“Beynəlxalq qurumlar Ermənistana təzyiqləri artırmalıdır”
08 sentyabr 2010 19:45 (UTC +04:00)

“Beynəlxalq qurumlar Ermənistana təzyiqləri artırmalıdır”

Azərbaycanda səfərdə olan Niderland Krallığı Senatının sədri Rene Van der Linden bu gün Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Millət vəkili Qənirə Paşayeva Lent.az-a bildirib ki, görüşdə komitənin sədri Səməd Seyidov çıxış edərək iki ölkə, o cümlədən Azərbaycan və Niderland parlamentləri arasındakı əməkdaşlıqdan danışıb.

Görüşdə ən çox müzakirə olunan məsələlərdən biri Qarabağ problemi və Ermənistanın son günlər təmas xəttində atəşkəsi pozma cəhdləri barədə olub. Qənirə Paşayeva bildirib ki, Tovuzun sərhəd kəndlərində, Xüsusən də Əlibəylidə ermənilərin dinc insanlara, əkin yerlərində çalışan insanlara, təsərrüfatlarda heyvanlara tez-tez atəş açmaları da qonağın diqqətinə çatdırılıb: “Biz Rene Van der Lindenə oradakı vəziyyəti çatdırdıq. Söylədik ki, ermənilər hər gün dinc insanları, evləri, hətta qəbiristanlıqları atəşə tutur, ərazilərə od vurub yandırırlar, Ona görə də biz Rene Van der Lindenin diqqətinə çatdırdıq ki, beynəlxalq qurumlar Ermənistana təzyiqləri artırmalıdır ki, Dağlıq Qarabağ probleminin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün təminatına nail ola bilək”.

Yenidən Bakıda olmasından məmnunluğunu ifadə edən Rene Van der Linden isə hər gəlişində Bakıda güclü inkişafın şahidi olduğunu deyib. O, Azərbaycana səfərinin məqsədindən danışaraq səfər çərçivəsində siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişafına dair fikir mübadiləsinin aparılacağını söyləyib.

Elxan SALAHOV
# 555

Oxşar yazılar