Gündə 5 saatdan az yatmaq hansı xəstəliklərə səbəb olur?
17 fevral 2023 17:23 (UTC +04:00)

Gündə 5 saatdan az yatmaq hansı xəstəliklərə səbəb olur?

Mütəxəssislər deyirlər ki, gecələr 5 saatdan az yatmaq yaşı 50-dən çox olan insanlarda xroniki xəstəliklər riskini artırır.

Lent.az xarivi KİV-ə istinadən bildirir ki, bu yaş qrupunda olan təxminən 8 min adamın iştirak etdiyi araşdırma 20 ildən çox davam edib.

Nəticələri "PLoS Medicine" tibb jurnalında dərc edilmiş bu tədqiqat zamanı iştirakçılardan iş günlərində gecələr neçə saat yatdıqları soruşulub və hamısının yuxu rejimi qeydə alınıb. Onların şəkərli diabet, xərçəng və ürək xəstəlikləri kimi xroniki problemləri də müşahidə altında saxlanıb.

Məlum olub ki, tədqiqat boyu gündə 5 saat və ya daha az yatan insanların sağlamlıq problemləri gündə 7 saat yatanlardakına nisbətən 30 faiz çoxdur.

Həmçinin o da üzə çıxıb ki, bu yaşlarda 7 saatdan az yatmaq xroniki xəstəliklərlə bağlı ölüm riskini artırır.

Araşdırma London Universitet Kollecində və Paris Şəhər Universitetində aparılıb.

"Bu araşdırma bir daha sübut etdi ki, sağlamlığımız baxımından az yatmaq zərərlidir. Bəziləri az yatanda da özlərini yaxşı hiss edə bilərlər, amma ümumən bu zərərlidir" - Surrey Yuxu Mərkəzinin direktoru, professor Derk-Jan Dijk belə deyir.

Bəs nə üçün bəzi insanlar çox yatmağa ehtiyac duymurlar?

Professor Dijk bunun səbəbinin məlum olmadığını bildirir: "Bəzi insanların niyə az yatması və bununla bağlı nəsə edib-etməyəcəyimiz böyük sual altındadır. Amma yuxu müəyyən dərəcədə dəyişdirilə bilən həyat tərzidir".

Niyə yatırıq?

Məlumdur ki, yuxu bədənimizin və beynimizin yenilənməsinə və dincəlməsinə imkan yaradır.

Biz yuxuda olanda beyin gün ərzində yaşadıqlarımızı saf-çürük edir və lazımsız olanları silir.

Bu da bir həqiqətdir ki, yuxu maddələr mübadiləsi və konsentrasiyamız üçün faydalıdır, özümüzü yaxşı hiss etməyimiz necə yatmağımızdan asılıdır.

Adətən, mütəxəssislər 7-8 saat yatmağı məsləhət görürlər. Ancaq araşdırma zamanı qeydə alınmış 5 saatlıq yuxu rejiminin nədən qaynaqlandığı hələ ki məlum deyil.

Gecələr yaxşı yatmaq üçün aşağıdakı məsləhətlərə əməl etmək lazımdır:

Gün ərzində aktiv olun, amma yatmaq vaxtı yaxınlaşdıqca, tempinizi azaldın;

Gün ərzində mürgüləməməyə çalışın;

Yatmazdan əvvəlki rejiminizi sabitləşdirin. Yataq otağınızı rahat, yuxuya dəvət edən hala gətirin; işıq keçirməyən, qalın pərdələr və düzgün otaq temperaturu vacib şərtlərdəndir;

Yatmazdan əvvəl mobil telefonunuza baxmamağa çalışın;

Yatmazdan əvvəl yağlı, şəkərli və stimullaşdırıcı qidalar yeməkdən çəkinin;

Gec saatlarda qəhvə və spirtli içkilər içməməyə çalışın;

Yuxuya gedə bilməyəndə özünüzü məcbur etməyin, yataqdan qalxıb kitab oxuyun və ya digər rahatlaşdırıcı şeylərlə məşğul olun, yuxunuz gələndə yatağınıza qayıdın;

Gecə növbəsində işləyirsinizsə, birinci növbədən əvvəl bir az mürgüləyin. Sonuncu növbədən sonrasa yatmaq vaxtı çatana qədər oyaq qalmağa çalışın;

Sizə yuxu gətirən səsləri dinləyin;

Yan təsirlərinə və ciddi asılılıq riskinə görə hazırda həkimlər yuxu həbləri yazmaqdan çəkinirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar