Gizli bayraq sevdası, “Xalq-Qalx” üsyanı, “Sirri-xuda” ölüm... – <span style="color:red;">YENİ LAYİHƏ
19 iyun 2019 09:05 (UTC +04:00)

Gizli bayraq sevdası, “Xalq-Qalx” üsyanı, “Sirri-xuda” ölüm... – YENİ LAYİHƏ

 

Lent.az “Şəhid ziyalılarımız” adlı yeni layihəyə başlayır. “Şəhid” deyəndə birbaşa güllə qabağında şəhid olanlardan getməyəcək söhbət. Onlar haqqında da layihələrimiz var, amma bu layihə el-oba, vətən yolunda mənən şəhid olanlardandır. 

 

Söhbətimizə Xudu Məmmədovdan başlayırıq. İlk “Şəhid ziyalılarımız”dan biri elm adamı, ictimai-siyasi xadim, professor Xudu Məmmədov olub. 

 

Dostları ona “Sirri-xuda” deyirmişlər. Ölümü də elə oldu - “Sirri-Xuda”...

 

Qarabağın qurbanları təkcə onu yağmalamağa gələn düşmən qarşısna əli silahlı-silahsız çıxan oğulları olmadı. Həm də yurdunu yağmalanmış görən, ömründə əli bəlkə də heç silaha dəyməyən, silahı söz olan, elm olan ziyalılarımız qurban getdi bu ada. Tarixini, keçmişini bilən, gələcəyini kölgədə hiss edən ziyalılar əllərindən gələni etdilər, yolun qayalıqlara dirəndiyini görəndə o yoldan dönmədilər, şəhid oldular.

 

***

 

Xudu Məmmədov 1927-ci ildə Qarabağda - Ağdamın Mərzili kəndində dünyaya gəlib.

Atası Surxay kişi Ağdamın tanınmış ziyalısı olub. Leninqrad Tikinti Akademiyasını bitirib, Ağdamda tikinti sahəsində çalışırmış. Anası Yaxşı xanım evdar qadın idi. Ailədə Xududan başqa bir oğlan və bir qız böyüyürmüş.

 

Xudu Mərzilidə 7 illik məktəbi bitirib, Ağdamın mərkəzindəki orta məktəbdə təhsilini başa vurub.

 

1942-ci ildə, gecələrin birində NKVD maşını dayanır onların doqqazında. O vaxtlar bu maşın kimin qapısı ağzında dayandısa, hamı o ailəyə bədbəxtlik gəldiyindən duyuq düşərmiş. Gecənin qaranlığında ailə neft lampasını yandırır, gələnlər lampa işığında evi ələk-vələk edib, Surxay kişini götürüb aparırlar. O vaxt olanlardan heç nə anlamayan balaca Xudu sonralar bu hadisəni kədərlə xatırlayıb deyərmiş: “Sən demə, çırağımızı uzun müddətə söndürtmək üçün həmin gecə bir saatlığa yandırtdırıbmışlar…”

 

Bəlkə də sovet imperiyasına, onun quruluşuna, siyasətinə, idarəçiliyinə nifrət Xudu Məmmədovda o vaxtdan başlayıb. Bəlkə də NKVD işçiləri ailənin başçısında da o nifrəti hiss etdiklərindən onu gecə ilə aparıb “zərərsizləşdiriblər”. O vaxtdan bütöv bir ictimai formasiya dəyişib, bəlkələr çoxdur.

 

Ailənin düşdüyü çətinliyə baxmayaraq, oxumağı buraxmayan Xudu 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.

 

“Pioner” alim

 

Dünyanın elm nəhəngi, Xudu Məmmədovun dərs aldığı ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz tələbəsi haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib:

 

“Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”

 

Böyük əl-Biruni, Şopenhauer, Kristli, Lomonosov, Fersman, Qubkin və digər qüdrətli dünya mineroloqlarının əlində aciz qaldıqları ağır bir işin öhdəsindən gələn - kristalların daxili quruluşlarını kəşf edən məhz gənc Xudu Məmmədov olur. 25 yaşında alim adını qazanır.

