Hidayət Orucov: “Qurani-Kərim”in düzgün təbliği müsəlmanlar arasında həmrəyliyi gücləndirər”
07 sentyabr 2010 18:08 (UTC +04:00)

Hidayət Orucov: “Qurani-Kərim”in düzgün təbliği müsəlmanlar arasında həmrəyliyi gücləndirər”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov sentyabr ayının 5-də İstanbul şəhərində “Qurani-Kərim”in nazil olmasının 1400 illiyi münasibətilə təşkil olunan İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin dini işlər nazirlərinin görüşündə iştirak edib.

DQİDK-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın himayədarlığı və iştirakı ilə keçirən görüşə bu ölkənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, İKT-nin baş katibi Ekmələddin İhsanoğlu, İSESKO-nun Baş direktoru Əbdüləziz Ət-Tüveyciri, İKT-yə üzv ölkələrin dini işlər nazirləri və digər rəsmi şəxslərindən əlavə, İslam dünyasının nüfuzlu din xadimləri, tanınmış islamşünaslar və ilahiyyatçılar qatılıblar.

Tədbirdə rəsmi açılış mərasimindən sonra İKT-yə üzv ölkələrin dini işlər nazirlərinin çıxışları başlanıb və ilk söz Hidayət Orucova verilib. O bildirib ki, elm və texnikanın sürətli inkişaf etməsinə, qloballaşma prosesinin dərinləşməsinə baxmayaraq, hələ də müsəlmanlar arasında nifaq toxumu səpilir, məzhəb və təriqət ayrı-seçkiliyi edilir, İslam dininin həmrəylik və humanizm ideyalarına kölgə salınır: “Təəssüf ki, müəyyən vaxtlarda bu cür hallar İslam dünyasının daxilində gedən proseslərdən, hətta bəzən müsəlmanların özlərindən qaynaqlanır. Belə problemlərin yaranmasının əsas səbəblərindən biri İslam dininin, xüsusilə “Qurani-Kərim”in mahiyyətini, bəşəri prinsiplərini düzgün anlayıb, insanlara doğru təbliğ edilməməsidir. “Qurani-Kərim”in düzgün təbliği müsəlmanlar arasında həmrəyliyin gücləndirilməsi üçün böyük əhəmiyyət daşıyır””.

Hidayət Orucov müsəlman ölkələrinin dini problemlərdən əlavə, İslam dünyasında mövcud münaqişələrin həlli istiqamətində də səyləri gücləndirməyi zəruri sayıb: “Təcavüzə məruz qalmış din qardaşları müdafiə etmək zəruridir. Bu, “Qurani-Kərim”in müsəlmanların üzərinə qoyduğu mənəvi borcdur. Buna görə də, İslam dünyasının ayrılmaz tərkib hissəsi olan Azərbaycana qarşı təcavüzkar Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparması, bir milyondan artıq soydaşımızın məcburi köçkün həyatı yaşaması, eləcə də tarixi-dini abidələrimizin – məscidlərin, ziyarətgahların, türbələrin və digər mədəniyyət nümunələrimizin erməni vandalizminin qurbanına çevrilməsi təkcə Azərbaycanı yox, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini, xüsusilə də qardaş müsəlman ölkələrini yaxından düşündürməli və təxirəsalınmaz tədbirlər görülməlidir’.

Komitə sədri prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə “Qurani-Kərim”in yüksək zövqlə, möhtəşəm poliqrafik icrada işıq üzü gördüyünü, bunun Azərbaycanda İslam mədəniyyəti ilə bağlı əlamətdar hadisə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. ‘Qurani-Kərim”in nəşri görüş iştirakçılarında böyük maraq və heyrət doğurub.
# 560

Oxşar yazılar