Bədın çəkinizi qorumaq üçün ac qalmaq və ya ciddi diyetlərə riayət etmək şərt deyil. Alimlər müəyyən ediblər ki, yorucu idman və məhdudiyyətli pəhriz olmadan da çəkini nəzarətdə saxlamaq mümkünləşər.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunun üçün sadə, lakin effektiv bir vərdiş kifayətdir: mütəmadi olaraq çəkinizi yoxlamaq.
Araşdırmalar göstərir ki, tez-tez çəki monitorinqi insanların qidalanmalarına daha çox diqqət yetirməsinə və daha aktiv həyat tərzi sürməyinə təkan verir. Tərəzidəki kiçik dəyişikliklər insanı daha şüurlu qida seçimləri etməyə və fiziki fəaliyyətini tənzimləməyə səbəb olur.
Corciya Universitetinin (ABŞ) alimləri 18-65 yaş aralığında 111 könüllü ilə eksperiment keçiriblər. Onlardan iki ay boyunca çəkilərini sabit saxlamaq istənilib, lakin ciddi pəhriz və ya idman proqramı təyin edilməyib.
Tədqiqat nəticələrinə görə, hər gün tərəziyə çıxan iştirakçılar ya orta hesabla 800 qram arıqlayıb, ya da çəkilərini stabil saxlayıblar. Ancaq çəkisini izləməyən könüllülər 2 kiloqrama qədər kökəliblər.
Alimlər bu fenomeni insanın çəkisindəki kiçik dəyişikliyə intuitiv reaksiya verməsi ilə izah edirlər. Yəni, insan çəkisinin artdığını hiss etdikdə, avtomatik olaraq daha az kalori istehlak edir, daha sağlam qida seçir və ya daha çox hərəkət etməyə başlayır.
Bu tədqiqat onu göstərir ki, ciddi pəhrizlər və məşqlər olmadan da sadə və davamlı bir vərdiş - mütəmadi çəki yoxlaması - bədən çəkisini idarə etməkdə çox təsirli ola bilər. Həyat tərzinizdə daha şüurlu olmaqla, zamanla ciddi pəhrizlərə və gərgin idman rejimlərinə ehtiyac duymadan normal çəkinizi qoruya bilərsiniz.