Boğaz ağrısı soyuq aylarda ən çox rast gəlinən şikayətlərdən biridir. Qrip, soyuqdəymə, virus infeksiyalarının geniş yayıldığı qış fəslində boğazda şişmə, qıcıqlanma çox vaxt qaçılmaz olur.
Lent.az boğaz ağrısına yaxşı təsir edəcək vasitələri sizə təqdim edir.
Duzlu su
Boğaz ağrısına yaxşı təsir edəcək ən asan yollardan biri duzlu su və ya soda ilə qarqara etməkdir. Duzlu su ilə qarqara etmək boğazda şişkinliyi azaldır, bəlğəmi aradan qaldırır və bakteriyaların orqanizmdən çıxarılmasına kömək edir. Bir stəkan ilıq suya yarım çay qaşığı duz əlavə etmək kifayətdir. Sonra qarışığı 30 saniyə ərzində qarqara etmək lazımdır.
Çoxlu maye içmək
Gün ərzində mümkün qədər tez-tez maye içmək boğazınızın rahatlamasına kömək edəcək. Bununla yanaşı, soyuq içkilərdən uzaq durun. İlıq içkilər içmək susuzluğun, hətta hiperemiyanın da qarşısını alır. Su ilə yanaşı, çay da boğazdakı ağrılar üçün yaxşı vasitədir. Çayın tərkibində immuniteti gücləndirən və infeksiyaların qarşısını alan antioksidantlar var.
Toyuq şorbası için
Uzun illərdir evdə soyuqdəymə zamanı hazırlanan toyuq şorbası boğaz ağrısına da yaxşı təsir edir. Toyuq bulyonunun tərkibindəki natrium iltihabın əmələ gəlməsinin qarşısını alır. Boğaz ağrısı zamanı quru yeməklərdən uzaq durun.
Otağınızın havasını dəyişin
Boğaz ağrınız varsa, otağın quru havası ağrını daha da çətinləşdirəcək. Bu, öskürəyə də səbəb olar bilər. Buna görə də tez-tez evin havasını dəyişdirin, otağı nəmləndirin.
Bal yeyin
Bir qaşıq bal boğazınızdakı qıcıqlanmanı aradan qaldırmağa kömək edəcək. Tərkibindəki mikrob əleyhinə maddələr isə daha tez sağalmağınıza kömək edəcək. Boğaz ağrısı üçün bal yemək böyüklər üçün faydalı olsa da, 1 yaşından kiçik uşaqlar üçün məsləhət görülmür.