Yaxşı yuxu lüks deyil, həyat üçün zəruri ehtiyacdır. Rahat və keyfiyyətli yuxu olmadan bədənimiz və beynimiz tam potensialla fəaliyyət göstərə bilmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ispaniyalı həkim Sara Marín Barbey sosial şəbəkələrdə paylaşdığı tövsiyələrdə gec yatmağın 4 həftə ərzində beyin və bədənə ciddi zərər verdiyini qeyd edir. O, yuxunun keyfiyyətini artırmaq üçün sadə, lakin elmi əsaslı məsləhətlər də verir.
Gec yatmağın mərhələli fəsadları
Birinci həftə: Yorğunluq artır, enerji azalır. Məlumata görə, artıq ilk günlərdən orqanizmdə melatonin (yuxu hormonu) səviyyəsi aşağı düşür, kortizol (stress hormonu) isə yüksəlir. Nəticədə əhval pozulur və iştaha artır.
İkinci həftə: Bədəndə bərpa prosesi zəifləyir, böyümə hormonu azalır. Bu, əzələlərin regenerasiyasına və uşaq orqanizmində normal böyüməyə mənfi təsir edir.
Üçüncü həftə: Beyin zərbə almağa başlayır. Həkimin sözlərinə görə, beynin gündüz ərzində topladığı toksinlər gecə saatlarında təmizlənmir. Bu isə neyron zədələnmələrinə səbəb olur: “Bir müddətdən sonra beyin özünü yeməyə başlayır,” – deyə o xəbərdarlıq edir.
Dördüncü həftə: Beyin funksiyaları tam pozulur. Hormonal balans dəyişir – leptin (toxluq hissi hormonu) azalır, qrelin (aclıq hormonu) isə artır. Bu isə davamlı aclıq hissi və şəkər, yağlı qidalara meyl ilə nəticələnir. Həmçinin, bağırsaq mikroflorası da zərər görür.
Sağlam yuxu üçün həkimdən 5 sadə tövsiyə
Həkim Sara Marín gec yatmağın bu təhlükəli fəsadlarının qarşısını almaq üçün aşağıdakı 5 əsas qaydaya riayət etməyi tövsiyə edir:
1. 23:00-dan gec yatmayın. Çünki melatoninin pik səviyyəsi bu saatlarda olur və gec yatmaq onun ifrazını azaldır.
2. Yuxu otağının temperaturunu 18–20°C arasında saxlayın – bu, optimal yuxu üçün idealdır.
3.Yatmazdan bir saat əvvəl smartfon və elektron cihazlardan uzaq durun. Onların yaydığı mavi işıq melatoninin sintezini ləngidir və yuxuya getməni çətinləşdirir.
4. Yüngül və erkən nahar edin – ən geci saat 21:00-a qədər.
5. Yalnız xüsusi hallarda və həkim nəzarəti ilə əlavələr qəbul edin: məsələn, maqnezium bisqlisinat, L-teanin, aşvagandha və ya uzunmüddətli təsirli melatonin.