Meksikanın "Bermud üçbucağı"
25 noyabr 2024 14:57 (UTC +04:00)

Meksikanın "Bermud üçbucağı"

Meksikada "Səssiz Zona" (ispanca "La Zona del Silencio") kimi tanınan bir yer var və bu bölgə illərdir sirli hadisələrlə əlaqələndirilir. Bu yer Chihuahua, Coahuila və Durango ştatlarının sərhədində, Mapimi Biosfer Qoruğu yaxınlığında yerləşən səhra ərazisidir.

Bu ərazi bir zamanlar Tetis okeanında qədim dəniz yatağı olub və burada dəniz fosilləri və hazırda hasil edilən böyük duz yataqları qalıb.

Həmin bölgədə radio siqnalları və digər cihazların işini pozan güclü elektromaqnit sahələr vardır, hətta bölgədə saatların düzgün işləmədiyi iddia edilir. Məhz bu cür qeyri-adi əsrarəngiz hadisələr ərazidəki unikal mineral tərkibi və meteor təsirlərinə aid edilir. Qəribə radio və maqnit anomaliyaları bu yeri "Meksikanın Bermud Üçbucağı" kimi məşhurlaşdırıb.

Tarixə qısa nəzər salsaq, görərik ki, 1970-ci ilin iyulunda, ABŞ-ın Yuta ştatındakı Green River buraxılış kompleksindən Nyu Meksiko ştatındakı White Sands raket sınaq poliqonuna doğru buraxılan Athena RTV sınaq raketi idarəetməni itirdi və Mapimí səhrası bölgəsinə düşdü. Raketin kursdan çıxdığı vaxt onun tərkibində kobalt-57 izotopu olan iki kiçik konteyner var idi. Bu izotop "duzlu bombalarda" geniş əraziləri qəsdən çirkləndirmək üçün istifadə edilirdi. Təmizləmə tədbirləri çərçivəsində təsir yerindən yüzlərlə ton torpaq çıxarılıb.

Bu tarixi olaydan sonra bölgədə əfsanələr dolaşmağa başladı. İnsanlar burada kompas iynələrinin davamlı olaraq qeyri-adi şəkildə döndüyünü bildirirlər. Bəziləri bunun səbəbini maqnetik anomaliyalarla izah etməyə çalışır. Yerli əhali burada hətta naməlum uçan obyektlər (UFO) və qəribə işıqlar belə gördüyünü iddia edirlər. Həmçinin, ərazidə zəif səslər və ya yüksək tezlikli hənirtilər eşidildiyi bildirilir. Bunları həm atmosferik təbii hadisələrlə, həm də başqa dünyalardan olan ziyarətçilərlə əlaqələndirənlər vardır.

Qeyd edək ki, zonada tez-tez meteorit düşmələri də baş verir. Bu fakt isə, bölgənin müəyyən kosmik xüsusiyyətlərə malik olması barədə fikirlərin meydana çıxmasına səbəb olub. "Səssiz Zona"nın bioloji xüsusiyyətləri də spesifik xarakterə malikdir. Belə ki, ərazidə yerli bitki və heyvan növlərinin bəzi fərqli xüsusiyyətlərə malik olduğu qeyd edilir. Bu bölgə paranormal hadisələrlə də məşhurlaşıb, lakin alimlər çoxunu təbii geoloji və maqnetik faktorlarla izah etməyə çalışırlar. Bu yerlə bağlı hələ də araşdırmalar davam edir və turistlər arasında böyük maraq doğurur. Təsadüfi deyil ki, rəbiətsevərlər bu ərazinin flora və faunasını öyrənməyə, turistlər isə əfsanələrin izi ilə səyahət etməyə böyük maraq göstərirlər. Yerli sahibkarlar turizm tələbatlarını nəzərə alıb əraziyə xüsusi turlar təşkil edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 840
avatar

Yunis Xəlilov

Oxşar yazılar