Lent.az -ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik.
Layihəmizin növbəti yazısı şəhid Milli Qəhrəman Allahverdi Bağırovun ailəsindən hazırlanıb.
Allahverdi Teymur oğlu Bağırov. 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. 1976-cı ildə Ağdamın “Qarabağ” futbol klubun baş məşqçisi təyin olub. Qarabağ müharibəsi başlanan dövrlərdə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. 1991-ci ildə qardaşı Eldar Bağırovun komandirliyi ilə “Vətən oğulları” adlı özünümüdafiə taboru yaradılıb. Qardaşı Eldarın ölümündən sonra Allahverdi Bağırov batalyona rəhbərlik edib. 1992-ci il iyunun 12-də maşınla Naxçıvanikdən Ağdama qayıdarkən minaya düşərək, şəhid olub. 24 fevral 1993-cü ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 476 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırov "Qızıl Ulduz" medalı ilə təltif olunub.
Qarabağ
Uzun saç-saqqalına qarışmış zəhmi ilə bizə ölümündən sonra şəkillərdən baxan Allahverdi Bağırov mənim üçün həm də Qarabağ demək idi. Müharibənin ən dəhşətli dövrlərində onun adı dillərdə gəzirdı. Hər kəs bu adda arxayınçılıq tapır, torpaqların işğal olunmayacağına ümidlərini daha da möhkəmləndirirdi. Allahverdi Bağırovun şəhid olmasını köçkünlükdən sonra bildim. Yenicə latın əlifbasına qovuşan qəzet səhifələrində onun haqqında gedən yazıların əvvəlinə qoyulan fotolardakı baxışlarda ömrü yarıda qırılan vətənpərvər, qəhrəman bir insanın torpaq, el-oba nisgilini hiss etmək olurdu.
Verilən ünvana çatıb binaların nömrəsini soraqlayanda 90-cı illərin əvvəllərini yenidən xatırladım. Sanki Allahverdi Bağırovun qızlarının, həyat yoldaşının yaşadığı evi yox, həm də onun özünün qapını açıb məni qarşılayacağı evi axtarırdım. Tarixdə, sözün əsl mənasında, iz qoyub getmiş igid insanın övladlarını görmək, onun haqqında öyrənmək, gənclik şəkillərinə, hansısa əşyasına toxunmaq, keçmişin enerjisini hiss etmək istəyirdim. Onların qapısına qədər üç qapı döydüm. Hamısında eyni həyəcan, eyni təlaş vardı. Dördüncü qapı üzümə açılanda düz ünvana gəldiyimi, yanılmadığımı anladım. Dəhlizin astanasında Milli Qəhrəman Allahverdi Bağırovun eyni ilə özünə bənzəyən böyük qızı Aynur Bağırova ilə üz-üzə dayanmışdıq.
İnam
Şəhidimizin həyat yoldaşı Validə xanım başqa otaqdan çıxıb, məni evə dəvət etdi. Pianinonun üstünə Allahverdi Bağırovun çərçivəyə salınmış iri bir şəkli də sanki bizimlə həmsöhbət olmağa, illər əvvəl yaşadığı müharibə məşəqqətlərini bizimlə bölüşməyə çalışırdı. Validə xanım masanın üzərindəki təzyiqölçəni dolaba qoyub, dilləndi.
- Allahverdi çox yaraşıqlı, ala gözlü, hündürboylu, qoçaq, sayılıb-seçilən kişi idi. Sonralar müharibə onun ancaq zahirinə təsir göstərdi. Xocalı hadisələrindən, orda rəhmətə gedənlərdən sonra saqqal saxladı. Onda adətə görə tək o, yox, Ağdamda bir çox kişilər uzun illər saqqal saxladılar. Mən onu ilk dəfə qatarda görmüşdüm. Qardaşımla Bakıda yaşayan bacımgildən Ağdama qayıdırdım, o da komandası ilə futbol yarışından gəlirdi. Biz Ağdamın kəndində, onlar isə şəhərin özündə olurdular. Mənə orda bir kəlmə də deməmişdi. Biz qatardan düşüb taksi ilə evimizə gələndə o da ayrıca taksi tutub ardımızca gəlmişdi ki, yerimizi öyrənsin. Mən də ata-anasız böyümüşdüm, onun da valideynləri tez dünyadan köçmüşdülər. Ona görə də biz bir-birimizi yaxşı başa düşürdük. Sonra gedib evlərində mənimlə ailə qurmaq istədiyini demiş, bizə elçi göndərmişdi. 1981-ci ildə ailə qurduq. Sonralar mənə demişdi ki, səni ilk dəfə görəndə anama bənzətdim. Allahverdinin anası erkən rəhmətə getmişdi. O, çox yaxşı idmançı idi. Əvvəl yüngül atletika, həndbol, basketbol, hündürlüyə tullanma ilə məşğul olmuşdu. Amma sonra daha çox futbol komandasında çıxış etməyə başladı.
