Nahardan sonra yuxunuz gəlir?
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeməkdən sonra yaranan yorğunluq - səhhətinizdəki müəyyən problemlərin siqnalı ola bilər və bu əlamətləri nəzərə almamaq olmaz.
Niyə yeməkdən sonra yorğunluq yaranır?
Yeməkdən sonra davamlı yorğunluq hissi - potensial olaraq təhlükəli bir sağlamlıq probleminin əsas əlaməti ola bilər. Tibbdə bu hal “postprandial yuxululuq” adlanır. Bu, yuxululuq, enerji çatışmazlığı və diqqət toplamada çətinliklərə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, bu vəziyyətin dəqiq səbəbi tam məlum deyil, lakin bir neçə nəzəriyyə mövcuddur. Onlardan biri bu halın bədənin həzm prosesinə təbii reaksiyası olmasıdır. Yeməkdən sonra bədən qan axınını həzm sisteminə yönəldir və bu zaman beyində qan dövranı müvəqqəti azalır. Bu da öz növbəsində yorğunluq və süstlük hissinə səbəb ola bilər. Əgər bu hal normadan artıqdırsa, aşağıdakı sağlamlıq problemlərinə işarə edə bilər:
Diabet və ya prediyabet – yeməkdən sonra qanda şəkərin kəskin dəyişməsi yorğunluğa səbəb ola bilər.
Qida intoleransı və ya allergiya – bəzi məhsullara qarşı orqanizmin dözümsüzlüyü yorğunluq və digər simptomlarla özünü göstərə bilər. Problemli qidaları müəyyən etmək üçün qida gündəliyi aparmaq tövsiyə olunur.
Anemiya – dəmir və ya B12 vitamini çatışmazlığı daimi yorğunluğa səbəb ola bilər.
Hormon pozğunluqları – məsələn, qalxanabənzər vəzin zəif fəaliyyəti enerji səviyyəsinə və maddələr mübadiləsinə mənfi təsir göstərə bilər.
Yuxululuğa səbəb olan qidalar
Bəzi qida maddələri yeməkdən sonra yuxululuğu daha çox artırır. Bunlara aşağıdakılar daxildir:
Şəkər və rafinə olunmuş karbohidratlarla zəngin yeməklər (ağ çörək, düyü, makaron, peçenye, şirniyyatlar)
Triptofan adlı amin turşusunu ehtiva edən zülallar (hinduşka, toyuq, yumurta, pendir, balıq, qoz-fındıq və toxumlar)
Nə etmək lazımdır?
Əgər bu vəziyyət sizdə tez-tez baş verirsə, lakin ciddi sağlamlıq problemi ilə əlaqəli deyilsə, aşağıdakı tövsiyələrə əməl edin: Yeməkdən sonra təmiz havada gəzin və ya qısa bir piyada gəzintiyə çıxın. Böyük porsiyalardan uzaq durun. Rafinə olunmuş karbohidratlar əvəzinə tam taxıllı məhsulları seçin.
Nahar zamanı karbohidratları azaltmağa çalışın. Kifayət qədər su için. Qidalanmanı nizamlı edin, gec saatlarda yemək yeməkdən çəkinin. Əgər yeməkdən sonra daim özünüzü tükənmiş hiss edirsinizsə, bu halda həkimə müraciət etməyiniz tövsiyə olunur.