 13-dək yekunlaşdırmağı nəzərdə tuturuq. Bu missiyanın hansı nəticələr verə biləcəyi ilə bağlı indidən nəsə söyləmək çətindir. Lakin qeyd edim ki, bu nadir və çox vacib səfərdir. İlk belə səfər 2005-ci ilin fevralında olub. Biz hər şeydən əvvəl həmin vaxtla indiki vəziyyəti müqayisə edəcəyik”.


Bernar Fasye Dağlıq Qarabağa Ermənistan ərazisindən keçmələrinə də aydınlıq gətirməyə çalışıb. O, sonuncu dəfə Dağlıq Qarabağa təmas xəttinin Azərbaycanın nəzarətində olan hissəsindən keçdiklərini xatırladıb: “Bu addımı atmaqla onu nümayiş etdirmək istəyirdik ki, təmas xətti əbədi olaraq “dəmir pərdə” kimi qalmamalıdır. Baxmayaraq ki, hazırda danışıqlar prosesi çətin keçir. Bəli, biz 2009-cu ildə əldə etdiyimiz yüksək tempi saxlaya bilməmişik. Hesab edirəm ki, vasitəçi olaraq biz bütün marşrutlardan istifadə etməliyik. Bakıdan bir-başa Qarabağa gedərkən mütəxəssislərin yardımından istifadə etdik. Ümid edirəm ki, təmas xəttini yenidən keçib Qarabağa getməyimiz üçün daha 9 il gözləməli olmayacağıq”.


Dekabrda ATƏT-in Astana keçiriləcək sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı məsələyə gəlincə, həmsədr bu haqda danışmağın hələlik tez olduğunu deyib.


Qeyd edək ki, həmsədrlər oktyabrın 6-da Bakıda mətbuat konfransı keçirəcəklər.
# 596

Oxşar yazılar