Allahverdi Xocalı hadisəsi baş verəndən sonra evdə qərara tuta bilmədi. Qardaşı Eldar Bağırov və başqa ağdamlı oğullarla birgə dinc əhalini müdafiə edirdi, özünümüdafiə batalyonlarına yardım göstərirdi. Onun elə görünüşü vətənə qarşı münasibətinin necə olmasından xəbər verirdi. 1300 nəfər xocalılını əsirlikdən xilas etmişdi. O vaxtlar ölənlərin sayı-hesabı yox idi. Allahverdi meyitləri ermənilərdən alıb, öz torpağımızda dəfn etdirirdi. Müharibə başlananda bizim uşaqlarımız hələ körpə idi. Mən heç vaxt ona mane olmağı, “müharibəyə getmə” deməyi ağlıma da gətirməmişdim. Bunu eləsəydim, elə bilərdim ki, çox pis bir iş görmüşəm. Hamımız az-çox təhsil görmüş, dünyagörüşü olan insanlar idik. Gözümüz görürdü ki, xalqı müdafiə etmək üçün igid insanların olması vacibdir. Allahverdi də həmin igid kişilərdən biri idi. Bizim kimi qız-gəlinləri onlar qorumalıydılar. Hərdən fikirləşirəm ki, bəlkə də ona desəydim ki, müharibəyə getmə, o, sağ qalardı. Amma sonralar düşündüm ki, elə deməmək lazım imiş. Mənim o vaxtlar ağlım kəsdiyi o idi ki, oğlan, kişi müdafiəçi olmalıdır. O qədər insanı əsirlikdən almaq, onlara təzədən həyat vermək asan məsələ deyildi. Böyük qəhrəmanlıq idi. Ona görə də mən ona qadın hissinə qapılıb geri qayıt deməzdim. Heç desəydim də qayıtmazdı, davam edərdi. Mərd adam idi. Həmişə deyirdi ki, mən olan yerdə erməni cürət edib Ağdama girə bilməz. Nə qədər mən sağam, Ağdam işğal oluna bilməz. Hamı da ona inanırdı. Bəzən rayon çox atəşə tutulanda bizi aparıb kəndə - qardaşımgilə qoyurdu. Qardaşımgilə gələndə kənddə nə qədər adam vardı, hamısı onun başına yığışardı.
Arzu
Allahverdi Bağırovun Validə xanımla evliliyindən iki qız övladı doğulub. Qızlarını həddindən çox sevən ata onları gələcəkdə həkim görmək istəyirmiş. Hətta bu arzunun reallaşması üçün o qədər tələsib ki, onları orta məktəbə bir il tez qoyub.
- Qızları məktəbə tez qoymuşdu. Hər ikisi beş yaş səkkiz aylığından məktəbə getdilər. İstəyirdi ki, tez oxusunlar, məktəbi bitirib, həkim olsunlar. Böyük qızım heç üçüncü sinfi başa vurmamışdı ki, Ağdam alındı. Allahverdi çox ailəcanlı adam idi. Döyüşə gedəndə görürdüm ki, fikri elə bizim yanımızda qalır. Biz heç vaxt onun fikrindən çıxmadıq. Bunu bilirdim.
Bayaqdan masa ətrafında səssizcə anasının danışıqlarını dinləyən Aynur Bağırova atasından yadigar qalan şəkil albomunun üstünü əli ilə sığallayır. Kim bilir, atası ilə bağlı hansı günü, saatı, anı xatırlayır:
- Atamı itirəndə 8 yaşım vardı. Amma hər şey elə bil ki, dünən baş verib. Yerişini, baxışını, səsini o qədər aydın xatırlayıram ki, elə bilirəm, indicə qapını açıb içəri girəcək. Məni elə oğlan usağı kimi hər yerə özü ilə aparardı. Daha doğrusu, mən onun ardınca düşürdüm, o da xətrimə dəyməyib, aparırdı. Sonralar vərdişə çevrildi. Həmişə onun yanında olurdum. Onunla hansı toya gedirdik, qapıdan içəri girən kimi “Qoca Qartal” musiqisini çalırdılar. O da hər mahnıya qol qaldırmazdı. Amma bir dəfə düz bir saat mənimlə toyda rəqs etdi. Müharibədən əvvəl atamın Ağdamda restoranı vardı. Onunla ən çox ora gedərdik. Müharibə vaxtı həmin restoran əsirlərin ailələrinə təhvil verilmə yerinə çevrilmişdi. Onları gətirib restoranında yedirib-içirib, sonra ailələrinə təhvil verirdi.
