Yalan söyləmək xəstəliyinin olduğunu eşitmisiniz? Heç dəmə, “gopçuluq” xəstəlik imiş.
Lent.az-ın xəbərinə görə, mitomani adlanan bu xəstəlik insanlar özlərini önəmli hiss etmədiklərində, diqqət çəkmək istədiklərində üzə çıxır. Mitomanlar, yəni patoloji yalançılar olmayan hadisələri ustalıqla danışar və qarşısındakı insanı inandırmağı bacarırlar.
Xəyal güclərindən uydurduqlarını gerçək sanırlar. Başqa sözlə, öz yalanlarına özləri də inanırlar. Yalan demək üçün hansısa səbəbləri olmasa belə, yalan deməyə ehtiyac duyarlar. Mitomani xəstəliyi 15-16 yaşlarda başlayar. Müalicə edilmədiyində ciddi problemlər yaşana bilər. Cəmiyyətdə müəyyən nüfuzu olanlar arasından da peşəkar yalançılar çıxır.
Yalan danışmaq patologiyasının açıq elmi izahı yoxdur. Həkimlərin fikrinə görə, şəxsiyyət pozğunluqları, beynin xüsusiyyətləri (prefrontal korteksin üç hissəsində ağ maddə daha çox olur), tərbiyə forması, narkotik və alkoqol aludəçiliyi, depressiya, narahatlıq və ya obsesiv-kompulsiv pozğunluq yalançılığa səbəb ola bilir.