Minsk Qrupu təmsilçilərindən köhnə, yeni təklif
06 dekabr 2012 20:45 (UTC +04:00)

Minsk Qrupu təmsilçilərindən köhnə, yeni təklif

ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT Xarici İşlər Nazirləri Şurasının 19-cu iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul ediblər.

APA-nın Dublinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bəyanatda Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın dövlət katibi Hillari Klinton və Fransanın Avropa işləri üzrə naziri Bernar Kazenev Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin sülh yolu ilə nizamlanması üçün zəruri siyasi iradə nümayiş etdirməyə çağırıblar.

Sənəddə Helsinki Yekun Aktının əsas prinsiplərinə, o cümlədən cüt tətbiq etməmək və güc tətbiqi ilə hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququna riayət olunmasının zəruriliyi vurğulanır.

“Prezidentlərin 2011-ci ildə qəbul etdiyi Dövil bəyanatına əsaslanaraq, yenidən tərəfləri sülh yolu ilə nizamlanmaya nail olmaq üçün qətiyyətli addımlar atmağa çağırırıq. Təəssüf edirik ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 2012-ci il yanvarın 23-də Soçidə qəbul etdiyi birgə bəyanata rəğmən, sülh prosesində sürətli tərəqqiyə nail olunacağı ilə bağlı gözləntilər özünü doğrultmayıb. Bunun əvəzinə, tərəflər qarşılıqlı anlayışa əsaslanan razılaşma imkanı tapmaq əvəzinə, danışıqlar prosesində tez-tez birtərəfli üstünlük əldə etmək yolları axtarıblar”.

Bəyanat müəllifləri tərəfləri 1994-cü ildə imzalanmış atəşkəs rejiminə riayət etməyə çağırıb və qeyd ediblər ki, hərbi güc tətbiqi münaqişəni həll etməyəcək: “Biz tərəfləri əhali arasında düşmənçilik hissini qızışdıran bəyanat və hərəkətlərdən çəkinməyə çağırırıq. Münaqişə tərəflərinin liderləri öz əhalisini bir gün düşmən deyil, digər tərəfin mədəniyyət, tarix və ənənələrinə hörmətlə yanaşılacaq qonşu kimi yaşayacaqları günə hazırlamalıdır”.

Nümayəndə heyətlərinin rəhbərləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2013-cü ilin əvvəlində ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələri davam etdirməyə hazır olmasını alqışlayıblar.

“Ölkələrimiz əvvəlki kimi tərəflərə kömək etmək üçün özündən asılı olan hər şeyi etməyə hazırdır, lakin Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün məsuliyyət yenə də tərəflərin üzərində qalır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 767

Oxşar yazılar