 

Onun kristalloqrafiyadakı böyük kəşfindən sonra Sovet İttifaqında süni almaz, yaqut, rubin, zümrüd, füruzə, yaşma, sürmə və digər qiymətli daşlar alınmasıyla ölkəyə milyardlarla gəlir gətirilmişdi. O vaxtlar alimin kimya üzrə Nobel mükafatına təqdimatı haqqında söz-söhbətlər gəzirdi. Amma gerçəkləşmədi. Sovet vaxtı buna təkcə imperiyanın alimləri, qonşuluqdakı düşmənlər deyil, həm də onlara öz içimizdən həmyerlisinin uğurunu “həzm edə bilməyəın” qısqanc yerli alimlər dəstək olurdu.

 

Sonralar Xudu müəllim silikat birləşmələrindən bir çoxunun da quruluşunu müəyyənləşdirib, həmin birləşmələrlə karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq əlaqəsini aşkara çıxarıb. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarını tətbiq edib.

 

Onun elmi yeniliklərindən və kəşflərindən çox söhbət açmaq fikrim yoxdur, bunlar onun həmkarlarının işidir.

 

Bir də onu deyəcəm ki, Xudu Məmmədov böyük alim olmaqla yanaşı, böyük pedaqoji fəaliyyəti vardı. Azərbaycan elmi üçün öz sahəsində çox sayda yüksək ixtisaslı elmi kadrlar hazırlayıb.

 

Tələbələrindən biri, professor M.İ.Çıraqov deyib: “Mənim bir ali məktəb müəllimim olub, o da Xudu Məmmədovdur. Mənim bir universitetim olub, o da Xudu Məmmədov Universitetidir”.

 

Bu cür tələbələrindən biri də həyat yoldaşı Maya xanımdır. Universitetin Fizika fakültəsində təhsil alan Maya kurs yoldaşları ilə birlikdə AMEA-ya təcrübə keçməyə gəlir. Gənc alim Xudu Məmmədov onların təcrübə rəhbəri olur. Tez bir zamanda Xudu Məmmədovla Maya arasında yaranan ünsiyyət onların evliliyi ilə tamamlanır. Xudu Məmmədov evlənəndən sonra Mayanın elmin arxasınca getməyinə təkan olur, qol-qanad verir. Bu gün 80 yaşlı Maya xanım öz həyat yoldaşından elə böyük məhəbbətlə danışır ki… Bu izdivacdan Xudu Məmmədovun  Toğrul adında bir oğlu var, bir qız nəvəsi.

 

Sonuncu kommunist olmaq arzusu

 

Xudu müəllimin şəxsiyyəti alimliyindən ötə idi. O vaxtlar Azərbaycanda xalq hərəkatı yeni başlayanda bu şəxsiyyətlərin adı birlikdə çəkilərdi - Xudu Məmmədov və Bəxtiyar Vahabzadə. Hər ikisinin çıxışları xalqın ürəyindən xəbər verdiyi üçün adamlar onlarla görüşə can atırdılar. Bəxtiyar Vahabzadə xatirələrində yazır: “1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir.

Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik, Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə”.

 

Bu ifadənin özündə alimin hansı qayğılarla, arzularla yaşadığı özünü büruzə verir. Təbii ki, belə bir şəxsiyyət vətənin başını qara buludlar alanda yorğanını başına çəkib, sakit yata bilməz.

 

Zatən, alim özünü tanıyandan içində yaşadığı quruluşun məhvə məhkum olması barədə fikrini dostları ilə bölüşərmiş. Bunu təhlillərlə, faktlarla açb göstərirmiş.

Anlamaq nə böyük zülmdür, İlahi... Anlamaq və yaşamaq – ikisi bir-birinə zidd olan ayrı-ayrı sözlərdir. Anladınsa, yaşamağın çətin olacaq. 

 

Vətənpərvərlik təkcə vətənin yolunda ölümə hazır olmaq deyil, onun yolunda yaşamaqdır, hər şeyə hazır olmaqdır. Vətənpərvərlik işinin peşəkarı olmaqdır.