Hamının atası öz balasını çox istəyir, amma mən elə bilirdim ki, atam bizi başqa bir istəklə sevir. İndi dərk edirəm ki, qızı atasından başqa heç kim elə çox istəyə bilməz. Mən elə uşaqlıqdan toppuş idim. Bir dəfə bibim atamın yanında mənə dedi ki, sən nə yaman kökəlmisən. Atam məni qucaqlayıb sinəsinə basdı, dedi qızım hələ arıqlayıb, harası kökdür? Müharibə olsa belə bizə heç nədən korluq çəkdirməzdi, canı həmişə bizim yanımızda olardı.
Kişilərin əlləri kobud olur, amma atamın elə gözəl əlləri vardı ki. İpək kimi səliqəli, sığallı idi. Evdə olanda bizi məktəbə özü aparırdı. Elə xoşuma gəlirdi ki, o, mənimlə yanaşı getsin, hamı da bizə baxsın.
Müharibə
Validə xanım deyir ki, həyat yoldaşı ən çətin, ağır dövrlərdə belə evə gələndə, qapıdan içəri girəndə, müharibənin bəri üzünə adlayanda ev adamı olurdu.
- O, evə gələndə neçə ilin həsrətlisi kimi, saatlarla uşaqlarla oynayırdı. Deyib-gülən, şən adam idi. Bir yerdə dayanmağı xoşlamırdı. Beş dəqiqə rahat yuxuya gedib gözünü yummazdı. Qoçaq, vuran-tutan, qazanan oğlan idi. Mən onu bircə dəfə möhkəm sarsılan, üzünü nəmli gördüm. Ağlamışdı. Özü bayırdakı sözü evdə danışan adam deyildi. Onunla döyüşən qohumlarımızdan soruşdum ki, ona nə olub, niyə ağlayıb? Onda mənə dedilər ki, Xocalıda ermənilər tərəfindən öldürülən doqquz yaşlı qız haqqında ona xəbər verdilər. Bu xəbəri ona deyəndə ağladı.
Allahverdi Bağırov, qardaşı rəhmətə gedəndən sonra çox narahat yaşayır, ondan sonra cəmi yeddi ay ömür sürür. Sonuncu dəfə kənddə olan ailəsinə və qohumlarına Ağdama qayıtmaq sözü verib, döyüşə gedir. Ancaq elə həmin gün də maşında minaya düşüb, şəhid olur.
- Mən ona qədər heç nədən qorxmazdım. Amma ondan sonra çox qorxaq olmuşam. İndi həyətə düşməyə belə bəzən qorxuram. Allahverdi şəhid olmazdan əvvəl rayona ermənilər çox atırdı. Biz uşaqlara görə çox qorxu keçirirdik. Bir gün o, bizi aparıb kəndimizə, qardaşımgilə qoydu. Sonuncu dəfə qardaşımgilə gələndə başına yığışanlara, hamıya dedi ki, üç günə sizi ev-eşiyinizə, Ağdama qaytaracam. Heç bildirmədi ki, döyüşə gedir, heç kimlə sağollaşmadı da. Amma sən demə, bacısının yanına gedib, ona deyib ki, qızlarımı sənə tapşırıram, onlardan muğayat ol. O qədər qəhrəman, cüssəli, qamətli adam idi ki, mənim ağlıma da gəlməzdi ki, ona nə isə ola bilər. İnanırdım da ki, o, işğal olunmuş torpaqlarımızı alacaq. Həqiqətən də o gücə malik adam idi. Axşam tərəfi gördüm qapı açıldı, adamlar gəldi. Əvvəl inanmadım. Sonra gördüm ki, Allahverdinin nəşini gətiriblər. O qədər cüssəli idi ki, qolları tabuta yerləşməmişdi, kənarda qalmışdı. Uşaqları aldatdım ki, başqa adamdır rəhmətə gedən. Amma onlar onun əllərini görmüşdülər. Dedilər ki, yox, dədəmizin əlləridi...
Allahverdi Bağırov Ağdama qayıdarkən beş nəfərlə birgə minaya düşür. Onlardan üç nəfəri sağ qalır, sürücüsü həlak olur. Validə xanımın dediyinə görə, sağ qalanlardan biri Allahverdi Bağırovun həmişə özü ilə gəzdirib, qorumağa çalışdığı 16 yaşlı oğlan olur.
- O, müharibəyə evdən qaçıb gəlmişdi. Allahverdi nə qədər çalışmışsa da, həmin uşaq evlərinə qayıtmamışdı. O da onu qorumaq məqsədi ilə həmişə yanında gəzdirirdi ki, ona heç nə olmasın. Maşın minaya düşəndə o oğlanla, bacısı oğlu Rövşən, bir də sabirabadlı bir kişi sağ qalmışdılar.
İllər
Gözəl ata və həyat yoldaşını itirən ailə ondan sonra köçkünlük yaşayırlar. Onlara ən təsir edən məqamlardan biri də Allahverdi Bağırovun məzarının da tapdaq altında qalması olur. Aradan keçən iyirmi yeddi il ərzində Validə xanım həyat yoldaşını, uşaqlarının atasını, ən əsası, mərd torpaq oğlunu unuda bilmir.
- Artıq iyirmi yeddi ildir, Allahverdi şəhid olub. Elə bil bu gündür. Heç nəyi unuda bilmədik, nə də ovunmadıq. O boyda insanı itirmək həm bir qadın, həm bir nəsil üçün çox ağırdı. Üstəlik, o boyda ev-eşiyimizi qoyub gəlməyə məcbur olduq. Allahverdinin, əzizlərimizin məzarları orda qaldı. Sonra uşaqları oxutmaq, saxlamaq lazım gəldi. Qızlarımı çox çətinliklə böyütdüm, birini tapanda o birini tapmadım.
Həsrət
Biz söhbət edən zaman Allahverdi Bağırovun kiçik qızı Zümrüd Bağırova da gəlib çıxır. Deyir, atam zəhmli olsa da bizə qarşı çox mülayim, mehriban idi.
- Şəhid olmamışdan əvvəl də Ağdamda çox məşhur adam idi. Bizi məktəbə gedəndə kənardan baxıb deyirdilər ki, Allahverdinin qızları gəlir. Ağdamda bizə həmişə fərqli münasibət olub. Hamı bilirdi ki, biz kimin qızıyıq. Hamı onun üstünə köməyə gələrdi. Toy edə bilməyənə toy edirdi. Yas götürə bilməyənin yasını götürürdü. Atamın restoranının qapısı hamının üzünə açıq olardı. Şelli kəndinə su çəkdirməsi, oranın məscidini təmir etdirməsini bilirdik. Həddindən artıq dostcanlı insan idi. Ona dərs keçən müəllimlər bizə dərs keçirdi. Hamı bizi ona görə çox istəyirdi. Atam mənə öz anasının adını qoymuşdu. Axırıncı günlər kəndə dayımgilə bizi görməyə gələrdi. Hər axşam saat 6-nı səbirsizliklə gözləyirdik ki, atamız gələcək. Gözümüz qapıda qalırdı. Gələndə 5-10 dəqiqə söhbət edib, gedirdi. Gəlməyəndə də oturub səhəri gözləyirdik ki, yəqin sabah gələr...
Yollar
Zümrüd sözlərinin ardını susmağa qədər aparıb çıxarır, baxışları ilə anasından, bacısından onun da yerinə danışmalarını xahiş edir. Hərdən anasının, bacısının dediyi sözləri başı ilə təsdiqləyir, hərdən danışılan söhbətlərin fonunda nələrisə xatırlayıb, gülümsəyir. Aynur Bağırova isə xatirələrinin ucunu tapıb, onları sözə çevirməyə çalışır.
- Mən atamı Bakıda görməmişəm. Onunla bağlı nə yaşamışıqsa, hamısı Ağdama aiddir. Amma anamgildən də, öz evimdən də pəncərədən bayıra baxanda həmişə yollara baxıram. Bilirəm ki, o, yolun sonunda heç nə yoxdur. O yollarla atam mənə tərəf gələsi deyil, amma yenə də baxıram. Gözüm həmişə onu axtarır. Onu yuxuda görəndə həmişə Ağdamda görürəm. Axırıncı dəfə atamı dayımgildə görmüşdüm. Onda mən 3-də, bacım 1-ci sinifdə oxuyurdu. Gəldi, mən də uşaq idim, ortalığa düşüb hansısa mahnıya oynayırdım. Mənimlə oynamağa başladı. Hündür idi, biz onun boğazından sallaşırdıq, elə vəziyyətdə bizi pilləkənlə yuxarı qaldırırdı. Atam futbol həvəskarı olduğundan futbolçuların şəkillərini toplayırdı. Müharibəyə gedəndən sonra isə hər dəfə gələndə özü ilə bir patron gətirərdi. Mən də onları yığıb saxlayardım. Saqqızı çox sevirdik. O vaxtı da müharibə şəraiti idi, saqqız tapılmırdı. Atam Bakıya gedən adamlar mütləq saqqız alıb gətirməyi tapşırardı. Hər dəfə gələndə bizə rəngli qutularda saqqız gətirirdi.
Aynur bu sözləri deyəndə mən niyəsə bir anlıq Allahverdi Bağırovun son anında onun gödəkçəsinin, köynəyinin ciblərində qızları üçün aldırıb saxladığı saqqızların olub-olmamasını düşündüm. Aynur sanki ürəyimdən keçənləri hiss etdi.
- Atamın nəşini evə gətirəndə bizə aldığı saqqızlar onun ciblərindən çıxmışdı. Anamgil əvvəl bizi aldatmaq istəyirdilər. Amma biz dedik ki, onu görmək istəyirik. Bizi yuyat yerinə apardılar, üzünü açdılar. Yadıma gəlir ki, ağlaya-ağlaya üzündən öpdük. Sonra da hər gün onun qəbrinin üstünə gedirdik. Hər dəfə qəbir üstündən gələndə anamı bezdirirdik ki, niyə onun üstündə beton var? Onun yerin altında olmasını ağlımıza sığışdıra bilmirdik. Anam atamdan sonra neçə illər xəstə yatdı. İllərlə anamı pəncərədən yola baxıb ağlayan görmüşük. O, hara gedibsə, həmişə evə bizim yanımıza tələsib. Həmişə bizə xörək çəkəndə, atamın da payını çəkib masaya qoyardı. Yadıma gəlmir ki, anam nə vaxtsa üç boşqab xörək çəksin. Həmişə stolumuzda dörd boşqab olurdu. Əvvəllər anama onunla bağlı çox suallar verirdik. Böyüyəndən sonra susmağı öyrəndik.
İydə çiçəkləri
Bayaqdan susqunluğunu qoruyan Zümrüd bacısının səsinə qoşulur.
- Biz çox böyük nəsil idik. Atam rəhmətə gedəndən sonra onun qəbrinin üstünə çox adam gedirdi. Biz də hər dəfə onlar gedəndə onlara qoşulub gedərdik. Ən çox bibilərimlə getdiyimizi xatırlayıram. Atamın ilinə qədər bir gün rayonda olurduq, bir gün kənddə. Onda ermənilər rayonu atəşə tuturdular. Atamın ilini verən günü də rayona çox atdılar. Biz qab-qacağı elə ortalıqda qoyub, Ağdamdan çıxdıq.
Aynur atasının qəbrinə apardığı iydə çiçəklərini yadına salıb, kövrəlir.
- Yolumuzun üstündə iydə ağacları vardı. Bəzən onun məzarına aparmağa gül olmurdu. Bibilərimə deyirdim ki, iydənin çiçəklərindən qopart ver, qoyum atamın qəbrinə. Kimsə bizə konfet, peçenye verəndə onu yemirdik, qəbirüstünə gedəndə aparıb məzarına qoyurduq. Elə bilirdik ki, biz yediklərimizdən atam da yeyə bilər. Dədəm soyuq suyu çox xoşlayırdı. Həmişə evə gələndə məni bulağa göndərib deyirdi ki, qaç, ordan mənə bir stəkan sərin su gətir. Mən də gətirdiyim suyun yarısını yolda içirdim. Gülürdü, deyirdi, bu ki yarımçıqdır. Sonralar qəbrinə gedəndə özümlə buz kimi su aparıb, qəbrinə tökürdüm (kövrəlir)
“Biz illər uzunu ona yas saxlamışıq. Qolumuzu qaldırıb bir toyda oynamamışıq. İllərlə qırmızı paltar geyinib, qırmızı boyalanmamışıq. Mən ondan sonra heç vaxt bəzək-düzək vurmamışam. Mənim bər-bəzəyim onunla birlikdə getdi. Hərtərəfli çox əzab əziyyət çəkmişik. Amma bugünkü gündə nə bilirik, nə bacarırıq, Allahverdi haqqında danışmağa həmişə hazırıq. İstəyirəm ki, onun qəhrəmanlığını, el üçün etdiklərini hamı bilsin, öyrənsin...”
Bu son cümlələri də Validə xanım məni qapıdan ötürəndə asta-asta pıçıldayır. Nə qədər əziyyətli olsa da, bildiklərini, xatırladıqlarını, yadında qalanları danışmağa çalışan ailəni Allahverdi Bağırovun xatirələri və ölməz, yenilməz ruhu ilə baş-başa qoyub, onun gələcəyini davam etdirən balalarının yaşadığı ocaqdan uzaqlaşıram.