Bayramlar bitdi və bu gündən bütün müəssisələrdə iş, məktəblərdə və universitetlərdə dərslər başladı.
Bayramlar hər nə qədər bizi sevindirsə də, bitəndən sonra tərəziyə çıxmaq heç də xoş hisslər yaşatmır.
Ancaq buna görə narahat olmayın. Çünki tərəzidə gördüyünüz rəqəmlər sizin həqiqi çəkinizi əks etdirmir.
Tətil günlərində bayramdan qalma yeməkləri, şəkərbura, paxlava kimi şirniyyatları yediyimiz üçün bunlar bədəndə olan artıq kalorilərdir. Həmin bu artıq kaloriləri bədəndən atmaq üçün 3 gün ərzində yediklərinizə diqqət etməlisiniz.
Bayramlardan sonra artıq normal qidalanmağa başlamağa qərar vermisinizsə, növbəti gün mütləq ciddi bir rejim tətbiq etməlisiniz.
Lent.az kiçik araşdırma edərək bayramda aldığınız artıq çəkiləri atmağınız üçün sizə qısa müddətlik diyetanı təqdim edir:
Belə ki, normal saatlarda səhər yeməyinizi etməlisiniz. Səhər yeməyinizdə pendir, yoqurt yeməyiniz, daha sonra isə üstündən bir fincan kofe içməyiniz məsləhətdir.
12:00-13:00 arasında nahar etməyiniz və bu zaman istənilən sayda xiyar, 2 qalın dilim pendir ( növü fərq eləmir ) istehlak oluna bilər.
Axşam yeməyinizi saat 17:00-dan gec olmamaqla, yoqurtla çay və kəsmiklə bir dilim çörəyi yeməyiniz məsləhətdir.
Bunlarla yanaşı, bacardığınız qədər su da için.
Günün sonunda özünüzdə aclıq və fiziki yorğunluq hiss edəcəksiniz, amma bir müddətlik bu diyetanı tətbiq etmək sizi əvvəlki formanıza qaytaracaq. Gün ərzində çox acsanız sorma konfetlərdən istifadə edə bilərsiniz.