 

Dostu Zeynal Məmmədov alimin portretini belə cızır: “Yuxusuz gecələr, qəlbin hərarəti, ağıldan nurlanan əzmkar zəhmət Xudu müəllimi yüksəkliklərə qaldırdı. O, silikat radikallarının indiyədək elmə məlum olmayan təsnifatını verdi. Xudu Məmmədov təkcə təbiətşünas deyil, memarlıq, rəssamlıq, poeziya, musiqi, dramaturgiya və digər sahələr onun dərindən bildiyi – vurulduğu sahələrdir. Xudu Məmmədov təmiz adam idi, ləkəsiz idi, saf idi. O, Azərbaycan ziyalılarının simvolu idi. Xudu müəllim fenomendir. Əfsanəvi insandır, bəlkə də dahidir”.

 

Rafiq Əliyev: “Yanılmıramsa, 1977-ci ilin qışı idi. Bakıda o qədər qar yağdığı hələ yadıma gəlmir. Bir nəqliyyat işləmir - nə avtobus, nə tramvay, nə avtomobil... O vaxt Azərbaycanda cəmi bir televiziya vardı, orda Xudu müəllimlə mənim müştərək verilişimiz efirə çıxırdı - "Elm və həyat". Gördüm tezdən zəng vurub ki, gedirik?

Təəccüblə deyirəm, necə? Mən yuxarıda "Drujba" kinoteatrının yanında, o isə Az.TV-yə nisbətən yaxın - dəniz kənarında yaşayırdı. Qayıtdı ki, qol-qola verib piyada qalxarıq.

Çıxdıq ekrana. Mövzumuz beləydi: "Sistem və onun quruluşu". Fərqi yoxdu, cəmiyyətdə, ya təbiətdə. Xudu müəllim simmetriyadan danışdı. Dedi: "Ailədə, dostluqda, cəmiyyətdə, harada olur-olsun, simmetriya pozulursa, sistem dağılır". Sonra studiyadakı lövhəyə böyük hərflərlə yazdı: XALQ, QALX. Sonra da dedi: "Görürsüz, hərflərin düzümü dəyişir və ayrı-ayrı mənalar verir". Mən də əlavə elədim ki, düz deyirsiz, Xudu müəllim, mərkəzləşmiş dövlət heç vaxt yaşaya bilməz, o, mütləq dağılmalıdı. Onda verilişi studiyada lentə yazdırmaq söhbəti yox idi, hər şey efirə canlı verilirdi. Xudu müəllim arada bir qulağıma pıçıldadı ki, bizi burdan salamat buraxacaqlar, ya yox, bilmirəm”...

 

Üçrəngli bayrağı Bakıya 1969-cu ildə gətirib

 

Hələ Sovetin qılıncının qəbzəsi də kəsən vaxtlarda, 1969-cu ildə Xudu Məmmədov Türkiyədən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Bakıya gətirib. AXC-nin banisi M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli yazır: “1969-cu ildə Xudu Məmmədova üçrəngli bayrağımızı hədiyyə elədim və o, bayrağı gizli şəkildə Azərbaycana apara bildi.”

 

Xudu Məmmədov tez-tez bölgələrə insanlarla görüşlərə gedərmiş. Belə görüşlərdə heç olmasa bir bina tikintisi də olsa, xeyirxah missiya ilə geri qayıdarmış. İndi işğal altında olan Ağdamda “Çay evi”ni Çində gördüyü bir binanın layihəsi ilə Xudu Məmmədov inşa etdirib. Təbii ki, maliyyəsini rayonun iş adamlarının və rəhbər işçilərinin boynuna qoymaqla. Onun sözündən çıxan olmazmış. Kəlbəcərin Dəli orman yaylağında da bina inşa etdirmişdi. Yaylaqda çobanlarla görüşdə leysan yağışın əlindən görüşü yarımçıq kəsməli olublar.   Nəticədə alimin və dostlarının təşəbbüsü ilə həmin yerdə bina inşa edilib.

 

Xudu müəllim içinin, qəlbinin sızıltılarını bayatılarına köçürüb:

 

Çiy yumurta soyulmaz,

Göydə ulduz sayılmaz,

Bütün xalqlar oyandı,

Mənim xalqım ayılmaz.

 

Elim köməyim olsun,

Əlim köməyim olsun,

Kimsəyə yük olarsam,

Ölüm köməyim olsun.

