Əldə olan məhdud həcmdə məlumat koronavirusun “omicron” ştamının “delta” variantından daha sürətlə yayıldığını göstərir.
Lent.az-ın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında deyilir. Qeyd olunur ki, “delta” variantının az yayıldığı Cənubi Afrikada da, “delta”ya yoluxmaların çox olduğu ölkələrdə də “omicron” daha sürətlə yayılır. İlkin məlumatlar həmçinin yeni ştamın vaksinlərin effektivliyini azaltdığını deməyə əsas verir.
“Delta” ştamı ilə müqayisədə virusun bu ştamına yoluxma zamanı xəstəliyin əksər hallarda daha yüngül keçdiyi müşahidə edilir. Bununla belə, qurum əlavə məlumatlara ehtiyac olduğu qənaətindədir. İndiyədək “omicron”a yoluxmalar 64 ölkədə qeydə alınıb.