"Oğlumu arxası üstə çevirdim, sinəsindən qan su kimi axırdı" – Xocalı şəhidinin anası Lent.az-a DANIŞIR
22 fevral 2022 20:15 (UTC +04:00)

"Oğlumu arxası üstə çevirdim, sinəsindən qan su kimi axırdı" – Xocalı şəhidinin anası Lent.az-a DANIŞIR

Xocalı faciəsi zamanı ərini və oğlunu itirmiş Nuridə Ələkbərovanın Lent.az-a müsahibəsi

Xocalı adı gələndə bədənimdən qəribə bir gizilti keçir. Bu əvvəllər də belə olub, indi də belədir. Xocalı qaçqını, Xocalı şəhidi, Xocalı sakinləri sözünü heç vaxt sakit qarşılaya bilməmişəm. Sizi bilmirəm, amma mən özümü nədənsə hər zaman onların yanında günahkar bilmişəm. Hətta torpağını itirmiş biri olmağım belə bu mövzuda mənə təsəlli olmayıb. Hər zaman ciddi-ciddi düşünmüşəm, necə oldu ki, bütün dünyanın qarşısında bu qədər irimiqyaslı soyqırımı oldu? Doğurdanmı qarlı, şaxtalı fevral günüdə meşələrdə, dağlarda donan, şəhid olan, zorlanan, min bir işgəncəyə məruz qalan bu insanlara heç kim kömək edə bilmədi? Necə oldu ki, xocalılar amansız təcavüzün, işgəncənin qurbanı oldular?

Xocalılarla görüşmək mənim üçün hədsiz ağır olub. Bəzən elə səbəblər olur ki, onları yazı ilə belə ifadə edə bilmirsən. Ona görə də bəzi məsələlərin üzərindən indi sükutla keçmək istəyirəm. 

İlk dəfə Xocalı şəhid ailəsi ilə 2019-cu ilin fevral ayında görüşmüşdüm. Soyuq, amansız şaxtalı hava idi. Şəhid, Milli Qəhrəmanın bacısı Xocalı məktəblərinin birində direktor işləyirdi. Onun işlədiyi məktəb isə Qızılqumda yerləşirdi. Şəhid bacısı havanın soyuqluğunu və yolun uzaqlığını nəzərə alıb mənə telefonla da danışa biləcəyini bildirmişdi. Ancaq mən imtina etmişdim. Milli qəhrəmanın bacısı ilə telefonla müsahibə etməyi özümə yaraşdırmamışdım. Soyuq, qaranlıq bir otaqda onunla oturub dərdləşmişdik. İndi də iş elə gətirdi ki, Xocalının otuz illiyi ilə əlaqədar görüşəcəyim şəhid anası və xanımı Nuridə xanımla Fatmayi qəsəbəsində görüşməli oluruq.

Balaca yerdən tikilən həyət evinin qapısından içəri girəndə mənə ilk toxunan soyuq olur. Otaqdakı çarpayının yanına qoyulan dördgözlü elektrik sobası belə otağı qızdıra bilmir. Paltomu çıxarmadan stula əyləşirəm.

Yaşı altmışı keçmiş bəstəboy, qarayanız qadın olan Nuridə xanım məni otaqda qoyub çay süzmək üçün mətbəxə yollanır. Qayıdanda bir az axsadığını görürəm. Çayı masaya qoyandan sonra deyir:

Şəkər dabanlarımı partladıb, əməliyyat olunmuşam deyə ayaqlarımı yerə basa bilmirəm.

Nə qədər təklif etsəm də, çarpayıda uzanmağa razılıq vermir. Elə mənimlə üz-üzə oturub keçmişini lap doğulduğu ildən nəql etməyə başlayır:

- 1961-ci ildə aprelin 2-də Xocalıda anadan olmuşam. Orda böyüyüb, orda işləmişəm. 1979-cu ildə elə orda öz Xocalıdan olan qohumumla ailə qurdum. Yoldaşım Milli ordunun döyüşçüsü olub. Elə Xocalı çıxanda da orda həlak oldu. Bizim üç uşağımız olub. Bir qız iki oğlan. Oğlumun biri də Xocalıdan çıxanda şəhid oldu. Ermənilər onu güllə ilə vurmuşdular. Şəhid olan oğlum beşinci sinifdə, ikinci oğlum dörddə, qızım da ikidə oxuyurdu.

- Bilirəm, sizin üçün çətindir, amma Xocalıdan çıxan gününüzü necə xatırlayırsınız? Yadınızda nələr qalıb?

- Həmin günlər yaddan çıxarmı qadan alım? Biz Xocalı camaatı heç vaxt evimizi tərk etmədik. Qırılan qırıldı, girov düşən düşdü, sağ qalanlar da mənim kimi zülmlə yaşamağa davam etdi. Həmin gün də fevralın 25-dən 26-na keçən gecə biz evimizdəydik. Biz inanmırdıq ki, Xocalını ermənilər alar. Həm də evimiz, torpağımız idi çıxmaq, başqa yerlərə getmək istəmirdik. Adam öz evini, yuvasını necə qoyub getsin bala? Torpaq şirindi. Ermənidən qorxmağımızı da özümüzə sığışdıra bilməzdik. Deyirdik, erməni kimdir ki, biz ondan qorxaq. Bəzən elə olurdu ki, bir həftə, on gün biz xalçaya, palaza bürünüb qazmalarda yatmışıq. Qırad göylə gəlirdi, biz onun altında o tərəfə, bu tərəfə qaçırdıq. Bəzən boş yerə düşürdü, bəzən evin üstünə, çox vaxt insan canı alırdı.

Fevralın 25-də gecə saat on bir idi. Möhkəm qar yağırdı. Hava da aman vermirdi. Elə bil ki, adamların qəsdinə durmuşdu həmin gün. Gün olsaydı, qar yağmasaydı, bəlkə də o qədər itki olmazdı. Camaatın çoxu qarda, soyuqda donub qaldı.

Nuridə xanım danışdıqca uşaqlığımdan bu yana ən sevimli fəslim olan qış gözümdən düşür. Sanki Xocalının faciəsinə, qırğınına bu fəslin də səbəb olduğunu düşünürəm. Bəlkə doğrudan da həmin gecə şiddətli qar yağmasaydı, şaxta olmasaydı o qədər insan, uşaq, böyük, qocalar ölməyəcəkdi? Düşüncələrimdən məni Nuridə xanımın səsi ayırır.

Uşaqları çox vaxt paltarlı yatırdırdım. Onları yerlərinə təzə salmışdım ki, BTR (zirehli transportyor) səsi eşitdim. Unamadım, dedim yəqin bizimkilərdi. Bir az keçmişdi, yoldaşım gəldi, dedi, uşaqları götür qonşuya zirzəmiyə qaç. Uşaqları yuxudan oyadıb qonşumuz Ələsgər müəllimgilin zirzəmisinə apardım. Evdən elə əynimizdəki paltarlarla çıxdıq. Ağlımıza gəlmirdi ki, həmişəlik çıxarıq. Düşündük ki, bir-iki saatdan sonra evimizə qayıdacağıq. Sonra bizə xəbər gəldi ki, uşaqları da götürüb kənddən çıxaq. Çünki ermənilər artıq kəndə giriblər. Ordan çıxıb İris körpüsünə tərəf gəldik. Ora çatanda, qızım ayaqqabıları ayağından çıxdı, qaldı ayaqyalın. Hələ də qızım o gecə ayağından aldığı yaraların əziyyətini çəkir. İnan allaha, orda güllələr başımızın üstündən yağış kimi ötüb keçirdi. Birtəhər gəlib çıxdıq Kətik meşəsinə. Qarqar çayı ordan keçib gedirdi. Çaya çatanda, yoldaşım da gəlib özünü çatdırdı. Mənə dedi, uşaqları suya salma, donarlar. O, uşaqları bir-bir kürəyinə alıb keçirdi. Mənə dedi, gəl səni də keçirdim, qoymadım. Onsuz da cansız adam idi, qıymazdım. Özüm birtəhər keçdim. Çəkməmin içərisi su ilə dolmuşdu. Həmin su ilə də Şelliyə qədər gəlib çıxdım.

- Yoldaşınız orda qaldı?

- Hə, o bizi keçirəndən sonra geri qayıtdı. Orda kim çayı keçə bildi, keçdi. Keçə bilməyənlər qaldı orda qırıldı. Qaranlıq idi, göz gözü görmürdü. Meşənin ortasında qalmışdıq. Orda nə qədər qonşumuz, qohumlarımız qırıldı. Mənim baldızımı öldürdülər, altı balası qaldı. Bircə dəfə yüyürə-yüyürə balasının ardınca qışqırıb “ay Elman” deyə bilmişdi. Adamları güllə ilə vururdular. Kimə dəyirdi, dəyirdi. Biz Əsgərana çatanda orda şum vardı. Hamımız şuma töküldük. Ən çox qırğın da orda oldu. Çünki orda biz sanki ermənilərin ovcunun içərisində idik. Orda olanda, gördük ki, iki erməni mindi maşına getdi. Onda bildik ki, onlar yoldaşlarına xəbər verməyə gedirlər ki, bizim yolumuz kəssinlər. Heç beş, on dəqiqə keçmədi ki, əli avtomatlı ermənilər gəldilər. Onlar camaatı qırmağa başladılar. İnan qızım insan səsindən qulaq tutulurdu. O, çığırırdı, bu çığırırdı. Adamların qanı bir-birinin üzərinə sıçrayırdı. Elə oldu ki, bir evdən hamını qırdılar. İradə adlı qonşum vardı. Balasını kürəyinə şəlləyib aparırdı. İradəni də, körpəsini də, ərini də öldürdülər. Beş baş ailədən bircə qız qaldı, o da ağır vəziyyətdə yaralandı. Yoldaşım avtomatla döyüşürdü. Onun avtomatının darağı qurtaranda mən özümdə olan darağı ona tərəf tulladı. Bir o yadımdadı ki, mənə dedi, uşaqlarını da götür, ayağın tutunca, qaç. Camaatdan dala qalma. Biz qaçdıq, o, özü qaldı.

- Siz onun ölümünü görmədiniz...

- Yox. Mənim sonra ağlıma gəldi ki, gərək mən ona deyərdim ki, mənə kömək elə uşaqları aparmağa. Elə mənim gücüm uşaqlara çatırdı. Hər dəfə bir az qaçırdıq, elə ki, görürdüm atəş çoxalır, uşaqlara deyirdim ki, uzanın. Biz bütöv o şumu sürünə-sürünə irəlilədik. Məlahət adlı qonşumun ərini, balasını öldürdülər. Gördüm yazıq havalanıb, qışqırır ki, hamını qırdılar, öldürdülər. Sonra Məlahəti də öldürdülər. Elə Təvəkkülü kimdən xəbər aldımsa, hamı ah-nalə çəkdi. Hətta bir az geri də qayıtdım ki, bəlkə onu kimsə görüb, ondan bir xəbər öyrənim. Amma geri qayıtdıqca gördüm ki, millət qırılır, təzədən qaçmağa başladıq. Adamlar vardı ki, yaralanmışdılar, yerdə çapalayırdılar, amma bizə yalvarırdılar ki, mənim də balalarımı çıxarın. Amma sənə deyim ki, orda qocalar və qız-gəlin çox olmasaydı, o qədər kişi qırılmazdı. Kəndimizin gözəl oğlanları qırıldı. Bizim Matan adlı qohumumuz vardı. Doqquz oğlundan üçü həmin gün erməni güllələdi.

- O güllə-boranın içindən neçə çıxdınız?

- Qızımın ayaqqabıları elə meşədə itdi. Xeyli yolu onu kürəyimdə gətirdim. Qar ayağında buza dönüb qoza-qoza olmuşdu. Bir az ana bala gəlirik, sonra əyilib yerdən qar götürüb ağzıma qoyuram, dincimi alıb təzədən yola davam edirəm. Düşünürəm ki, cəhənnəmə olsun hər şey. Harda mənə də güllə dəyər, dəyər. Beləcə səkkiz, doqquz saat yol gəldik. Qardaşım da onda bizə gəlib çatmışdı, yol ayrı olanda, gördüm qardaşım çığırdı. Baxdım ki, onun ayağından güllə dəyib. Sürünə-sürünə mənə dedi ki, ay bacı, balalarını da götür qaç. Elə həmin məqamda oğluma güllə dəydi. Güllə dəyəndə o, üzü üstə yerə yıxıldı. Onun yanına qaçdım, dedim, dur qaç. Elə bircə dəfə mənə baxdı, dedi, ay mama, məni vurublar, dura bilmirəm. Arxası üstə çevirdim, sinəsini açdım, gördüm sinəsindən vurublar, qanı su kimi axır (ağlayır). İstədim alım qucağıma, dedi, mama, tərpətmə ağrıyıram. Qoy, uzanım. Sonra bircə dəfə də dedi, mama, su ver mənə. Dedim, qorxma, səni həkimə çatdıracam, ölməyəcəksən. Onu bir də qucağıma qaldırdım. Yenə qışqırdı ki, ay mama, ağrıyıram, dəymə. Bilmirdim nə edim. Qoyub gedə bilmirdim, elə bilirdim, arxamca məni axtaracaq, deyəcək, ay etibarsız ana məni niyə qoyub getdin. Onu qucağıma alıb, sinəmin üstündə bir az süründüm. Gördüm yox, əziyyət çəkir, inləyir, deyir, ay mama, ağrıyıram, yerə qoy. Ətrafdakı camaat da mənə qışqırıb deyirlər ki, ay bala, o biri iki uşağı da gülləyə verəcəksən, onu qoy yerə get, o, ölüb. Dedim, yox, mənim balam ölməyib. Onu həkimə çatdıracam. Orda bir oğlan mənə dedi ki, xala, ölübdü, qoy get. Dedim ki, yox. Yaylığımı ona verdim, dedim, oğlumu bağla kürəyimə aparacam. Yolda da heç yarım saat yaşamadı. Elə bir dəfə mama dedi, sonra əlini boğazıma atıb keçindi.

- Gətirə bildiniz?

- Hə. Düz Şellinin üstünə qədər onun meyiti kürəyimdə gəldim. Sonra mənim paltarımı gəlinlər yuyanda dedilər, nə qədər yuyurduqsa, paltarın qanı getmirdi. Şelliyə çatanda, gördüm iki əsgər dayanıb siqaret çəkir. Onlara dedim, uşağı kürəyimdən açsınlar, nəfəs alım. Onlar mənə kömək elədilər. Dedilər ay xala, yatıb, dəymə. Dedim, yox, ay bala yatmayıb (ağlayır). Sonra bir maşın gəldi, bizi Ağdama gətirdilər. Orda qohumlarımız çıxdı qarşıma. Uşağı məndən alıb elə ağladılar, elə ağladılar ki, təsvir etməkdə çətinlik çəkirəm. Sonra uşağı təcili yarım apardı. Dedim, uşağımı aparmayın, ölüb. Dedilər, yox, ölməyib. Sonra mənim uşaqlarımı aparıb sığınacağa qoymuşdular. Mən oğlumun meyitinin dalınca gedəndə anımda oturan sürücü əli ilə başına gözünə döyüb ağlayırdı. Bir neçə saat havalı kimi oldum, digər iki uşağımı axtardım. Elə bilirdim, onlar da ölüb. Deyirdim, balamın biri öldü, bəs o biriləri hanı. Sonra gördüm əyin başlarını dəyişib gətirdilər. Ertəsi gün balamı Ağdam qəbiristanlığında dəfn etmək istədilər. Qoymadım.

- Niyə?

- Dedim, balam bir sutka yol gəlib, üşüyüb, qoyun qalsın. Dedim, onu bircə gecəliyinə mənə verin, qoynumda yatırdım. Həmin gecə balamı nə qədər qucaqladım, isinmədi. Buz kimi idi. Hamı məni dartırdı, ondan ayırmağa çalışırdı. Dedim, yox, sən allah dəyməyin mənə, qoyun bir egcə balamla yatım. Sabahısı gün onu dəfn etdik.

- Bəs yoldaşınızı nə zaman dəfn etdiniz?

- Yoldaşım fevralın 26-da şəhid olmuşdu. Biz Ağdamda olanda, elə gözüm qapıda qalmışdı. Səs gələn kimi qapıya qaçırdım ki, bəlkə gələn Təvəkküldü. Martın 19-da onun meyitini gətirdilər. Həmin gün 36 meyit birdən gətirmişdilər. Onların içində yoldaşımı axtarırdım. Bacım dedi ay bacı, az bax, meyitlərə, sən havalanasan. Elə orda baldızımın da, yoldaşımın da meyitini tapdım. 20-də onu dəfn etdik.

- Bu qədər ağrı-acıya, dərdə dözəcək gücü necə tapdınız?

- Torpağın üzü soyuqdu. Əlbət allah dərdi verəndə, dərmanını da verir. Bir də uşaqlarımın məsuliyyəti məni həyata bağladı. Onlar üçün yaşamağa məcbur oldum. İndi Allaha şükür edirəm ki, torpaqlarımız alındı, Ağdam alındı. Gedib balamın, yoldaşımın  məzarı olan o torpağa çıxa biləcəm.

# 12462
avatar

Samirə Əşrəf

Oxşar yazılar