 

Xudu Məmmədov Azərbaycanın müstəqil olacağına çox inanırmış. Bu işdə Türkiyəyə çox güvənirmiş. “1918-ci ildə olduğu kimi, yenə bir gün türk əsgəri Bakıya əlində silah gələ biləcək” – deyirmiş, Azərbaycanı düşmənlərdən qorumaq, ona arxa durmaq üçün...

 

Qarabağ hadisələri başlananda Xudu Məmmədov başqaları kimi evdə otura, laqeyd qala bilmirdi. Ağdamın yollarında qalmışdı. Qəlbində özü kimi vətən eşqi olanları yığıb, gənc alimlərdən, ziyalılardan ibarət mübarizə hərəkatı yaradıb. Bunu onun bütün dostları danışdı. Yanıb-yaxılırdı, xalq hərəkatının yığıncaqlarında o qədər alovlu  danışır, qurtuluş yollarını təhlil edə-edə açıb göstərirdi. Çox vaxt sözünü qəribçiliyə salır, onu anlamırdılar. O zaman onu anlamayanlar sonralar Xudu müəllimin necə uzaqgörənliklə fikir dedyini etiraf edirdilər, amma artıq gec idi. Nə Xudu müəllim vardı, nə də Qarabağ... 

 

Hələ Qarabağ getməmiş, bu gedişlə Qarabağı itirəcəyimizi duyub, ürəyu partlamışdı böyük alimin.

 

Xalq artisti Fərhad Bədəlbəyli: "Xudu müəllim mənim qucağımda can verdi. Özünü pis elədi, başı çiyninə düşdü, çiyinlərindən tutub başını qucağıma aldım. Gözləri süzüldü".

 

1988-ci ilin 15 oktyabrında gənc alimlər, ziyalılar, müxtəlif birlik və cəmiyyət rəhbərlərinin toplantısı keçirilməliydi. Toplantıdan təşvişə düşən KQB tədbir keçiriləcəyi nəzərdə tutulan yerin qapısını nəzarətə götürüblər. “Kənar şəxslərin” ora daxil olmasına icazə verməyiblər. Toplantını Üzeyir bəyin Ev muzeyində keçirməyə qərar verilib. Hərəkatın fəallarından Fərhad Bədəlbəyli Üzeyir bəy Hacıbəylinin Ev muzeyinin o vaxtkı direktoru rəhmətlik Ramazan Xəlilovla danışıb, tədbirin muzeyin zalında keçirilməsinin razılığını alıb. 50 nəfərlik zala azı 150 nəfər yığılıb. Tədbirdə iştirakı nəzərdə tutulmayan adamlar da gəlibmiş.

KQB duyuq düşüb ora gəlincə qapıdan içəri ayaq qoymaq mümkün deyilmiş, ardıcıl çıxışlar, meydan qızışırmış. Xudu Məmmədov hərəkatın işinə uğurlar arzulayıb, tövsiyələrini verib, keçib yerində əyləşib və başı çiyninə düşüb.

 

Bu, onun son çıxışı olub. Xudu müəllimi tədbirdən birbaşa Təzə Pir məsçidinə aparıblar...

 

***

 

Dostları ona “Sirri-Xuda” deyərmişlər. Ölümü də elə oldu Xudu müəllimin “Sirri-Xuda”.

 

Xudu Məmmədovun dediklərindən:

 

- Xalqı yaşat, onun qəlbində yaşa! Xalqın cibində yaşama ki, onu boşaldıb bir gün özün də məhv olasan.

 

***

 

- Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır.

 

***

 

- Xalqdan uzaqlaşmaq qorxulu deyil, ona dönə bilməmək qorxuludur.

 

***

 

- Bizim üçün o dünyadan başqa, bir də o tay var.

 

***

 

- Dünyada hamı bir-birini başa düşsəydi, ədəbiyyatda komediya janrı olmazdı.

 

***

 

Yaxşı oxuyan tələbələrinə tez-tez deyərmiş:

 

- Pis oxuyan yoldaşlarınıza da bir şey öyrədin, sabah sizlərə başçılıq edəcəklər.

 

***

 

Özüm dərdli ikən dərman gəzirəm,

Dərdi mənimkindən az olanlara...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9652
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar